Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfələr verib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfələr verib - FOTO

18:52 - 10 / 05 / 2016
Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfələr verib - FOTO

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 93-cü ildönümü münasibətilə İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında anma mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İstanbuldakı baş konsulluğumuz tərəfindən təşkil olunan mərasimdə Azərbaycan və Türkiyə ictimaiyyətlərinin görkəmli nümayəndələri, Sarıyer bələdiyyəsinin rəhbərliyi, İstanbulda fəaliyyət göstərən beynəlxalq təşkilatların başçıları, Türkiyə ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və müdavimlər, hərbçilərimiz, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiram nümayiş etdiriblər. Ziyarətçilər Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün də bu ərazidə yerləşən heykəli qarşısına gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan professor Adil Allahverdiyev Heydər Əliyevin xilaskarlıq missiyası, yarım əsrə yaxın dövrü əhatə edən siyasi hakimiyyəti illərində gördüyü böyük işlər, Azərbaycanın hərtərəfli yüksəlişinə və dövlətimizin möhkəmlənməsi üçün göstərdiyi səylər, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafına verdiyi töhfələr haqqında danışıb.

Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan bəhs edən baş konsul Məsim Hacıyev diqqətə çatdırıb ki, Ankarada törədilən dəhşətli terror hadisəsindən sonra Prezident İlham Əliyevin bu şəhərə səfər etməsi, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Prezident İlham Əliyevin təklifi ilə Ankarada keçirilməsi Ulu Öndərimizin müəyyən etdiyi siyasi xəttin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinə bariz nümunədir.

Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramin Nuriyev və İstanbul Universitetinin doktorantı Dilbər Quliyeva, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlunun çıxışları dinlənilib.

Çıxışlarda Ulu Öndərin siyasi fəaliyyətinin bütün istiqamətləri, yüksək insani keyfiyyətləri, ali məqsədləri, həyat prinsipləri barədə iştirakçılara müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, bütün siyasi fəaliyyətini Azərbaycan xalqının işıqlı gələcəyinə sərf edən Heydər Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi layihələr təkcə ölkəmizin deyil, qonşu və qardaş xalqların da rifahının yüksəlişinə böyük töhfə verib. Məhz Ümummilli Liderimizin həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını, o cümlədən Silahlı Qüvvələrimizin güclənməsini təmin edib.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər