Mübariz Əhmədoğlu: Ermənistanın konfliktogenlik resursları infrastrukturları ilə birlikdə dağıdıldı
Konfliktogenlik Ermənistan və dünya erməniliyi üçün təbii resurs rolundadır. Məsələn, unikal coğrafi mövqeyi Gürcüstanın təbii resursudur. Kommunikasiya imkanları, nefti və qazı Azərbaycanın təbii resursudur.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda baş verən son prosesləri şərh edərkən deyib:
“Ermənilər tarixən qonşu xalqların iri dövlətlərin vuruşmasından, ziddiyyətlərdən qazaniblar. Müasir Ermənistanın siyasi isteblişmentinin ambisiyalı ideyalarının özəklərinə baxaq: Rusiya Türkiyə ilə düşməndir. Bu düşmənçilikdə Ermənistan Rusiyaya lazım olacaq; İran Azərbaycan və Türkiyə ilə qan düşmənidir. Amma İranın təkbaşına bu iki dövlətə qarşı mübarizə aparmağa gücü çatmayacaq. Hökmən Ermənistana kömək üçün müraciət edəcəkdir. Azərbaycanın güclənməsi İranın parçalanmasına gətirib çıxara bilər. Ona görə İran Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın yanında olmalıdırlar.
“Azərbaycan NATO üzvü Türkiyənin müttəfiqidir”, “qərbə inteqrasiyaya çalışır” formulları ilə ermənilər Rusiya ilə Azərbaycanı düşmən etmişdilər. Qərbin bütün strukturlarında Ermənistanın əlaqələri Azərbaycana nisbətən daha güclüdür. Ermənilər konfliktogenlikdən qazanmaq nəzəriyyəsinə o qədər aludə olmuşdular ki, SSRİ ilə ABŞ arasında gedən mübarizəyə qoşuldular. ABŞ-ın mövqeyini dəstəklədilər. SSRİ dağıldı. İndi də güman edirlər ki, ABŞ başda olmaqla Qərb Rusiyanı dağıdacaq”.
Politoloq qeyd edib ki, özlərinin konfliktogen resursunu artırmaqla daim məşğul olan ermənilər qonşularının təbii resurslarının reallaşmasına maneçilik törətməyə çalışdırılar:
“Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutlarına Ermənistanın mövqeləri bəllidir. Hətta Azərbaycanın özünün və Gürcüstan ərazisindən keçən neft-qaz infrastrukturlarını raket zərbələri ilə dağıtmaqdan ötrü xüsusi hərbi təlimlər keçirmişdi”.
M.Əhmədoğlu bildirib ki, Ermənistanın qonşularının təbii resurslarına qarşı elan etdiyi müharibə, nəhayət, öz təbii resursu olan konfliktogenliyin infrastrukturlarının dağılmasına gətirib çıxardı:
“Azərbaycan qərblə münasibətlərini normallaşdırdı, indi qərbdə çoxları başa düşür ki, ermənilərin Azərbaycan haqqında dedikləri yalandan başqa bir şey deyil. Ermənistan konfliktogenliyinə ən ciddi zərbəni Rusiya istiqamətindən vuruldu. Rusiya hal-hazırda Azərbaycanı Ermənistandan üstün tutur. Səbəbləri çoxdur, amma ən əsas səbəb odur ki, Azərbaycan özünün siyasətini aparır. Ermənistanın siyasəti isə Bakının küləyi ilə müqayisə oluna bilər. İranda Ermənistanın yaratdığı konfliktogen infrastruktur da ciddi zədələnib.
Son iki ildə İranın ermənilərin xeyrinə olan bir dənə də olsun addımı yoxdur. Lakin Ermənistanın konfliktogen resurslarına və infrastrukturuna ən böyük zərbə Bakıda təsis olunan üçtərəfli Azərbaycan-Rusiya-İran formatı oldu. Eləcə də Ermənistanın bütün inkişaf perspektivləri dağıldı: “Şimal-Cənub” dəmiryolu marşrutu, İranla Rusiya arasında nəzərdə tutulan elektrik enerjisi mübadiləsi, İran qazının dünya bazarına çıxması Azərbaycan vasitəsi ilə və iştirakı ilə reallaşdırılacaqdır. Beləliklə, Azərbaycan Prezidentinin regionu barış və əməkdaşlıq məkanına çevirən ideyasının reallaşmağa başlaması Ermənistanı təbii resurssuz qoydu”.
1news.az