Türkiyəli azarkeşlər İstanbulda rinqdə azərbaycanəsilli boksçuya hücum ediblər | 1news.az | Xəbərlər
İdman

Türkiyəli azarkeşlər İstanbulda rinqdə azərbaycanəsilli boksçuya hücum ediblər

1news Redaksiyası11:30 - Bu gün
Türkiyəli azarkeşlər İstanbulda rinqdə azərbaycanəsilli boksçuya hücum ediblər

Ağır çəkidə vakant olan “WBC Silver” kəməri uğrunda türkiyəli Umut Çamkıran ilə KİV-in məlumatına görə, əslən azərbaycanlı olan Fransa təmsilçisi Murad Əliyev (Mourad Aliev) arasında keçirilən döyüş kütləvi dava ilə başa çatıb.

1news.az xəbər verir ki, Əliyev hakimlərin qərarı ilə xallar üzrə qələbə qazandıqdan sonra tribunalara tərəf tamaşaçıların təhqir kimi qəbul etdiyi jest edib. Bundan sonra bir qrup azarkeş rinqə daxil olaraq qalib boksçuya hücum çəkib. Nəticədə qarşıdurma qısa müddətdə bütün zala yayılıb.

Döyüş noyabrın 7-də axşam saatlarında İstanbulun Ataşəhər rayonunda yerləşən “Ülker Sports Arena”da keçirilib. Türkiyə mətbuatının məlumatına görə, 12 raund davam edən qarşılaşma sonadək gərgin və bərabər mübarizə şəraitində keçib. Çamkıran döyüşün sonlarına doğru təzyiqi artırsa da, hakimlər qələbəni Əliyevə veriblər. Sosial şəbəkələrdə bəzi tamaşaçılar qarşılaşmanı maraqsız hesab etsələr də, döyüş daha çox qarşılaşmadan sonra baş verən hadisələrə görə gündəmə gəlib.

Bu məğlubiyyət Çamkıran üçün peşəkar karyerasında ilk olub. 2013-cü ildən rinqə çıxan 37 yaşlı boksçu həmin vaxta qədər keçirdiyi 25 döyüşün hamısında qələbə qazanmışdı. Onun qələbələrinin 23-ü nokautla başa çatmışdı. Çamkıran bu qarşılaşmada da qalib gələrək dünya çempionluğu titulu uğrunda döyüşə bir addım da yaxınlaşacağına ümid edirdi. O, döyüşə doğma Tunceli şəhərində hazırlaşmış və qarşılaşmadan əvvəl yeganə məqsədinin qələbə olduğunu bildirmişdi.

İki dəfə “WBC International Silver” titulunun sahibi olmuş Murad Əliyev isə bu döyüşə 15 qələbə və bir məğlubiyyət göstəricisi ilə çıxmışdı.

Hakimlərin qərarı elan edilməsindən dərhal sonra Əliyev rinqin kəndirlərinə yaxınlaşaraq tribunalara tərəf dönüb və qasıq nahiyəsinə işarə edən jest edib. Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. “Sözcü” qəzeti boksçunun bu hərəkətini istehzalı və təxribat xarakterli davranış kimi qiymətləndirib.

Bundan sonra bir neçə azarkeş mühafizəçilərin yaratdığı səddi aşaraq rinqə daxil olub və Əliyevə hücum çəkib. Bir sıra nəşrlərin məlumatına görə, fransalı boksçu döyülüb. Qarşıdurmaya hər iki idmançının komanda üzvləri, mühafizəçilər və rəsmi şəxslər də qoşulub. Döyüşün yayımını həyata keçirən beynəlxalq “ProBox TV” kanalı da kütləvi dava baş verdiyini təsdiqləyib.

Hadisə qısa müddətdə rinqin hüdudlarını aşaraq idman arenasının müxtəlif hissələrinə yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların bir-birini təqib etdiyi, stulların havaya atıldığı görünür. Tərəfləri ayırmağa çalışan şəxslər də qarşıdurmanın mərkəzində qalıblar. “Haber Ege” nəşrinin məlumatına görə, Əliyevin etdiyi jestin dəqiq xarakteri və davanın bütün təfərrüatları hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

ABŞ-nin “TotalProSports” portalı isə qarşıdurmanın başlanması ilə bağlı fərqli məlumat yayıb. Nəşrin yazdığına görə, final qonqundan sonra Əliyev rəqibini qucaqlamaq istəyib, lakin Çamkıran bundan imtina edib. Ardınca boksçular arasında mübahisə yaranıb və türkiyəli idmançı Əliyevin üzünə zərbə endirib. Fransa təmsilçisi də buna cavab verib. Rinq hakimi idmançıları ayırmağa çalışsa da, bundan sonra davaya məşqçilər, azarkeşlər və arenanın əməkdaşları da qoşulublar.

WBC-nin yaydığı məlumata əsasən, boks gecəsi Ahmet Önerin rəhbərlik etdiyi “Arena Boxing” şirkəti tərəfindən “RMO Boxing” və “ProBox TV” ilə birgə təşkil olunub. Təşkilatçılar arasında uzun illərdir Çamkıranın promouteri olan Birol Topuz da yer alıb.

Hadisədən sonra Türkiyə jurnalistləri təhlükəsizlik məsələlərini gündəmə gətiriblər. Azarkeşlərin rinqə necə maneəsiz daxil ola bilməsi, mühafizəçilərin sayının kifayət edib-etməməsi, eləcə də polis və təşkilatçılar arasında əvvəlcədən lazımi koordinasiyanın qurulub-qurulmaması suallar doğurub. Təşkilatçılar hələlik hadisə ilə bağlı açıqlama verməyiblər. WBC-nin insidentlə əlaqədar araşdırma aparıb-aparmayacağı da məlum deyil.

Murad Əliyev 1995-ci ildə Moskvada anadan olub. Altı yaşında ailəsi ilə birlikdə Fransaya köçüb. Orada siyasi qaçqın statusu alan idmançı yetkinlik yaşına çatdıqdan sonra Fransa vətəndaşlığını əldə edib. Onun atası da boksla məşğul olub.

Fransa millisinin heyətində çıxış edən Əliyev 2019-cu il Avropa Oyunlarının gümüş medalını qazanıb və Tokio Yay Olimpiya Oyunlarında iştirak edib. Olimpiadada dörddəbir final mərhələsində başla zərbə endirdiyinə görə diskvalifikasiya olunan boksçu qərara etiraz əlaməti olaraq təxminən bir saat rinqdə oturub. Həmin vaxt Fransa tərəfi hakimlərin qərarının yanlış olduğunu iddia edirdi.

Türkiyə mətbuatında Murad Əliyevin milli mənsubiyyəti ilə bağlı fərqli təqdimatlara rast gəlinir. “Sözcü” də daxil olmaqla, əksər nəşrlər onu Fransa boksçusu kimi təqdim etsə də, “SON TV” hadisə ilə bağlı xəbərinin başlığında “azərbaycanlı boksçunun jestindən sonra hər şey bir-birinə qarışdı” ifadəsindən istifadə edib.

Bu təqdimatların Azərbaycanda məktəblilərin geyim qaydalarına dair yeni tələblərlə bağlı Bakı və Ankara arasında yaranmış gərginlik fonunda diqqət çəkməsi də təsadüfi deyil. Belə ki, məktəbli formalarına tətbiq edilən yeni qaydalar dini geyim elementlərini qadağan edib və bu qərar Türkiyədə ciddi tənqidlərə səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral açıq şəkildə Azərbaycanı sözügedən qərarı ləğv etməyə çağırıb. Azərbaycanda isə bu çağırış ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib. Oktyabrın sonunda Saral vəzifəsindən ayrılıb. O, bunu Ərdoğanın göstərişi ilə etdiyini bildirib.

Beləliklə, Türkiyə mediasının bir qismi Murad Əliyevi Fransa boksçusu kimi təqdim etdiyi halda, eyni vaxtda yayımlanan digər xəbərlərdə onun azərbaycanlı olduğu ön plana çəkilib. Eyni idmançı ilə bağlı fərqli təqdimatlar isə hadisənin idman müstəvisindən kənarda da müzakirələrə yol açıb.

 

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər