Nazim İbrahimov: “Dünya ictimaiyyətinin baş verənlər barədə məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik”
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlar Azərbaycan xalqının hər bir nümayəndəsi kimi, xaricdə yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub.
1news.az-ın verdiyi xəbərə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan diaspor təşkilatları Avropada, Amerikada, MDB məkanında, ümumiyyətlə dünyanın müxtəlif ölkələrində bununla bağlı etiraz aksiyaları, məlumatlandırma kampaniyaları təşkil edirlər.
“Beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərilir. Dünya ictimaiyyətinin baş verənlər barədə dolğun və obyektiv məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək.
Hesab edirik ki, bu tarixi məqamda harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz milli-mənəvi məsuliyyətini dərindən dərk edir. Dünya, Azərbaycan xalqının nə qədər güclü və həmrəy bir xalq olduğunu bir daha görəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünya bilməlidir ki, Azərbaycan xalqı bu haqsızlıqla, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq.
Xaricdə yaşayan soydaşlarımıza səslənən N.İbrahimov onları Vətən naminə bütün imkanlarını səfərbər etməyə çağırıb:
“Bir daha üzümüzü xaricdə yaşayan həmvətənlərimizə tutaraq bu çətin və şərəfli tarixi məqamda öz doğma Vətəni naminə bütün imkanlarını səfərbər etməyə çağırırıq. Bu elə bir tarixi andır ki, biz hər birimiz Azərbaycan Prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı ətrafında daha sıx biləşməliyik.
Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi “Fəxr edirəm ki, azərbaycanlıyam” fikri hər bir azərbaycanlını öz Vətəninə, torpağına bağlayan bir ideyadır, hər bir vətənpərvər soydaşımızın həyat fəlsəfəsidir. Bu tarixi anda elə etməliyik ki, yaddaşımıza hopmuş bu dərin mənalı sözləri söyləməyə hər zaman mənəvi haqqımız olsun”.
1news.az