Latviyanın keçmiş prezidenti Valdis Zatlers prezident İlham Əliyevə məktub ünvanlayıb
Latviyanın Prezidenti (2007-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers prezident İlham Əliyevə məktub ünvanlayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda bildirilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsıldım.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığı verir və vəziyyətlə əlaqədar dərin narahatlığımı ifadə edirəm. İnanıram ki, Siz dərhal atəşkəsə nail olmaq üçün bütün diplomatik kanallardan istifadə edəcək və vəziyyətdən yararlanaraq bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son və davamlı həlli üçün danışıqlara başlayacaqsınız.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək arzusundadırlar. Bu məsələdə Sizi dəstəkləməyə hazıram.
Cənab Prezident, Sizə olan rəğbətimlə yanaşı, dərin hörmətimi də qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Valdis Zatlers
Latviyanın Prezidenti (2007-2011)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü"