Minsk razılaşmalarının taleyi həll olunub? – Newtimes.az
NATO-nun 8-9 iyul 2016-cı il tarixdə Varşavada keçirilmiş sammitinin fonunda Vaşinqton postsovet məkanında özünün 8 il əvvəl NATO-ya üzvlüyü söz verdiyi tərəfdaşları – Gürcüstanı və Ukraynanı ruhlandırmağa çalışdı. Alyansın sammiti de-fakto olaraq təsdiq etdi ki, ortamüddətli perspektivdə Kiyev və Tbilisinin NATO-ya birləşməsi məsələsi gündəlikdən çıxarılmışdır.
Ancaq Vaşinqton anlatmağa çalışır ki, Paris və Berlinin təşəbbüs göstərməməsinə, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaqda olmasına baxmayaraq, əvvəlki kimi, bu iki ölkədə öz təsirini möhkəmləndirmək niyyətindədir.
Varşava sammiti ərəfəsində ABŞ-ın dövlət katibi Con Kerri Gürcüstan və Ukraynaya səfər etdi. Səfər zamanı C.Kerri Vaşinqtonun yerli hökumətlərə gələcəkdə də dəstək olacağına inandırdı. Məsələ burasındadır ki, NATO üzvlərinin "davakar" qanadı (ilk öncə öz ərazisində NATO-nun daimi bazalarının yerləşdirilməsini tələb edən Polşa və Baltikyanı ölkələr) bu gün Rusiyanın "qarşısının alınması" hesabına Alyansın "missiyasının dirçəldilməsi" kimi taktiki məsələni həll etməkdədir.
Bununla belə, Alyansın bir sıra nüfuzlu üzvləri Şərqdə vəziyyətin kəskin dərəcədə deeskalasiyasına stavka etməsələr də, ən azı Rusiya ilə qarşıdurmanın artmasına yol verməməyə çalışırlar. İnadlı ritorikaya baxmayaraq, Barak Obama administrasiyası hələ ki, şərq sərhədlərində NATO-nun daimi hərbi bazalarının yaradılmasından və Ukrayna hökumətinə silah tədarükündən imtina etməklə Şərqi Avropada vəziyyətin eskalasiyasını məhdudlaşdırmağa qərar verdi. Bu şəraitdə Kiyevlə Tbilisi Vaşinqtonun öz dəstəyini təsdiq etməsinə ehtiyac duyurlar.
Ukrayna prezidenti üçün xüsusi proqram hazırlanmışdı. Kiyevdə ABŞ-ın dövlət katibini qəbul etdikdən sonra Pyotr Poroşenko Varşavaya uçdu. Burada onun üçün bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən B.Obama ilə danışıqlar təşkil edildi. Beləliklə, P.Poroşenkoya mənəvi-siyasi dəstək göstərildi. "Əvəzində" isə Kiyevin silah tədarükü ilə bağlı "sifarişlər"i təxirə salındı. Ukrayna-NATO Komissiyasının iclasının yekunları ilə bağlı bəyannamədə əməkdaşlığın inkişafına sadiqlik vurğulanır, amma Ukraynanın NATO-ya gələcək üzvlüyü mövzusuna toxunulmur.
Diqqətəlayiqdir ki, bir qədər əvvəl ABŞ-ın Dövlət Departamentinin rəsmi məlumatında C.Kerrinin Gürcüstana səfərinin məqsədi kimi Tbilisinin "avroatlantik əhval-ruhiyyələrinin" dəstəklənməsi göstərilirdi, halbuki dövlət katibinin Ukrayna səfərində məqsədin "islahatlar proqramının müzakirəsi"ndən və "Minsk razılaşmalarının implementasiyası"ndan ibarət olduğu bildirilirdi.
Lakin B.Obama administrasiyası Minsk razılaşmalarının reallaşdırılması məsələsində P.Poroşenkoya açıq-aşkar təzyiq göstərməkdən çəkinir. Amerika tərəfinin ifadələrindən yalnız Ukraynanın şərqində münaqişə zonasında barışığın tez-tez pozulması ilə əlaqədar narahatlığın bir qədər artdığı hiss olunurdu. Belə ki, Kiyevdə olarkən, C.Kerri bildirdi ki, Donbasda "real təhlükəsizlik" təmin olunmasa, "Minsk razılaşmaları müvəffəqiyyətsizliyə məhkum olacaq". Bir qədər əvvəl, yəni 2016-cı ilin iyun ayının sonunda Viktoriya Nuland Ukraynada "islahat prioritetlərini" müzakirə etmək kimi rəsmi məqsədlə Minskə səfər etdi. Sonra, artıq ənənəyə görə, dövlət katibinin köməkçisi Moskvaya yola düşdü.
Görünür, Obama administrasiyası əlini Ukrayna hadisələrinin nəbzində saxlamağa və Moskva ilə dialoq aparmağa can atır. Birincisi, Ukraynada vəziyyətin kəskin surətdə gərginləşməsi həm Rusiyanın, həm də ABŞ-ın qatılmış olacaqları tammiqyaslı münaqişəyə gətirib çıxara bilər. Hadisələrin bu istiqamətdə inkişafı gözlənilməz nəticələrə, məsələn, Ukrayna böhranına müdaxilə məsələləri ilə bağlı Şimali Atlantika Alyansının daxilində parçalanmaya səbəb ola bilər.
B.Obama administrasiyası hələ 2015-ci ildə "sanksiyalaşdırılmış" təzyiqə və vəziyyətin gərginləşdiyi təqdirdə növbəti potensial addım kimi Kiyevə mümkün silah tədarükündən istifadə etməyə üstünlük verdi. Bununla belə, V.Nulandla Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin arasında kommunikasiya kanalı açıldı, C.Kerri isə daha əvvəl bəyan edilən "Moskvanın təcrid edilməsi xətti"ndən sonra yenidən Rusiyaya baş çəkməyə başladı.
Bundan başqa, 2017-ci ilin yanvar ayında B.Obama Ağ evi tərk edəcək və ABŞ-ın "gedən" bütün prezidentləri kimi, o, da öz xarici siyasət mirasından narahatdır. Bununla bağlı olaraq "The Washington Post" qəzetində B.Obama administrasiyasının Obamının xarici siyasət nailiyyətlərini möhkəmləndirmək üçün Rusiya ilə SNV-III müqaviləsinin qüvvədə olma müddətini daha beş il müddətinə uzatmaq istəyi haqqında məlumatı diqqəti çəkir. Təbii ki, Ukraynada vəziyyətin eskalasiyası çoxsaylı diplomatik səylərin nəticəsində Moskva ilə Vaşinqton arasında müəyyən dərəcədə koordinasiyaya nail olunduğu Suriyada da vəziyyətə təsir göstərə bilər.
Məhz buna görə, B.Obama administrasiyası bu gün münaqişənin "donunu açmaqda" maraqlı deyil, hərçənd, böhranın nizama salınması üçün təşəbbüslü addımlara və ciddi güzəştlərə hazır olduğunu da açıq ifadə etmir.
Görünür, Moskva, Vaşinqton və Qərbi Avropa ölkələrinin Ukrayna böhranının eskalasiyasını məhdudlaşdırmaq cəhdi o demək deyil ki, Vaşinqton Minsk razılaşmalarının reallaşdırılması üçün Kiyevə qarşı bütün təzyiq rıçaqlarından istifadə etməyə hazır olacaq. Vaşinqton Ukrayna hakimiyyəti ilə ultimatum dilində necə danışmağa başlayacaq? Bunu təsəvvür etmək çətindir. Ukraynada öz təsirini möhkəmləndirmək məqsədilə ABŞ son 25 ildə bu ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinə yardım və dəstək proqramlarına milyardlarla dollar sərmayə qoymuş, hələ siyasi kapital haqqında heç demirik. Aydındır ki, bu strateji xəttin arxasında geosiyasi imperativlər durur. Bu vəziyyətdə Kiyev manevr üçün məkan alır və hökumət qüvvələrinin hərbi məğlubiyyətləri və Qərb həmkarları tərəfindən təzyiq fonunda imzalanmış əlverişsiz "Minsk-2"-dən uzaqlaşmaq üçün sərt mövqe tutur.
Minsk razılaşmalarının ən pis variantlar arasında ən yaxşısı olması barədə iddialar getdikcə daha çox populyarlıq qazanır. Bu gün bu sənədlər sadəcə qeyri-davamlı barışığı təmin edir, halbuki diplomatik ölçüdə razılaşma iştirakçıları arasında güzəştlər uğrunda mübarizə davam edir.
Siyasi nöqteyi-nəzərdən NATO-Ukrayna əlaqələrinə məntiqi bəraət qazandırmaq mümkün olsa da, təcrübədə bu əlaqələr heç də həmişə Kiyev üçün hərbi zəmanətləri artırmır. Ukraynadakı vəziyyət NATO daxilində parçalanmanı təhrik edir. Görünür, bu gün Ukrayna məsələsi ilə bağlı Alyans daxilində qüvvələrin nisbəti ümumən proqnozlaşdırıla bilən və idarə olunan xarakter daşıyır. Ancaq qarşıdurma tərəfdarlarının düşərgəsi bu qarşıdurmanı xeyli kəskinləşdirməyə qərar versələr, onda blok daxilində parçalanmanın dərinləşməsi tamamilə mümkündü
Berlin, Paris və Roma bu gün Şərqi Avropada gərginliyin azalması üçün simvolik addımlar atırlar. Belə ki, Fransa prezidenti 8 iyul 2016-cı ildə Alyans ritorikasının tam əksi olan bəyanatında deyib ki, Fransa və Avropa üçün Rusiya "rəqib və təhdid deyil", "bəzən güc tətbiq edə bilən tərəfdaşdır". Daha əvvəl İtaliyanın baş naziri Matteo Rensi Peterburq beynəlxalq iqtisadi forumuna baş çəkib, AFR-in Xarici İşlər Nazirliyinin rəhbəri Frank-Valter Ştaynmayer isə 2016-cı ilin iyun ayında NATO-nun Polşada təlimlərini "silah cingiltisi" adlandırıb.
Bu situasiyada Kiyev Brüsselə yox, Vaşinqtona müraciət edərək, özünə daha çox dəstək təmin edə bilər. Bununla belə, Ukrayna hökumətinin yaxın bir neçə il ərzində NATO standartlarına keçid xətti davam edir. Çoxlu sayda qeyri-müəyyən amillər (həm olduqca ağır iqtisadi durum, həm xarici maliyyə mənbələrindən asılılıq, həm Donbasın sərhədləri ilə məhdudlaşmayan ölkədaxili vətəndaş münaqişəsi, həm də, nəhayət, ümumi siyasi qeyri-sabitlik) üzündən uğur şanslarını qiymətləndirmək hələ ki, tezdir.
Bundan başqa, əgər avroatlantik birliyin şərq üzvləri, məsələn, Polşa və Baltikyanı ölkələr NATO-nun genişlənməsində və şərq sərhədlərində hərbi iştirakın artırılmasında özləri üçün bir sıra fayda görürlərsə, "qoca Avropa" bunda onsuz da bir sıra problemlər yaşayan Avropa İttifaqı üçün əlavə risk görür. "Şərqdən gələn təhdidə" qarşı durmaq süni qızışdırılan uydurma çağırışlar səviyyəsində qaldıqca, bu, Avropa İttifaqında birləşdirici amil rolunu oynaya bilər. Lakin bu təhdidlər real təhlükə kateqoriyasına keçid etsə, onda Avropada ictimai rəyin və müxtəlif siyasi dairələrin reaksiyasını proqnozlaşdırmaq çətindir.
Kiyev üçün NATO-nun sərt ritorikası və C.Kerrinin inandırmaları arxasında Ukraynanın gələcəyi barədə hər hansı qərarlar gözə dəymir. Ukraynada kəskin böhranın başlanğıc mərhələsində "yeni Marşall planına" çağırışlar eşidilirdisə də, indi aydın olur ki, ABŞ-ın dəstəyi "minimum" səviyyəsindədir və Vaşinqtonun diqqətini bu dövlətə yönəldəcəyini güman etmir.
Nəticədə, Ukrayna yenidən "sərhədyanı" və ya "ikiqat periferiya" böhranına düşmüş olur: tammiqyaslı dəstəyi göstərmək imkanına malik olmayan və bu dəstəyi göstərmək istəməyən potensial xarici donorlardan hər biri yalnız yarımçıq hərəkətlərə qabildir. Nəticədə, Ukraynanın daxilində iqtisadi və ictimai-siyasi vəziyyətin daha da ağırlaşması riskləri artır.
Yaranmış vəziyyətdən çıxış yolu hər şeydən əvvəl Ukrayna daxilində maraqlar arasında yeni bir balansın axtarılıb tapılmasındadır. Bu gün Minsk razılaşmalarının icrası Ukraynanın xarici problemindən çox daxili problemidir. Sözsüz, Minsk razılıqlarının icrasının ləngiməsi ABŞ administrasiyasının dəyişməsinin gözlənilməsi ilə bağlıdır. B.Obamanın hakimiyyəti dövründə Minsk razılaşmalarının implementasiyasında əhəmiyyətli irəliləyiş baş versə, onda ABŞ-ın növbəti prezidenti sürətlə inkişaf edən Çini nəzərə alaraq Moskva ilə münasibətlərin normallaşdırlması prosesini işə sala bilər. Eyni zamanda, Ukrayna hökuməti daxili siyasi böhran və ya ölkənin bu gün mərkəzi hakimiyyətin nəzarəti altında olmayan başqa regionları üçün presedent yaratmağa qorxur. Bunun bariz nümunələrindən biri ölkənin qərbində, Mukaçevoda baş verən silahlı toqquşmalar və ölkənin şimal-qərbində "Kəhrəba xalq respublikası"dır.
Bu gün Avropa İttifaqının (ən azı, onun fransız-alman özəyinin), Rusiya və ABŞ-ın Ukrayna böhranının həllini nədə gördüklərini müəyyən etmək və qarşılıqlı güzəştlərə getməklə bu baxışlar arasında təmas nöqtələrini tapmağa çalışmaq lazımdır. Regionun gələcəyi ilə bağlı baxışlar bir-birinə yaxınlaşmasa, Ukraynanın daxili siyasəti üçün təsirli stimulları yaratmaq mümkün olmayacaq.
Newtimes.az