Azərbaycanın geosiyasəti: regional liderlik mövqeyinin gücləndirilməsi – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın geosiyasəti: regional liderlik mövqeyinin gücləndirilməsi – Newtimes.az

16:38 - 02 / 09 / 2016
Azərbaycanın geosiyasəti: regional liderlik mövqeyinin gücləndirilməsi – Newtimes.az

Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının avqust görüşündən sonra ekspertlərin ölkəmizin geosiyasi mövqeyinə marağı daha da artıb. Əksəriyyət hesab edir ki, Bakı regional miqyasda həyata keçirilən əməkdaşlıq layihələrinin mərkəzinə keçməkdədir. Artıq onun bu kontekstdə oynadığı rol qlobal geosiyasətin vacib elementlərindən biri sayılır. Biz bu kimi fikirlərin əsaslı olduğunu düşünürük.

Eyni zamanda, indi ekspertlərin diqqət yetirdiyi faktorların Azərbaycan rəhbərliyinin uzun illərdir apardığı xarici siyasət kursunun bir fraqmenti olduğunu demək istərdik. Konkret ifadə etsək, indi çoxlarının qəbul etdiyi uğurlar, əslində, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun məntiqi nəticəsidir. Və bu bağlılıqda Azərbaycanın regional liderliyinin xüsusi əhəmiyyəti vardır. Reallaşdırılan layihələr, islahat proqramları Azərbaycanı həqiqi mənada Cənubi Qafqazın lideri edib. İndi müşahidə edilən proseslər – üçtərəfli əməkdaşlıq formatının səmərəliliyi, siyasi və idarəetmə sahələrində islahatların əlaməti olan ümumxalq referendumunun təyin edilməsi kimi hadisələr Azərbaycanın regional liderlik modelinin mühüm elementlərini təşkil edir. Məsələyə bu çərçivədə təhlili yanaşdıqda, olduqca maraqlı cəhətlər üzə çıxır.

Strateji inkişaf kursu: Heydər Əliyev xəttinin təntənəsi

İndi Cənubi Qafqazla bağlı məsələlərdə ekspertlərin diqqətini daha çox Azərbaycana yönəltməsi təbii qəbul edilir. Cəmi bir neçə il bundan əvvəl isə bu, müşahidə olunmurdu. Ölkə rəhbərliyi düşünülmüş xarici siyasətdən dönmədən, olduqca böyük zəhmət hesabına dövlətin geosiyasi nüfuzunu bu səviyyəyə yüksəldə bilib. Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrində ciddi islahatlar həyata keçirir və müstəqil siyasi kursu daha da təkmilləşdirir.

Burada ciddi analizə ehtiyacı olan məqamlar kifayət qədərdir. Biz, sadəcə, həmin məsələyə regional liderlik aspektində nəzər salmaq istərdik. Məlumdur ki, müasir geosiyasi mərhələdə liderlik modelləri müxtəlifdir. ABŞ-ın indiyə qədər qlobal miqyasda həyata keçirdiyi liderlik daha çox dünya ağalığı iddiasını xatırladır. "Soyuq müharibə" illərindən sonra liderliyin bu üsulu ciddi zərbələr aldı və onun hazırkı şəraitə uyğun gəlmədiyi aydınlaşdı.

Buna baxmayaraq, Vaşinqton bu iddiasından əl çəkmir. Nəticədə, dünyanın bir sıra regionlarında münaqişələrin sayı azalmır, beynəlxalq hüquq normaları ciddi surətdə pozulur. Buna alternativ olaraq Çin liderliyin fərqli modelini ortaya qoyur. Pekin Şərq müdrikliyinə əsaslanan təvazökar və təmkinli davranmağa üstünlük verir. Ölkə rəhbərliyi dünyada liderlik iddiasında olduqlarını bir dəfə də olsun dilə gətirməyib. Əsas olaraq iqtisadi, mədəni və sosial sahələrdə dünyada üstünlüyü ələ almağa çalışıblar. Konfutsi institutları isə qlobal miqyasda Çinin "yumşaq gücü"nü təbliğ etməklə məşğuldur. Bundan başqa, Pekin maliyyə sahəsində öz nüfuz dairəsini genişləndirməyə çalışır. Onun bu sahədəki proqramları Yaxın Şərqlə yanaşı, Afrika və Latın Amerikasını da əhatə etməkdədir. Bir sözlə, Çin liderliyini birbaşa və açıq deyil, müxtəlif sahələrdə irəli çıxmaqla təmin etmək xəttini seçib.

Regional liderlik, təbii ki, bu modellərdən fərqlənə bilər. Azərbaycanın seçdiyi forma isə xeyli konstruktiv və səmərəlidir. Çünki onun təməlində başqaları üzərində ağalıq və istəyini diqtə etmək niyyəti yox, regional əməkdaşlığın təkanverici faktoruna çevrilmək və təhlükəsizlik sistemini müasir tələblərə uyğun formalaşdırmaqda təşəbbüskar kimi iştirak etmək prinsipləri dayanır. Bu məqsədlərə çatmaq üçün isə iqtisadi, enerji, nəqliyyat, sosial və başqa sahələrdə mühüm proqramları beynəlxalq dəstəklə reallaşdırmağa üstünlük verilir.

Bu faktorların məzmunu sübut edir ki, Azərbaycanın regional liderlik strategiyası tamamilə humanist xarakter daşıyır və əsas olaraq "yumşaq güc"ün (və ya "ağıllı güc"ün) təntənəsinə əsaslanır. Qətiyyətlə demək olar ki, Bakının əldə etdiyi uğurların kökündə məhz bu ümumi xoş niyyət dayanır. Bu səbəbdəndir ki, dünyanın ən böyük dövlətləri belə gec, ya tez rəsmi Bakının mövqeyi ilə razılaşır və qarşılıqlı faydalı əməkdaşlığa həvəslə gedirlər.

Misallar bu tezisi təsdiq etməyə yetərlidir. Hər şeydən əvvəl, Azərbaycan rəhbərliyinin enerji layihələrində fəal iştirakını vurğulamaq yerinə düşərdi. Bakı bu sahədə təklif edilən proqramlarda öz yerini tutdu və niyyətlərinin ciddi olduğunu sübut etdi. Sonra özü bir neçə maraqlı və faydalı enerji təşəbbüsləri ilə çıxış etdi. Mütəxəssislər araşdırmalardan sonra bu təşəbbüslərə dəstək verməyi tövsiyə etdilər. Nəticədə, indi, deyək ki, TAP üzrə beynəlxalq komanda yaradılıb və o, uğurla işləyir. ABŞ-ın və Avropanın böyük dövlətlərinin rəhbərləri rəsmən bəyan ediblər ki, Azərbaycanı bu sahədə tam dəstəkləyəcəklər. Çünki onun atdığı addımlar qlobal enerji təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli nəticələr verməkdədir.

Liderliyin Azərbaycan modeli: XXI əsrin çağırışlarına cavab

Belə fikirləri Barak Obama, Co Bayden, Con Kerri, Angela Merkel, Fransua Olland, Devid Kemeron və digər siyasi liderlərin özlərindən bütün dünya eşidib. Deməli, söhbət böyük ölkələrin başçılarının yüksək qiymət verdiyi və reallaşmasına inandığı əhəmiyyətli siyasi kursdan gedir. Regional liderliyin mühüm aspektlərindən birini həmin məqam təşkil edir.

Bu bağlılıqda ekspertlərin Bakıda keçirilmiş Rusiya-Azərbaycan-İran yüksək səviyyəli görüşünün analizinə geniş yer vermələri təsadüfi deyil. Hətta Azərbaycana ənənəvi simpatiyası olmayan nəşrlər belə maraqlı təhlillər verirlər (bax: məs., Геополитика Азербайджана: "пробка от Каспия" становится центром "треугольника силы" / "EADaily", 18 avqust 2016). Kimlərinsə Azərbaycana sevgisinin yarandığını düşünmürük. Onlar, sadəcə olaraq, rəsmi Bakının geosiyasi uğurlarını etiraf etməkdən başqa yol görmürlər. Xüsusilə üç ölkə rəhbərinin Bakı zirvəsi o dərəcədə səmərəli və bir sıra sahələri geniş əhatə edən məzmunda oldu ki, onun geosiyasi əhəmiyyətini təhrif etmək mümkün deyildir.

Hazırda Azərbaycan rəhbərliyinin fəal iştirakı ilə bu və ya digər böyük dövlətə və ya beynəlxalq təşkilata qarşı olmayan, eyni zamanda, Rusiya, Türkiyə və İran kimi nüfuzlu ölkələrin birgə əməkdaşlığını təmin edən format reallaşır. Analitiklər də məsələnin məhz bu aspektinə daha çox maraq göstərirlər. Bununla region tarixində ilk dəfə olaraq bölgənin aparıcı dövlətlərini konkret sahələrdə əməkdaşlıq üzrə bir araya gətirmək imkanı yaranıb.

Qeyd edək ki, həmin məqam Azərbaycanın regional liderlik modelinin ən perspektivli parametrlərindən biridir. Çünki o, XXI əsrin tələblərindən olan regional təhlükəsizliklə qlobal təhlükəsizlik elementlərinin sintezini özündə ehtiva edir. Bu model şərti olaraq Qərb və Şərq geosiyasi məkanları adlanan dünya "qütbləri"nin səmərəli əlaqəsinin konkret təzahürüdür. Bunun strateji dəyərini təsəvvür etmək çətindir. Hesab edirik ki, digər regionlar da həmin nümunədən istifadə edə bilərlər. Azərbaycan bu təşəbbüsün mərkəzi rolunu uğurla oynamaqdadır. Bu faktor əsasında Bakının geosiyasi çəkisinin daha da artacağına tam əminik.

Azərbaycanın regional liderliyinin başqa mühüm aspektini idarəetmə, siyasi, iqtisadi, sosial və mədəniyyət sferalarında demokratik islahatları dönmədən həyata keçirməsi təşkil edir. Bunlar istənilən müasir milli dövlət üçün böyük əhəmiyyət kəsb edir. Həmin elementləri olmayan ölkənin müasir geosiyasi mühitdə yeri yoxdur. Azərbaycan rəhbərliyi həm daxildə mədəniyyətin inkişafına (bu il multikulturalizm ili elan edilib) böyük önəm verir, həm də dünya miqyasında mədəniyyətlərarası əlaqələrin genişlənməsinə töhfələrini əsirgəmir. Bunu rəsmi Bakının uzun illərdir ki, həyata keçirdiyi xüsusi mədəniyyət proqramları, konfranslar, forumlar, simpoziumlar təsdiq edir. "Bakı prosesi", Beynəlxalq Humanitar Bakı Forumu, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa həsr edilmiş konfrans, forum və simpoziumlar kimi tədbirlərdə dünyanın hər yerindən mütəxəssislər, siyasi xadimlər, din adamları, jurnalistlər, ekspertlər, ictimai hərəkat rəhbərləri iştirak edirlər.

Bunlarla yanaşı, Azərbaycan rəhbərliyi mütəmadi olaraq siyasi sistemdə və idarəetmə fəlsəfəsində yeniliklər həyata keçirir. Bu baxımdan sentyabr ayında keçirilməsi nəzərdə tutulan ümumxalq referendumunun əhəmiyyəti böyükdür. Əgər təklif edilən dəyişikliklərə xalq dəstək versə (inanırıq ki, bu, belə də olacaq!) həm Azərbaycanda, həm də regionda sosial-iqtisadi, mədəni inkişafın və təhlükəsizliyin təmin edilməsində yeni tarixi şans yaranacaq. Azərbaycan rəhbərliyi daha geniş və əsaslı formada islahatları həyata keçirəcək. Şübhə yoxdur ki, xalq referendumda "hə" deyəcək və Azərbaycan növbəti uğuruna imza atacaq. Bununla ölkəmizin regional liderliyinin daha da möhkəmlənməsi üçün yeni üfüqlər açılacaq.

Newtimes.az

Paylaş:
762

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər