Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” Xəzər qazının Avropaya çatdırılmasını real edir | 1news.az | Xəbərlər
Siyasət

Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” Xəzər qazının Avropaya çatdırılmasını real edir

23:30 - 29 / 04 / 2016
Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” Xəzər qazının Avropaya çatdırılmasını real edir

“Cənub Qaz Dəhlizi” Xəzər qazının Avropaya çatdırılmasını real edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Brüsseldə Avropa İqtisadi və Sosial Komitəsinin plenar iclasında deyib. O bildirib ki, “Cənub Qaz Dəhlizi” Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdıracaq hazırkı dövrün ən böyük tikinti layihələrindən biridir:

“Xəzər qazını Avropa bazarlarına gətirilməsi illərlə sadəcə müzakirələr və debatlar mövzusu idi. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyədə 10 milyard dollardan çox dəyəri olan müqavilələrin imzalanması və konkret tikinti işlərinin aparılması isə reallıqdır. Avropa Komissiyası 2020-ci ildə bu qazı qəbul etməyə hazırlaşır”.

M.Şevçoviç əlavə edib ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının (Aİ) qaz tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədi daşıyan, Avropa Komissiyasının prioritet enerji layihələrindən biridir. Layihə Xəzərdən çıxarılacaq 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

1news.az

 

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər