Kürd icması: “Biz, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyirik”
“Aprelin 2-də erməni hərbi dəstələri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində müxtəlif istiqamətlərdə cəbhə xəttini keçərək, növbəti təxribat əməllərinə rəvac vermişdir”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözlər “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaydığı bəyanatda qeyd olunur.
Bəyanatı diqqətinizə çatdırırıq:
“Silahlı Qüvvələrimizin sayıqlığı nəticəsində təxribatın qarşısı alınmış və düşmənə sarsıdıcı zərbə vurulmuşdur. Ordumuz təmas xətti boyunca şimaldan cənuba bir neçə strateji əhəmiyyətli yüksəkliyi düşməndən azad etmişdir. Erməni tərəfi aralarında yüksək rütbəli zabitlər olmaqla yüzlərlə canlı qüvvə, onlarla hərbi texnika itirmişdir. Düşmən itkilərini öz xalqından gizlədərək, cəbhəboyu ərazilərdə yerləşən kənd və qəsəbələrimizə ağır silahlardan atəş açmış, mülki əhali arasında günahsız insanların ölümünə səbəb olmuş, yüzlərlə yaşayış evinə və infrastruktura ciddi ziyan dəymişdir.
Aprelin 5-də tərəflərin razılığı ilə atəş dayandırılmışdır. Silahlı Qüvvələrimiz düşməndən azad etdikləri mövqelərdə möhkəmləndirmə işlərini davam etdirir.
Ermənistanın dünyaya yaydığı dezinformasiyanın əksinə olaraq, Azərbaycan xalqında və ordusunda yüksək qələbə ruhu vardır. Minlərlə gənc, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, paytaxt Bakıda, bölgələrdə toplaşaraq Vətən uğrunda döyüşüb şəhid olmağa hazır olduqlarını bildirir, bir çox hallarda Qarabağa - cəbhə bölgəsinə yürüş edirlər. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də monolit birlik nümayiş etdirərək öz Prezidentinin ətrafında yumruq kimi birləşmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən “Ronahi” Kürd Mədəniyyət Mərkəzi, ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə qəti etirazını bildirir. Biz bu işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edirik. Tarixin müxtəlif dönəmlərində olduğu kimi, 20-ci əsrin sonlarında da erməni cəlladları azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və kütləvi qətliamlar zamanı kürdlərə qarşı da xüsusi amansızlıq göstərmiş, yaşayış məskənlərini məhv etmiş, onları yaşadıqları doğma ata-baba yurdlarından didərgin salmışlar.
Biz, Azərbaycanda yaşayan kürdlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğumuzu bir daha bəyan edirik”.
1news.az