KİV: Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağa artilleriya-raket briqadası və hərbi aviasiya göndərib - VİDEO
Erməni separatçıları bir daha təsdiq etdilər ki, Dağlıq Qarabağ qondarma separat rejimin nəzarəti altında deyil, məhz Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altındadır.
Bu haqda qondarma "DQR müdafiə ordusunun" ( Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejim) informasiya mənbələrindən birində deyilib.
"DQR-in müdafiə gücünü artırmaq üçün Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağa raket-artilleriya briqadası köçürüb",- Times.am saytında verilən məlumata video əlavə olunub.
Sayt onu da bildirib ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağa döyüş texnikası və hərbi aviasiya da göndərib.
Qeyd edək ki, rəsmi Ermənistan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərində erməni silahlı qüvvələrinin olmadığını, ərazinin hansısa "DQR müdafiə ordusunun" nəzarəti altında olduğunu söyləyib. Halbuki ,Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyətə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu, erməni hərbiçilərin burada qulluq etdiklərini və hərbi texnikasının yerləşdiridiyini sübut edib.