Təmirdən sonra Bakıda mərkəzi yollardan biri istifadəyə verilib – FOTO – VİDEO
Bakının Nizami rayonundakı Bəkir Çobanzadə küçəsi təmir və rekonstruksiya işlərindən sonra istifadəyə verilirib.
1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir.
Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib.
Ümumilikdə 2 qat olmaqla 11 min m2 sahə asfaltlanıb. Küçə boyu 1600 p/m yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq asfaltlanıb.
Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə sözügedən hissədə 3 xüsusi “cib”li dayanacaq tikilib. “Cib”lərin uzunluğu 15 metr, eni isə 3,5 metrdir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, növbəti mərhələdə küçənin Babək prospektinə qədər olan hissəsinin də təmir edilməsi nəzərdə tutulub.
1news.az