“Heydər Əliyev: Lider və onun dövrü” kitabı Yunanıstanda – FOTO
Ötən həftə Yunanstanın paytaxtı Afina şəhərində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmmüəllifi olduğu “Görkəmli adamların həyatı” (JZL) seriyasından “Heydər Əliyev” kitabının yunan dilinə nəşr olunmuş variantının təntənəli şəkildə təqdimatı keçirilib.
Qeyd edək ki, kitabın təqdimat mərasiminin keçirildiyi dövlət sarayının qarşısında hər il 24 apreldə qondarma “erməni soyqrımı”nın ildönümünü qeyd edən Afinadakı erməni diasporunun nümayəndələri bir neçə dəqiqə hay-küy salaraq etiraz aksiyası keçirməyə cəhd edib və qısa müddətdən sonra oradan uzaqlaşdırılıblar.
“Heydər Əliyev: Lider və onun dövrü” kitabının təqdimat mərasimində isə 300-dən yuxarı Yunanıstan ictimaiyyətinin görkəmli adamları, ictimai xadimləri, parlament deputatları və ölkədəki diplomatik korpuslarin nümayəndələri iştirak ediblər.
2006-cı ildə işıq üzü görən kitabı Azərbaycanın Yunanıstandakı səfirliyinin və Azərbaycan-Yunanstan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Dimitris Patelis və Panayota Materi (ər-arvad) tərəfindən rus dilindən yunan dilinə tərcümə edilib.
“Heydər Əliyev: Lider və onun dövrü”adı ilə Afinanın “Enalios” Nəşriyyat Evi tərəfindən nəfis şəkildə və yüksək poliqrfik tərtibatla çap olunmuş kitabın tədimat mərasimini giriş sözü ilə Azərbaycan Respublikasının Yunanstandakı səfiri Rəhman Mustafayev açıb. O, qeyd edib ki, “Heydər Əliyev: Lider və onun dövrü” adlı kitabın yunan dilində ərsəyə gəlməsi iki xalq arasında dosluğun nümunəsi olmaqla yanaşı, həm də ölkəmizin sülhsevər siyasətinin xarici ölkələrdə təbliğ etdirilməsidir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos, bu ölkənin Azərbaycandakı ilk səfiri Karolos Qadis, Harvard və Tessaliya universitetlərinin qonaq professoru Nikos Kiriazis çıxış edərək təqdim olunan kitabın məna yükü və məziyyətləri haqqında danışıblar.
Azərbaycandan iştirak edən nümayəndələrimiz kitabın yunan dilində nəşrini Heydər Əliyevin anadan olmasının 93 illiyinə böyük töhfə adlandırıb, görkəmli siyasi xadimin rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmasından, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın genişləndirilməsi, xalqın rifahının daha da yaxşılaşdırılması üçün fədakarlıqlarından ətraflı söhbət açıblar.
Kitabın müəllifi, deputat H.Mirələmov çıxış edərək təqdimat mərasiminin təşkilatçılarına, tərcüməçilərə, Azərbaycanın Yunanstandakı səfirinə, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbliyə, Afinanın “Enalios” Nəşriyyat Evinin əməkdaşlarına dərin minnətdarlığını və etiramını bildirib. O, qeyd edib ki, dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı və təkrarsızlığı ilə diqqəti daim cəlb edəcək.
Afinada keçirilən təqdmat mərasimində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, daha sonra Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının gənc ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub.
Yeri gəlmişkən, qeyd edək ki, müəllifin “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabı dünyanın 38 dilinə tərcümə edilib. Heydər Əliyevin ruhu qarşısında azca da olsa, öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışan H.Mirələmov “Heydər Əliyev” kitabından başqa “Amalın işığında”, “Həqiqət”, “Zəfər yolu”, “Millətin atası”, “İşığın izi ilə”, “Bir günəş var” kitablarımın da müəllifidir.
Prezident haqqında “İlham Əliyev” və Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyeva haqqında qələmə aldığı “Zərifə Əliyeva” monoqrafiyaları da Moskvada “JZL” seriyasında nəşr olunub.
Çoxsaylı yunan oxucularına avtoqraf verən müəllif bildirir ki, “Heydər Əliyev: Lider və onun dövrü” kitabı Yunanstanın ali məktəblərinə, dövlət xadimlərinə, parlament deputatlarına hədiyyə olunacaq.