Mübariz Əhmədoğlu: Azərbaycanda ermənilər, Ermənistanda azərbaycanlılar yaşaya bilərmi?
Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını ermənilər qeyri-mümkün hesab edirlər. Hətta eks-prezident R.Koçaryanın irqçı mahiyyətli nəzəriyyəsi var: Ermənilər və azərbaycanlılar bir yerdə yaşaya bilməzlər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağla bağlı son prosesləri şərh edərkən deyib:
“Koçaryanın xələfi Serj Sərkisyan Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyü ideyasını daha önə çıxardı. Özünü Avropa sivilizasiyanın tərkib hissəsi hesab edən xalqın təmsilçilərinin yeni irqçi nəzəriyyə “icad etməsi” və ekspert mühitinin bu nəzəriyyəyə haqq qazandırması əcaiblikdir”.
M.Əhmədoğlu bildirib ki, Ermənilərin Azərbaycanda, azərbaycanlıların Ermənistanda yaşaması problemi ən azı üç tərkib hissədən ibarətdir:
1.Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda yaşaması.
2.Azərbaycanı tərk edən ermənilərin geri dönərək Azərbaycanda yaşaması.
3. Ermənistandan deportasiya olunmuş azərbaycanlıların qayıdıb Ermənistanda yaşaması.
Hər üç tərkib hissəsinə rəsmi Yerevanın və rəsmi Bakının mövqelərini diqqətdən keçirək. Bakı Dağlıq Qarabağ ermənilərini öz vətəndaşı hesab edir, onların Azərbaycanın tərkibinə qayıtması üçün əlindən gələn hər şey edir”.
Politoloq qeyd edib ki, Bakı Azərbaycandan köçüb gedən ermənilərin Azərbaycana qayıtması ehtimalını heç vaxt istisna etməyib, sadəcə bu mövzu Ermənistan tərəfindən gündəliyə gətirilməyib:
“Ermənistanda yaşayan keçmiş Azərbaycan SSR-nin vətəndaşı olan ermənilər Bakıya qayıtmaq arzularını gizlətmirlər, amma bunu həmişə rəsmi Yerevanın siyasətinə uyğunlaşdırırlar. Ermənistandan qovulan azərbaycanlıların Ermənistana qayıtması rəsmi Bakının diqqət verdiyi ən vacib seqmentlərdən biridir. Bakıya görə əvvəlcə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır, sonra isə Ermənistan-Azərbaycan münasibətlərindəki digər münaqişələr, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsi müzakirə olunmalıdır. Rəsmi Yerevanın Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına münasibəti yalnız susmaqla bu məsələni ört-basdır etməkdən ibarətdir.
Yeri gəlmişkən, yada salaq ki, Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən onun tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsi Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi deportasiyası ilə başladı. Sonuncu 240 minlik azərbaycanlı 1987-ci ilin dekabrın 25-də Ermənistan SSR-nin ərazisini tərk etdi. Ermənilərin nəzəriyyələrinə görə, Azərbaycan vəhşidir. Ermənilər onun tərkib hissəsinə qayıdan kimi azərbaycanlılar onları məhv edəcək.
Amma eyni zamanda inam məsələsi təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün deyil, həm də gələcəkdə iki xalqın və iki dövlətin dinc yanaşı yaşaması əməkdaşlığı üçün həyati əhəmiyyətli məsələdir. Əgər ermənilər özlərini sivil hesab edirlərsə və azərbaycanlılarla rəqabət aparmağa özlərində güc hesab edirlərsə, bunu reallaşdırmaq çox asandır. Ermənistandan deportasiya olunmuş azərbaycanlıları dəvət edərək Ermənistana qaytarmaq. Bu zaman ermənilər sübut etmiş olarlar ki, azərbaycanlılar onların içərisində yaşaya bilər”.
1news.az