Azərbaycanla Litva arasında işğüzar əlaqələr genişləndirilir – FOTO
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və Litvada işgüzar səfərdə olan Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asosiasiyasının icra katibi Tofiq Həsənovun rəhbərliyi ilə bir qrup bələdiyyə sədrləri Klaypeda şəhərində olublar.
1news.az-a səfirlikdən verilən xəbərə görə, səfər zamanı nümayəndə heyəti Klaypeda şəhər meri ilə görüşmüş, bu şəhərdəki Dəniz Limanı ilə tanış olublar.
Klaypeda şəhər meri Vitautas Qrubliauskas ilə görüşdə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, eləcə də Klaypedanın Azərbaycanın şəhərlərindən biri ilə qardaşlıq əlaqələrinin qurulması, burada təşkil olunan mədəniyyət və incəsənət festivallarında Azərbaycan nümayəndələrinin iştirakı və bir çox qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşdə V.Qrubliauskas Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşmış əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edərək tanışlıq məqsədilə Azərbaycana səfər etməyə razılığını bildirib.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov ilə görüşərək, soydaşlarımızın Litvanın ictimai, siyasi və mədəni həyatındakı fəaliyyətləri ilə maraqlanıblar.
1news.az