Millət vəkili: “Ermənistana təzyiqlər edilməyəcəksə, Azərbaycan öz torpaqlarını güc yolu ilə qaytaracaq”
“Azərbaycanın cəbhədə qazandığı uğurlarda təəccüblü heç nə yoxdur. Cənab Prezidentin də çıxışı zamanı dediyi kimi erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin.
1news.az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.
“İşğalçı ordu nə qədər ki Azərbaycan torpağındadır, ağır zərbələr alacaq”- deyən millət vəkili bildirib ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər müharibənin aktiv fazaya keçməsini istəmirlərdə həlledici tədbirlər görməlidirlər:
“20 faiz torpağı işğal altında qalan hansı ölkə susar?! 20 ildən çoxdur ki, susuruq. Artıq yetər! Beynəlxalq güclər münaqişəni dinc yolla həll etmək istəyirlərsə, buyursunlar, etsinlər amma bacarmırlarsa, o zaman Azərbaycan beynəlxalq konvensiyalara əsasən işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edə bilər.
BMT-nin 4 qətnaməsi var, amma bu qətnamələrə əməl olunmur. BMT nizamnaməsində də göstərildiyi kimi qəbul edilən qətnamələrə əməl olunmursa, o zaman əməl etməyən tərəfə sanksiyalar tətbiq olunmalıdır. Təəssüf ki, bu edilmir. Son hadisələr də bir daha göstərdi ki, Azərbaycanın səbri də bir yerə qədərdir. Azərbaycan bütün çağırışlara hörmətlə yanaşır, amma Ermənistana təzyiqlər edilməyəcəksə öz torpaqlarını güc yolu ilə qaytaracaq”.
F.Quliyevin sözlərinə görə, son uğurlar bir daha sübut etdi ki, ordumuz istənilən tapşırığı tez və dəqiq yerinə yetirməyə qadirdir:
“Azərbaycanın oturuşmuş güclü ordusu, müasir hərbi texnikası cəmi 2 saata erməni müdafiə xəttini darmadağın etdi. Azərbaycanda ölkə başçısı başda olmaqla güclü siyasi iradə, qüdrətli ordu var. Beynəlxalq qanunlar da bizim tərəfimizdədir. Biz hər birimiz müsəlləh əsgərik və Ali Baş Komandanın döyüş əmrinə hazırıq”.
Millət vəkili xüsusilə vurğulayıb ki, heç bir kənar dövlət Azərbaycanın haqq işinə müdaxilə edə bilməz:
“Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat apara bilər və aparır. Torpaqlarımızdan işğalçı ordunu çıxarırıq. Dağlıq Qarabağda olan ermənilərə belə Azərbaycan tərəfi konstitutsiya çərçivəsində hüquqlarını qoruma zəmanəti verir. Azərbaycan Ermənistan kimi monoetnik dövlət deyil. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinə bərabərhüquqlu yanaşma mövcuddur. Kənar müdaxilə olarsa, düşmənin böyük və kiçikliyindən asılı olmayaraq iqtidarlı, müxalifətli, qocalı, cavanlı hər kəs onun qarşısında dayanacaq”.
1news.az