Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın vitse-prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ilə görüşüb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə,Co Bayden Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirdi.
O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.
ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirdi. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını dedi, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirdi. Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğuladı. Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirdi, bu münaqişənin həll olunmasının vacibliyini vurğuladı.
Dövlətimizin başçısı həmsədr ölkə kimi ABŞ-ın Prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğuladı.
Söhbət zamanı tərəflər ölkələrimiz arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər.
Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edirdi.
1news.az