Gəncə şəhərində özünü yandıran sürücü ilə bağlı yeni faktlar açıqlanıb
Gəncə şəhərində sürücünün özünü yandırması faktının təfərrüatları açıqlanıb.
1news.az APA-ya istinadən xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, martın 24-də Göygöl rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədəliyev Nəzər Tofiq oğlunun özünü yandırması faktına görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, martın 24-də saat 21:30 radələrində N. Məmmədəliyev idarə etdiyi “VAZ-2102” markalı 22 BB 116 dövlət qeydiyyat nişanlı avtomobili ilə "dayanma, keçmə qadağandır" yol nişanının tələbini pozduğuna görə Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
N. Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib.
Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb. Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə dərhal yanğın söndürülüb və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.