Azərbaycan xarici işlər naziri Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan xarici işlər naziri Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri ilə görüşüb

19:18 - 11 / 05 / 2016
Azərbaycan xarici işlər naziri Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Kansleri Anqela Merkelin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə görüşüb.

1news.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 11 may 2016-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarov AFR Kansleri Anqela Merkelin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri, həmçinin Kansler Administrasiyasının Xarici, təhlükəsizlik və inkişaf siyasəti üzrə İdarəsinin rəisi Kristof Hoysqenlə görüşüb.

Görüş zamanı Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətləri, enerji əməkdaşlığı, TAP və TANAP layihələri, iqtisadi əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri törətməsi və bu fonda Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlar verməsini vurğulayıb, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya son iki ildəki səfərlərinin dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

1news.az

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər