Azərbaycanın dini tolerantlıq və multikultural mühitinə Britaniyada maraq böyükdür
Britaniyada yəhudi icmasının ən nüfuzlu qəzeti sayılan “Jewish News”un internet səhifəsində Azərbaycanda hökm sürən yüksək səviyyəli dini tolerantlıq və multikultural mühit haqqında növbəti məqalə dərc edilib.
Məqalədə Azərbaycanda multikulturalizm mövzusunda konfransda iştirak etmiş Britaniya deputatlar heyətinin sabiq xəzinədarı Laurence Brassın ölkəmiz haqqında düşüncələri yer alıb.
Yazıda diqqətə çatdırılır ki, ölkəmizdə yaradılan dini tolerantlıq və multikultural mühit modeli dünyada nümunəvidir. Azərbaycanda müsəlman əhalisi üstünlük təşkil etsə də, xristian və yəhudi icmaları da mövcuddur. Bu müxtəlif dinlər uzun illərdir mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda 7 sinaqoq və 13 kilisə fəaliyyət göstərir. Azərbaycanda 20 minə yaxın yəhudi yaşayır. Yəhudi icmasına aid mədəni mərkəzlərin, məktəblərin fəaliyyət göstərməsi çiçəklənən multikultural cəmiyyətin bariz nümunəsidir.
Yazıda vurğulanır ki, aralarında uzun məsafə olmağına baxmayaraq Azərbaycan ilə İsrail arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Müəllif sonda qeyd edib ki, xüsusilə son vaxtlar radikallaşan dünyada, terrorizm və münaqişələr çox vaxt dinlə əlaqələndirilir. Azərbaycanda isə təqdirəlayiq multikultural mühitin yaradılması digər millətlər üçün gözəl nümunədir.
AZƏRTAC