TƏCİLİ: Azərbaycan SQ münaqişə ərazisindəki bir sıra strateji yüksəkliklərə nəzarəti ələ keçiriblər
1news.az-ın etibarlı hərbi mənbələrə istinadla verdiyi xəbərə görə, şənbə günü – aprelin 2-də Azərbaycan Silahlı Qüvvələri (SQ) Dağlıq Qarabağın münaqişə ərazisindəki bir sıra strateji yüksəkliklərə nəzarəti ələ keçiriblər.
Xatırladaq ki, daha əvvəl Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın bir sıra yaşayış məntəqələri atəşə məruz qalıb.
“Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb”, - Müdafiə Nazirliyinin məlumatında qeyd edilir. Lakin xəsarət alanların olub-olmadığı hələ ki, məlum deyil.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Müdafiə Nazirliyi bəyan edib ki, cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır.
Bundan əlavə, Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
“Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir”, - deyə, nazirliyin rəsmi saytında qeyd olunub.
Mövzu ilə əlaqdar oxuyun:
Müdafiə Nazirliyi: Azərbaycana məxsus helikopterin vurulması barədə məlumatlar yalandır
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub
1news.az