Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü Misirdə silsilə tədbirlərlə qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü Misirdə silsilə tədbirlərlə qeyd edilib - FOTO

12:24 - 06 / 05 / 2016
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü Misirdə silsilə tədbirlərlə qeyd edilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində yerləşən Misir-Azərbaycan Dostluq Parkına gələn Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qəlyubiyyənin qubernatoru general Rza Fərhat, Milli Məclisin deputatları, ictimaiyyətin tanınmış nümayəndələri, KİV təmsilçiləri, Qahirə və Ayn-Şəms universitetlərinin tələbələri əvvəlcə parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan Azərbaycan və Heydər Əliyev guşələri ilə tanış olublar.

Daha sonra Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Qəlyubiyyənin qubernatoru R.Fərhat Misir jurnalistlərini maraqlandıran suallara cavab veriblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq Parkında ucaldılmış heykəlini ziyarət edib, önünə güllər qoyublar.

Qahirə Universitetinin magistri Məhəmməd Gövhəri Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib.

Daha sonra səfir T.Rzayev çıxış edərək Ümummilli Liderin Azərbaycan tarixində əvəzsiz rolundan danışıb, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddətdə regionun ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb.

Çıxışında səfir ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Qəlyubiyyənin qubernatoru R.Fərhat ümummilli lider Heydər Əliyevin fəaliyyəti, həmçinin onun rəhbərliyi altında Azərbaycanın qısa müddət ərzində sürətlə inkişaf etməsi barədə məlumatlı olduğunu qeyd edib. Qubernator yerli idarəetmə orqanları arasında münasibətlərin inkişafının iki ölkənin əlaqələrinin də dərinləşməsinə təsir etdiyini vurğulayaraq, bu sahədə indiyədək sıx əməkdaşlığın olduğunu və bundan sonra da əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəyini diqqətə çatdırıb.

Ulu Öndərin anadan olmasının 93 illiyi Misirin bir sıra kütləvi informasiya vasitələrində işıqlandırılıb və bununla bağlı analitik yazılar yayılıb.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər