Prezident Münxendə: regional və beynəlxalq təhlükəsizliyin aktual problemləri – Newtimes.az
Məlum olduğu kimi, Almaniyanın Münxen şəhərində təhlükəsizliklə bağlı ənənəvi beynəlxalq konfrans keçirilib. Həmin mötəbər tədbirdə dünyanın yüksək səviyyəli siyasətçiləri iştirak ediblər.
Azərbaycanın dövlət başçısı İlham Əliyev də konfransın aktiv iştirakçılarından olub. Prezident tədbirdə çıxış edib. Onun söylədiyi fikirlər iştirakçıların böyük marağına səbəb olub. Ölkə rəhbərinə xeyli suallar ünvanlanıb. İlham Əliyev dəqiq və məntiqli cavabları ilə auditoriyanın diqqətini cəlb edib. Hətta Ermənistan XİN əməkdaşının təxribat xarakterli sualına çox təmkinli və tutarlı cavab verən İlham Əliyev Azərbaycanın mövqeyini bir daha tam şəkildə ortaya qoyub. Münxendə Azərbaycan rəhbəri regional və qlobal təhlükəsizliyin vacib və aktual problemləri arasında olan əlaqələri inandırıcı şəkildə konfrans iştirakçılarına çatdırıb. Beynəlxalq aləmin bu kimi məsələlərə çox ciddi yanaşması zamanının yetişdiyi açıq görünür.
Münaqişələrin ədalətli həlli: təhlükəsizliyin real qarantı
Hər il keçirilən və dünyada təhlükəsizlik məsələlərinə həsr edilmiş mötəbər tədbirlərdən sayılan Münxen təhlükəsizlik konfransında Prezident İlham Əliyevin aktiv iştirakı maraq doğurub. İlham Əliyev həm söylədiyi nitqdə, həm də verilən suallara cavabında son dərəcə inamlı və ədalətli mövqe nümayiş etdirib. Azərbaycan rəhbərinin qlobal və regional təhlükəsizliyin mühüm cəhətlərinə toxunmasını ekspertlər xüsusi qeyd edirlər.
Münxen təhlükəsizlik konfransı çərçivəsində "Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi" mövzusunda "dəyirmi masa"da ölkə rəhbərinə aparıcının (o, "The New York Times" qəzetinin baş müxbiri Deyvid Sanger idi) böyük diqqət yetirməsi iştirakçıların nəzərindən qaçmayıb.
Çünki Prezident İlham Əliyev ona ünvanlanan suallara tutarlı və əhatəli cavabları ilə uzaqgörən, qətiyyətli siyasətçi mövqeyi sərgiləyib (bax: Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyinə dair "dəyirmi masa" da iştirak edib / AZƏRTAC, 12 fevral 2016).
Azərbaycanın dövlət başçısı qlobal miqyasda təhlükəsizliyin təmin edilməsində regional münaqişələrin həllinin vacibliyini vurğulayıb. Bunun üçün beynəlxalq hüquq normalarının işlək olması mühüm şərtdir. Lakin, təəssüf ki, Ermənistanın timsalında həmin normaların kobud şəkildə pozulduğunu və buna laqeyd yanaşıldığını da vurğulamaq lazım gəlir.
Belə ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması zərurəti haqqında sənədlər qəbul etməsinə baxmayaraq, İrəvan işğalçılıq siyasətini davam etdirir. Onun bu hərəkətinə qarşı isə nə beynəlxalq təşkilatlar, nə də ATƏT-in Minsk qrupu tərəfindən real addımlar atılmır. Bütün bunların nəticəsi kimi Cənubi Qafqazda sülhə nail olmaq mümkün olmur. Prezident İlham Əliyev konfrans çərçivəsində ifadə etdiyi fikirlərlə sübut etdi ki, regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir (bax: Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji təhlükəsizliyi mövzusunda panel-müzakirədə iştirak edib / AZƏRTAC, 14 fevral 2016).
Dövlət başçısı Ermənistanın xarici siyasətinin reallığın tələblərinə cavab verməməsi səbəbindən münaqişənin həllinin dalana dirəndiyini açıq deyib. Ölkə rəhbəri İrəvanın "status-kvo"nun dəyişilməz olaraq qalmasına çalışdığını xüsusi vurğulayıb. Bu fikrin dərin siyasi mənası vardır.
Məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi uzun illərdir ki, münaqişənin həlli ilə bağlı verilən bütün konstruktiv təkliflərin müxtəlif bəhanələrlə həyata keçməsinə mane olur. Onun əsas qorxusu indi mövcud olan "status-kvo"nun dəyişməsidir. Çünki belə olan halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və işğalçı qoşunlarını buradan çıxarmalıdır. Prezident İlham Əliyev bu məsələni Münxen konfransında bir daha diqqətə çatdırmaqla əsl günahkarın kim olduğunu göstərir. Bəzi hallarda beynəlxalq təşkilatlar və böyük dövlətlər rəsmi İrəvanın yalan təbliğatını doğru kimi qəbul edərək, təcavüzkarı müdafiə edirlər. Ölkə rəhbəri bunun yolverilməz olduğunu ifadə edir.
Belə ikili standartların bütövlükdə dünya üçün ciddi təhlükə törədə biləcəyi Prezidentin çıxışının məntiqindən aydın görünür. Həmin kontekstdə İlham Əliyevin İŞİD təhlükəsi ilə Ermənistanın regionda yaratdığı təhlükə arasında paralellik aparması tamamilə reallığı əks etdirir. Onu deyək ki, həmişə olduğu kimi, Münxen konfransında da ermənilər diqqəti yayındırmaq və çaşqınlıq yaratmaq üçün təxribat xarakterli suallar veriblər.
Təcavüzkara cavab: regionu xaosa sürükləyən işğalçılıqdır
Müzakirələr zamanı Ermənistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi dolaşıq şəkildə Azərbaycanın Ermənistanı Araz çayını çirkləndirməkdə və digər ciddi siyasi məsələlərə görə ittiham etməsinin, əslində, rəsmi Bakının ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq cəhdi olmasını aşılayan sual ünvanlayıb. Ölkə başçısı çox dəqiq və lakonik cavab verib: "Biz Ermənistanı işğala görə qınayırıq" (bax: əvvəlki mənbəyə). Qeyd olunan məsələ ilə bağlı isə Ermənistanı beynəlxalq təşkilatlar günahlandırır.
Bununla Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, rəsmi Bakı heç kəsdən çəkinmir və xarici siyasətində tam qətiyyətlidir. Azərbaycan birbaşa işğalçının kimliyini deyir və ondan zəbt etdiyi ərazilərdən çəkilməsini tələb edir. Budur, Azərbaycanın Ermənistanı günahlandırdığı əsas məsələ. Bundan başqa, Azərbaycan daxili siyasətini özü müstəqil müəyyənləşdirir və ölkənin inkişafı göz qabağındadır.
Təsadüfi deyil ki, bölgənin lider dövləti Azərbaycandır. Bunu real göstəricilər sübut edir. Azərbaycan beynəlxalq layihələrin aktiv iştirakçısı və bir sıra böyük proqramların təşəbbüskarıdırsa, Ermənistan bu prosesdən tamamilə kənarda qalıb. İndi də Bakının konkret inkişaf layihələri vardır.
Həmin kontekstdə ölkə başçısı enerji təhlükəsizliyinə həsr edilmiş "dəyirmi masa"da vurğulayıb ki, "...biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalmışdır. Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir" (bax: əvvəlki mənbəyə).
Aparılan islahatların və iqtisadi sahədə həyata keçirilən diversifikasiya siyasətinin nəticəsidir ki, Azərbaycanın xaricdən maliyyə yardımına ehtiyacı yoxdur (Ermənistan isə hər il pul dilənir). Bakı qarşısına çıxan bütün problemləri daxili imkanları hesabına həll edə bilir. Bu proses davam etdiriləcək və Azərbaycanın neft gəlirlərindən asılılığı tamamilə aradan qaldırılacaq. Onu vurğulayaq ki, bu fikirlər müzakirələrin getdiyi auditoriyada böyük marağa səbəb olub.
Bunlardan iki mühüm nəticə çıxarmaq olar. Birincisi, Prezident sübut edib ki, Azərbaycan oturuşmuş, inkişaf üfüqlərini tam aydınlaşdırmış və beynəlxalq nüfuzu olan dövlətdir. İkincisi, "Azərbaycanın gələcək inkişafı neftin qiymətindən asılı olmayacaq" (İlham Əliyev). Bəs Ermənistan dövlət olaraq hansı işlərlə məşğuldur?
O, qonşu dövlətin ərazisinin bir hissəsini kənardan edilən kömək hesabına işğalda saxlayır, regionun ekologiyasını yararsız hala salır və hətta Sərsəng su anbarından dinc insanlara su verilməsini əngəlləyir. Belə xisləti olan ölkədə hansı inkişafdan söhbət gedə bilər?
Bununla Prezident İlham Əliyev Azərbaycan tərəfinin prinsipial mövqeyini bir daha diqqətə çatdırıb. Azərbaycan Prezidenti dünya siyasətçiləri, ekspertləri, alim və diplomatlarına bir daha Cənubi Qafqazda mövcud olan real vəziyyəti dolğun ifadə edib. İndi müxtəlif səviyyələrdə Qafqazda geosiyasi risklərin artdığı haqqında fikirlər səsləndirilir. Bunun səbəblərini İlham Əliyev aydın və dəqiq şəkildə göstərir. Doğrudan da, beynəlxalq ictimaiyyətin qəti hərəkət etməsi zamanıdır.
Bu olmasa, bizim regionda da çox gərgin vəziyyət yarana bilər. Onda problemləri həll etmək gec olacaq. Bəlkə də uzun illər onların məngənəsindən qurtulmaq şansı yaranmayacaq. Çünki bir tərəfdən böyük dövlətlərin toqquşan maraqları, digər tərəfdən də ikili standartlar və Ermənistanın qeyri-konstruktiv mövqeyi ədalətli yanaşma imkanlarını sıfıra endirə bilər.
Bunlar onu göstərir ki, Prezident İlham Əliyevin Münxen təhlükəsizlik konfransında söylədiyi fikirlər, apardığı təhlillər və verdiyi proqnozlar reallıqda bütün dünyanın marağına cavab verir. Azərbaycan rəhbəri həm də xəbərdarlıq edərək bu gün Cənubi Qafqazdakı real vəziyyətin obyektiv qiymətləndirilməməsinin sabah bütün dünya üçün ciddi geosiyasi və təhlükəsizlik problemləri yarada biləcəyini xüsusi vurğulayır. Qərarı beynəlxalq aləm verməlidir.
Newtimes.az