Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı davam edir - FOTO
Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirib.
1news.az-a komitədən verilən xəbərə görə, “Qloballaşmaya yeni baxış” panelində çıxış edənlər qloballaşan dünyada artan bərabərsizlik, şirkətlərin ucuz işçi qüvvəsindən və məhdud sosial müdafiədən yararlanması səbəbindən qloballaşmanın istənilməyən nəticələrinin aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparıblar.
Paneldə qlobal biznes və demokratiya arasında balansın saxlanılması, həmçinin, daha yaxşı idarəçiliklə qloballaşmanın çatışmazlığının aradan qaldırılması yolları müzakirə olunub. Panel iclasında eləcə də qloballaşan dünyada qüvvələr balansı, beynəlxalq hüquq, iqtisadi məsələlər, texnoloji inqilablar və digər əhəmiyyətli mövzulara da toxunulub.
Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa müasir dövrdə dünyada gedən inkişaf proseslərinə toxunub və bugünkü tədbirdə üç əsas məsələnin müzakirəsinin vacibliyini vurğulayıb. “Bunlardan birincisi qloballaşma, ikincisi böyük dövlətlərin yeritdiyi siyasət və nəhayət, üçüncüsü inkişaf etməkdə olan dünyanın müasir vəziyyətidir”-deyə o bildirib. Əmr Musa qloballaşmanı mürəkkəb və çoxtərəfli sistem kimi xarakterizə edərək bu anlayışa geniş yanaşmanın vacibliyi vurğulayıb. Qloballaşma dedikdə, həmçinin iqtisadiyyat, sənaye, stabillik, terrorizm və təhlükənin qloballaşması kimi məsələləri diqqətə çatdırıb. O eyni zamanda, kasıblıq, qeyri-sabit vəziyyət, sülh prosesi, Qərb ölkələrinin yürütdüyü siyasət, terrorçu təşkilatlar və digər məsələlərə də toxunub.
Somalinin keçmiş Baş naziri Abdiveli Şeyx Əhməd isə milli maraqların təqib olunması, texnologiya, əmək münasibətləri, iqtisadi transformasiya və s. məsələlərlə bağlı fikirlərini bildirib. Afrikada gedən proseslər, terror aktları, insanların qloballaşma prosesinə təsir imkanları, dünyanın aparıcı dövlətlərinin hazırkı fəaliyyəti kimi məsələlərə toxunaraq, Breton Vuds sistemi, beynəlxalq ticarət sistemi, bərabərlik, ədalət prinsiplərinin əhəmiyyətini vurğulayıb. “BMT bərabərsizliyin aradan qaldırılması istiqamətində nə kimi işlər görür? Yeni qlobal idarəçilik hansı şəraitdə tətbiq edilir? Mənim ölkəm də daxil olmaqla, bu gün bir çox ölkə terrorun qurbanına çevrilib. Hesab edirəm ki, bunlar çox vacib problemlərdir və bunların həlli istiqamətində konkret təkliflər irəli sürülməlidir”-deyə o bildirib.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin isə öz çıxışında “Beynəlxalq ticarətdə qaliblər və itirənlər kimlərdir, onların arasında tarazlıq yaranacaqmı?” “Qalib gələnlər itirənləri kompensasiya edəcəkmi?” kimi suallara cavab tapmağa çalışıb. İ.Seragəldin çıxışında son 30 ildə ətraf mühit, sağlamlıq, iqtisadiyyat və digər sahələrdəki dəyişikliklərə toxunaraq, müasir dövrdə işsizliyin problemə çevrildiyini, 50 faiz gəncin işsiz olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Bosniya və Herseqovnanın sabiq Baş naziri Zlatko Laqumdzija Berlin divarlarının dağılmasından sonra dünyada baş verən siyasi proseslərə toxunub. O bu mövzunun 2016-cı il martın ayında Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunda da müzakirə edildiyini qonaqların diqqətinə çatdırıb. Z.Laqumdzija son 10 illik ərzində ümumdaxili məhsul, texnoloji təkamül barədə fikirlərini bildirərək, 2000-2010-cu illərdə böyük irəliləyişin müşahidə edildiyini bildirib. Fələstin məsələsinə toxunan sabiq hökumət başçısı qeyri-bərabərliklə mübarizənin vacibliyini qeyd edib. O təəssüflə bildirib ki, bu gün texnoloji inqilab dövründə internetdən istifadə edə bilməyən insanların sayı olduqca çoxdur.
Paneldə Slovakiyanın sabiq Baş naziri İveta Radikova, İspaniya Krallığının Andorra Knyazlığındakı səfiri Manuel Montobbio, Makedoniya Respublikasının Avropa İşləri üzrə Dövlət Katibi Ana Blazeska da çıxış edərək müzakirə edilən mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbir çərçivəsində keçirilən “21-ci əsr iqtisadiyyatının qurulması” mövzusunda ikinci paneldə isə sahibkarlığın yeni reallıqları, müştərək iqtisadiyyatın artımı, vergi, pensiya və siyasi təhlükəsizlik məsələləri müzakirə edilib. Paneldə Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Albaniyanın sabiq Prezidenti Recep Meydani, Fransanın sabiq İqtisadiyyat naziri Edmond Alfanderi, Andbankın Baş iqtisadçısı Aleks Fuste və Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko çıxış ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli Toplantısı işini davam etdirir.
1news.az