Fərəc Quliyev: “Azərbaycan ən kritik nöqtələri keçdi” – VİDEO
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın “Ortaq məxrəc” verilişində qonaq olub.
1news.az-ın məlumatına görə, “Dağlıq Qarabağ: 2016-cı ilin proqnozları” mövzusuna həsr edilmiş verilişdə dünya siyasətində Qarabağ probleminin tutduğu yerlə bağlı fikirlərini bölüşən millət vəkili hazırda çevik siyasətin yürüdülməsinin vacibliyindən danışıb:
“Hesab edirəm ki, Azərbaycan ən kritik nöqtələri keçdi. 2015-ci il Azərbaycan üçün çox ağır il oldu. Lakin tənəzzül dövrü bitdi və bundan sonra Azərbaycan üçün Qarabağ məsələsində inkişaf dövrü başlayacaq”.
Azərbaycanın müttəfiqlərinin və mövqeyinin gücləndiyini vurğulayan partiya sədrinin sözlərinə görə, əslində Qarabağ probleminin həlli üçün dünya siyasətində maraqların təmin olunması şəraitini qurmaq lazımdır.
F.Quliyev hərbi gücümüzü də analiz edərək, 2016-cı ildə Azərbaycanın ciddi uğurlara imza atacağına inandığnı bildirib. Qeyd edib ki, əgər BMT özünə hörmət edib verdiyi qərarlara uyğun olaraq Ermənistana sanksiyalar tətbiq etsəydi, problem çoxdan öz həllini tapmışdı. Bunlardan əlavə partiya sədri digər beynəlxalq qurumların məsələyə yanaşmasını və bununla bağlı özünün verdiyi təkliflərin izahını verib.
Rusiya-Ermənistan münasibətlərinə toxunan F.Quliyev Rusiyanın hərbi-strateji müttəfiqlərinə qarşı bu günə qədər daim yürütdüyü oxşar siyasətlərin izahını verərək, Ermənistanın da zamanı gələndə arxasından çəkiləcəyi qənaətində olduğunu bildirib.
Bütün bu və digər bu kimi məsələlərlə bağlı F.Quliyevin həmin verilişdə etdiyi açıqlamalar və verdiyi proqnnozların vidosunu təqdim edirik:
1news.az