Azərbaycan nümayəndə heyətinin başçısı Ermənistan tərəfini erməni generallarına istinadla susdurdu
Aprelin 15-dən 18-dək Milli Məclisin vitse-spikeri, ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla deputat qrupu Almaniyanın Lansvayler şəhərində ATƏT PA-nın “ATƏT-in münaqişələrin dayandırılmasına yönəlmiş tədbirlərinə ATƏT PA-nın və onun üzvlərinin töhfə vermək imkanları – həlli uzanan münaqişələrə xüsusi diqqət” mövzusunda seminarda iştirak edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, gözlənildiyi kimi, Ermənistan tərəfi bu nüfuzlu meydandan Azərbaycan tərəfinin dəfələrlə nokaut etdiyi erməni təbliğatının tezislərini səsləndirməyə çalışıb. Ermənistan nümayəndə heyəti Azərbaycanı özünə qarşı “təcavüzdə” ittiham edib. Dağlıq Qarabağın, ümumiyyətlə, elə Azərbaycan olduğunu nəzərə alaraq, özünə hücum etmək barədə ittiham xüsusilə absurd görünür.
Söz alan Bahar Muradova Yerevanın bu cür cəfəng ittihamını ifşa edib, bu ölkənin müdafiə nazirinin müavini David Tanoyanın fevral bəyanatında ağzından qaçırdığı Ermənistan silahlı qüvvələri baş qərargahının əsl məqsədlərinin üstünü açıb. Xatırladaq ki, başıbəlalı erməni döyüşçünün ehtiyatsız etirafı onun ordusunun tezliklə yeni konseptual hərbi doktrinaya keçməsi zərurəti təşkil edirdi. Ermənistanın hərbi quruculuqda Azərbaycandan ciddi şəkildə geri qalmasının dərk edilməsindən qaynaqlanan bu doktrina işğalın dağətəyi zonasının şərqə tərəf mümkün qədər genişləndirilməsini və Azərbaycan qüvvələrinin təmas xəttinə toplanmasına cüzi şübhə olarsa, preventiv zərbələr endirməyi nəzərdə tutur. Klassik hərb elmində bu cür taktika “qarşısını almaq” (deterrence) adlanır və hətta burada da erməni “napaleonları” orijinal olmayıb, öz planlarına heç olmasa öz adlarını qoymaq barədə düşünməyiblər.
Bahar Muradova seminar iştirakçılarına izah edib ki, Azərbaycan torpaqlarının işğal edilmiş zonasında hərbi əməliyyatların bu yaxınlarda alovlanması elə erməni generalitetinin bu yeni doktrinasının qabaqlayıcı zərbəsinin sınaqdan keçirilməsi idi. Sonra nə baş verdiyi hamıya yaxşı məlumdur – qəfil zərbə baş tutmadı, bunun əvəzində isə erməni dəstələri nəinki sərt müqavimətlə qarşılaşdı, həm də Azərbaycan Ordusunun məhdud kontingentinin sürətli əks-hücumundan qaçmağa üz tutdular.
Nümayəndə heyətinin başçısı seminar iştirakçılarının diqqətini bu fakta çatdırdı ki, Azərbaycan öz şanlı ordusunun nəyə qadir olduğunu nümayiş etdirəndən sonra dünyada münaqişənin sürətlə həll edilməsinin zəruriliyindən danışmağa başladılar.
İndiyədək isə yalnız söhbətlər və növbətçi bəyanatlar verilirdi, praktik müstəviyə keçməyə səy göstərilmirdi.
B.Muradova çıxışını yekunlaşdıraraq bildirib ki, yeni doktrinanın sınaqdan keçirilməsində məğlub olan erməni təbliğatı “B” planına keçdi. Bunun mahiyyəti Azərbaycanı guya atəşkəsi pozmaqda ittiham etməkdir. Bununla belə, Tanoyanın fevral bəyanatı tərəflərdən hansının hücuma gizlin hazırlaşdığını çox aydın göstərir.
1news.az