Xələf Xələfov BMT-nin ali komissarı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov BMT-nin ali komissarı ilə görüşüb

15:06 - 05 / 05 / 2016
Xələf Xələfov BMT-nin ali komissarı ilə görüşüb

Mayın 4-də Cenevrə şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Ra’ad Al Hussein arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan Respublikası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMTİHAK) arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyinə inam ifadə olunub.

Görüş zamanı X.Xələfov BMTİHAK-ın bütün dünyada insan hüquqlarının təşviqi və qorunması sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib və ölkəmizin BMT-nin insan hüquqları sisteminin bütün mexanizmləri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini ifadə edib.

Nazir müavini, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqinin ölkə başçısının birbaşa qayğısı və nəzarəti altında həyata keçirildiyini nəzərə çatdırıb.

Ölkədə insan hüquqlarının bütünlüklə təmin olunmasında Ermənistan-Azərbaycan münaqişəsinin əngəl təşkil etdiyi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdıran X.Xələfov azərbaycanlı qaçqın və məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtma hüququnun təmin olunması istiqamətində beynəlxalq səylərin artırılmasının zəruriliyini vurğulayıb.

2016-cı ilin aprel ayının əvvəlindən başlayaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutduğu, xeyli sayda azərbaycanlı mülki əhalinin öldürüldüyü və yaralandığı, çoxsaylı mülki bina, məktəb və digər sosial obyektlərin dağıdıldığı və əldə olunmuş atəşkəs razılaşmasının davamlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu təəssüflə bildirilib.

Ali komissar Zeid Ra’ad Al Hussein Azərbaycanın ümumilikdə BMT-nin insan hüquqları sistemi, o cümlədən BMTİHAK-la mövcud əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycan tərəfinə təşəkkür edib. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti və ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı verilmiş ətraflı məlumata görə minnətdarlığını bildirib, habelə 2-5 aprel 2016-cı il tarixində qoşunların təmas xətti boyunca baş vermiş hadisələrə görə narahatlığını ifadə edib.

1news.az

 

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər