Mübariz Əhmədoğlu: Rusiya Dağlıq Qarabağa nəql olunan qazını dayandırmalıdır
RF tərəfindən Dağlıq Qarabağa nəql olunan qazın və AİB çərçivəsində Dağlıq Qarabağ məhsullarının və xidmətlərinin hərəkəti dayandırılmalıdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiya Dağlıq Qarabağa nəql olunan qazı və “İsgəndər” raketləri ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Bizim hesablamalarımıza görə, Kreml “İsgəndər”i heç Ermənistana da verməyib. Sadəcə ermənilər öz kanalları vasitəsilə bu işi reallaşdıra biliblər. Bəlkə də artıq “İsgəndər”in bütün sirləri ABŞ-ın əlindədir. Ermənistan hətta bu raketi istəsə Dağlıq Qarabağda da yerləşdirə bilər. Çünki sahibi Ermənistandır.
Rusiya hətta iki azərbaycanlı girovu ermənilərin əlindən azad edə bilmir. Tarixən belə olub. Ermənilər yalnız öz maraqlarını ruslara diktə ediblər. Rusiyanın maraqlarını isə zərrə qədər nəzərə almayıb. Qriboyedovun ölümündə iştirak edən, Moskvada metronu partladan, saxta pul kəsən, SSRİ-nin dağılmasında iştirak edən, rusları ilk olaraq öz ölkəsindən qovan ermənilər bu iştaha düşməli idilər. Rusiyanın Ermənistanın əlində belə əsir vəziyyətdə olması bizim xüsusi diqqətimizdə olmalıdır. Bu Rusiyanın Azərbaycana böyük hörmətsizliyidir. Rusiya Azərbaycanla formalaşmış münasibətlərinə ciddi zərbə vurdu. Ermənilər buna həmişə çalışıblar. Rusiya bir dəfə olsun ermənilərdən soruşmadı ki, niyə görə Rusiya ilə Ermənistan arasındakı vaxtı ilə mövcud olmuş, ən etibarlı dəmir yolu kommunikasiyasını bərpa etmirsiniz?!”
Politoloq qeyd edib ki, bu gün Rusiyanın qazı Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində istifadə olunur.
“Dağlıq Qarabağda istehsal olunan mallar AİB xətti ilə Rusiyanın ərazisində satılır. Bizim Rusiyaya qarşı apardığımız siyasəti çox təəssüf ki, Rusiya tərəfi qorxaqlıq kimi başa düşüb. Hər halda indi elə vəziyyətdəyik ki, həm Rusiyanın bu xəyanəti cavabsız qalmamalıdır və həm də kəskin hərəkət etməməliyik. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı yeni mövqenin əldə etmək istiqamətində addımlar atmalıyıq. Ermənistan MDB üzvü olan dövlətin ərazisini işğal etdiyi üçün Rusiya tərəfdən cəzaya məruz qalmalıdır. Rusiya Dağlıq Qarabağa nəql olunan qazını dayandırmalıdır. AİB çərçivəsində Dağlıq Qarabağ məhsullarını və xidmətlərinin hərəkəti dayandırılmalıdır”.
1news.az