Müharibə veteranları Prezident İlham Əliyevə onlara göstərdiyi yüksək qayğıya görə minnətdarlıq edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 20-də imzaladığı “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam veteranlar tərəfindən sonsuz razılıq hissi ilə qarşılanıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ehtiyatda olan general-mayor Dadaş Rzayev bununla əlaqədar Respublika Veteranlar Təşkilatının rəyasət heyəti adından dövlətimizin başçısına təşəkkür məktubu ünvanlayıb.
Məktubda veteranlara yüksək diqqət və qayğının əsasının hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bildirilib. Müstəqilliyimizin bərpasından sonra xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin humanist siyasətinə sadiq qalaraq imzaladığı ilk sənədlərdən biri olan “Veteranlar haqqında” Qanunda bu qayğının hüquqi bazasının yaradıldığı və bu istiqamətdə dövlət siyasətinin əsasının qoyulduğu qeyd edilib.
Ulu Öndərin veteranlara göstərdiyi diqqət və qayğının bu gün dövlətimizin başçısı tərəfindən ardıcıllıqla yerinə yetirildiyi razılıq hissi ilə vurğulanıb: “Biz bunu Sizin 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barəsində imzaladığınız Sərəncamda da görürük”.
Məktubda Azərbaycan Prezidentinin imzaladığı bu sərəncamın Böyük Vətən müharibəsi iştirakçıları, ümumilikdə bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandığı diqqətə çatdırılıb.
“Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Veteranlar həmişə Sizinlədir”, - deyə məktubda qeyd olunub.
1news.az