Serj Sarkisyanın xisləti: Dağlıq Qarabağa icazəsiz səfər və böhtanlar - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Serj Sarkisyanın xisləti: Dağlıq Qarabağa icazəsiz səfər və böhtanlar - Newtimes.az

16:24 - 27 / 04 / 2016
Serj Sarkisyanın xisləti: Dağlıq Qarabağa icazəsiz səfər və böhtanlar - Newtimes.az

Mətbuat indi Ermənistana rəhbərlik edən Serj Sarkisyanın rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa gəlməsi və burada tədbirlər təşkil etməsi barədə geniş informasiyalar verib.

Belə görünür ki, bu erməni separatçısı dövlət başçısı səviyyəsinə yüksələ bilməyib. Hərb meydanında aldığı sarsıdıcı zərbədən sonra Ermənistanın qarışması və bir sıra siyasi qüvvələrin radikal fikirlər söyləməsi S.Sarkisyanı qorxudub. O, məğlubiyyətini ört-basdır etmək üçün uduzmuş əsgərlərini mükafatlandırıb. Özü də bunu hərbi paltar geyərək edib. Təbii ki, hətta ermənilərin ayıq olanları belə bu şounun əsl mahiyyətini dərk edirlər. Lakin düşündürücüsü odur ki, özünü münaqişənin həllində vasitəçi hesab edən böyük dövlətlərdən heç biri S.Sarkisyanın bu qanunsuz hərəkətlərinə reaksiya vermədi. Bu cür ədalətsiz davranışın fonunda münaqişənin həllinə nail olmaq mümkündürmü? Bizi bu sual çox düşündürür!

Beynəlxalq hüquqa hörmətsizlik: Sarkisyanın xisləti dəyişmir

Ermənistan prezidentinin keçmişinin separatçı və terrorçu olduğu məlumdur. Serj Sarkisyan Dağlıq Qarabağda azərbaycanlıların qətlə yetirilməsində birbaşa iştirak edib. Ancaq bu günə qədər bu adam ədalət mühakiməsi qarşısına çıxarılmayıb. Lakin xislətindəki cinayətkarlıq qətiyyən dəyişməyib. Ermənistan prezidenti seçilməsi də S.Sarkisyanı siyasətçi etmədi. Bunun ən son təsdiqlərindən biri onun rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa hərbi geyimdə və hərbi helikopterlə gəlməsi olub. Beynəlxalq qanunlara görə, S.Sarkisyan kobud surətdə qaydaları pozub.

O, bununla kifayətlənməyib, Azərbaycanın işğal edilmiş ərazisində yerləşdirilmiş Ermənistan ordusunun quldur əsgərlərini mükafatlandırıb. Bununla onların işğalçı olmalarından fəxr etdiyini bildirib. İşğalçı əsgərlər qarşısında çıxış edən S.Sarkisyan heç bir əsgəri etikaya uyğun olmayan formada azərbaycanlı xüsusi təyinatlılara şər-böhtan atıb. Erməni separatçısı Azərbaycan xüsusi təyinatlılarını hərbin qanunlarını pozmaqda ittiham edib.

Əvvəlcə, onu deyək ki, Xocalı soyqırımını törədənlərin hərbin qanunlarından danışmağa qətiyyən haqları yoxdur. Bütün dünya gördü ki, "erməni əsgəri" adlanan məxluqlar hansı vəhşilik və amansızlıqla qocaları, qadınları və uşaqları qətlə yetirirlər. Məhz həmin "əsgərlər" diri-diri adamları quyulara və tonqallara atıb məhv edir, bu zaman vəhşi təbəssümlərini gizlətmirdilər. Vəziyyət o dərəcədə qeyri-insani olub ki, ermənilərə yardım edən rus zabitlər bu cür davranışı götürə bilməyib, buna etiraz ediblər.

Elə son hadisələrdə də "erməni əsgəri" həlak olmuş azərbaycanlı əsgərlərin meyitlərini təhqir edib. Əgər Serj Sarkisyan bütün bunları gizlətməyə çalışıb, özlərinin törətdiklərini azərbaycanlıların üstünə atmağa cəhd edirsə, deməli, onun elementar düşüncəsi yoxdur. İnformasiya əsrində kifayət qədər dəlil-sübutun olduğu yerdə bu, yalnız sadəlövhlükdür. Bütün bunlar S.Sarkisyan və onun həmfikirləri Azərbaycan məhkəməsi qarşısında dayananda sübut olunacaq. İndi prezident adlanan şəxsin özünü necə müdafiə edəcəyini maraqla gözləyirik.

Əslində, S.Sarkisyanın Dağlıq Qarabağda erməni terrorçulara nə dediyi üzərində geniş dayanmamaq daha yaxşı olardı. Lakin indiki məqamda İrəvanın atdığı addımları dünya bilməlidir. Hətta Ermənistanın özündə yaşayan sadə ermənilər də onlara kimlərin rəhbərlik etdiyinin fərqinə varmalıdırlar. Çünki döyüş meydanında məğlub olmuş bir "ordu"nun əsgərlərinin "şücaətindən" və "qəhrəmanlığından" danışmaq ya psixoloji pozuntu, ya da öz hakimiyyətini qorumaq üçün ən mənfur yalanlara belə gedə bilmək əlamətidir. S.Sarkisyanın Ermənistanda iğtişaşların başlaması fonunda Azərbaycanın işğal edilmiş ərazisinə gəlməsi təsadüfi deyil.

Erməni ekspertlər hesab edirlər ki, S.Sarkisyana qarşı olan siyasi qüvvələr fəallaşmaqda davam edəcəklər. Hətta "Daşnaksütyun" hakimiyyət dəyişikliyi ehtimalından bəhs edib. Robert Koçaryanın və Levon Ter-Petrosyanın siyasi səhnədə daha aktiv mövqe tutmaq niyyətlərində olduqlarından danışırlar. Bunların fonunda hakim Respublika Partiyasının satqınlığını, səriştəsizliyini və ölkəni xarici qüvvələrdən tam asılı vəziyyətə saldığını vurğulayırlar.

Şübhə yoxdur ki, S.Sarkisyan bütün bu təzyiqlərdən yayınmaq və özünü təmizə çıxarmaq üçün hərbi geyimlə Azərbaycan rəhbərliyindən icazə almadan Dağlıq Qarabağa gəlib. Orada separatçılarla müşavirə keçirərək, bir daha sübut edib ki, Ermənistan qonşu dövlətin ərazisini zəbt edib və bunu rəsmi olaraq da gizlətmir. Bunlarla yanaşı, məsələnin başqa bir tərəfi də çox maraqlıdır.

Havadarlıq və vasitəçilik: həmsədrlərin ikili davranışı

Biz bütün bunların ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin gözləri qarşısında baş verdiyini nəzərdə tuturuq. Dünyanın böyük dövlətlərinin rəhbərlərinin bilgisi daxilində Serj Sarkisyan həmin qanun pozuntularını edir. Bəs nəyə görə ədalətdən danışan, vasitəçilikdən dəm vuran və tərəfləri daim sülhə çağıran həmin ölkələrin başçılarının etiraz səsi eşidilmir? Nəyə görə onlar S.Sarkisyana demirlər ki, atdığı addımlarla müharibəni təbliğ edir, terroru dəstəkləyir və qonşu dövlətin hüquqlarını pozur. Səddam Hüseyni, Müəmmər Qəddafini min cür bəhanə ilə məhv edənlər hansı səbəblərdən Ermənistanın cinayətkar prezidentini heç olmasa sözdə qınamırlar?

Bunların fonunda Azərbaycan onların vasitəçilik missiyasında səmimi olduqlarına necə inana bilər? Ümumiyyətlə, belə münasibət həmin ölkələrin doğrudan da münaqişəni həll etmək istədiyinimi göstərir? Suallar çoxdur, lakin aydındır ki, böyük dövlətlər səmimi davranmırlar. Əslində, onların heç biri münaqişənin ədalətli həllində maraqlı deyillər. Hətta müsəlman ölkələr sırasında Ermənistanı gizli müdafiə edən, "amandır, müharibə etməyin" deyənlər də vardır. Bu sözləri, səmimi olanlar, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə bərk səslə deməli və təcavüzkarın qarşısını almalı idilər. Halbuki onlar Suriyada müxalifətlə savaşmağa öz əsgərlərini göndərirlər.

Həmin dövlətlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlar keçirməsini narahatlıqla qarşılayırlar. Lakin başqa ölkə olan Suriyaya hərbi kontingent göndərir, dinc insanları bombalayır və hətta guya münaqişənin həlli istiqamətində çoxkombinasiyalı siyasət yeridirlər. Onlar hesab edirlər ki, bu davranışları ilə siyasi prosesləri riskə atmırlar, geniş bir məkanda xaos yaratmırlar. Ancaq Azərbaycan 20 ildən çoxdur ki, işğal altında olan ərazisini hərbi əməliyyatlarla azad etməyə başlasa, aləm bir-birinə qarışacaq, ölkələr müharibəyə qatılacaq.

Sual olunur, nəyə görə? Hansı səbəblərdən Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün cırtdan bir ölkənin əsgərlərini öz doğma ərazisindən qovmağa yönəlmiş hərbi addımları böyük müharibəyə səbəb olur? Deməli, əsl həqiqət ondan ibarətdir ki, məhz həmin böyük dövlətlər müsəlman Azərbaycanın ərazisinin bütöv olmasını istəmirlər. Bunun üçün min cür hiyləyə əl atır, maneələr törədir və paralel olaraq təcavüzkar Ermənistana yardım edirlər. Özü də bütün sahələrdə – siyasi, hərbi, diplomatik, iqtisadi, informasiya və s.!

Bu kimi səbəblərdən heç bir gücü və şərəfi olmayan separatçı Serj Sarkisyan kimiləri prezident olur, hərbi paltar geyir və işğal etdiyi əraziyə əl-qolunu sallayaraq gəlir. Əks halda, onu Dağlıq Qarabağda həbs etmək Azərbaycan üçün çox asan bir əməliyyat olardı. Erməni lider kölgəsinə sığındığı ədalətsiz böyük dövlətlərin qayğısı və birbaşa mənəvi dəstəyi ilə belə təxribatçı addımlar atır, beynəlxalq hüququn normalarını kobudcasına pozur. Onun söylədikləri hər şey boş və əhəmiyyətsiz məsələlərdir. Əsas olanı Ermənistana ağalıq edənlərin bağlı qapılar arxasında rəsmi İrəvana hansı göstərişləri verməsidir.

Özlüyündə bir erməni separatçısının Azərbaycanın işğal altında olan torpaqlarına icazəsiz gəlişi yeni hadisə deyil və bu mənada onun elə bir əhəmiyyəti yoxdur. Ancaq bunun növbəti dəfə təkrar olunması və Azərbaycanı hərbi əməliyyatdan çəkindirmək üçün bəzi dairələrin dəridən-qabıqdan çıxması fonunda baş verməsi meydana təkrar-təkrar suallar çıxarır. Böyük ölkələrin münaqişənin həlli ilə məşğul olduğunu deyən yüksək rütbəli diplomatları, görəsən, S.Sarkisyana etdiyi qələtləri deyirlərmi? Çətin ki, desinlər. Çünki onu bu səviyyəyə çatdıran məhz özləridir.

Bunlarla yanaşı, başqa bir reallığı da heç kəs unutmasın. Azərbaycanın öz torpaqlarını azad etmək haqqı Tanrıdandır. Bu haqqı Azərbaycan xalqının əlindən kimsə ala bilməz. Dünyanın ən güclü dövləti belə Tanrının iradəsinə qarşı tab gətirə bilməz. Bu səbəbdən, indi haqsızın yanında yer alanlar da nə vaxtsa cavab verməli olacaqlar. Burada olmasa da, haqqın dərgahında!

Newtimes.az

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər