Prezident İlham Əliyev Qətərin baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev aprelin 27-də Qətər Dövlətinin baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudu qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfərini, həmçinin bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində keçirdikləri görüşləri və aparılan müzakirələri məmnunluqla xatırladı.
Paytaxtımızda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Qətər Dövlətinin göstərdiyi diqqəti yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi, Forumda iştirakına görə Ahmed bin Abdullah Al Mahmuda təşəkkürünü bildirdi.
Ahmed bin Abdullah Al Mahmud Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Qətər Dövlətinin baş nazirinin müavini Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu zamanı göstərilən diqqətə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Ahmed bin Abdullah Al Mahmud ölkəmizin inkişafının, Bakının gözəlliyinin və paytaxtda planlı şəkildə həyata keçirilən abadlığın, eyni zamanda, insanların yüksək əhval-ruhiyyəsinin onda dərin təəssürat yaratdığını vurğuladı, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.
1news.az