Mübariz Əhmədoğlu: “İran qazı Ermənistan və Gürcüstana daxil olsa Rusiya bu iki ölkədə qaz bazarını itirəcək”
Ermənistanla İranın bir-birinə yaxınlaşması üçün yeni maraqları yaranıb.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanla İran arasında əməkdaşlığın güclənməsi ilə bağlı tərəflər arasında əldə edilən razılığı şərh edərkən deyib.
İran və Ermənistanın qaz tranziti və alqı-satqısı üzrə qarşılıqlı anlaşma barədə memorandum imzaladığını deyən politoloqun sözlərinə görə, yaxın zamanlarda tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir:
“Ermənistanın İrandan qaz alması və tranziti mövzusu son 10 ildə iki ölkə arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Amma reallaşmırdı. İndi sənədləşmə başlandı. Səbəb aydındır: Hər iki tərəfin bir-birinə yaxınlaşması üçün yeni maraqları yaranıb”.
M.Əhmədoğlu İranla Ermənistan arasında qaz tranziti və alqı-satqısının iqtisadi mahiyyətinin olmadığını da bildirib:
“Birincisi, İran-Ermənistan qaz kəmərinin illik buraxılış qabiliyyəti 2 milyard m3-dir. 2 milyard m3-in Ermənistan və Gürcüstana daxil olması Rusiyanın bu iki ölkədə qaz bazarını itirməsidir. Rusiya vacib siyasi rıçaqlarından birini itirmiş olur.
İkincisi, İranla Ermənistan arasında qaz tranziti və ticarətini və müvafiq rəqəmlərə çatdırmaq üçün İran-Ermənistan qaz kəməri hökmən yenidən tikilməli və yaxud yeni qaz kəməri çəkilməlidir.
Eləcə də Ermənistanla Gürcüstan arasında qaz kəməri çəkilməlidir. Ermənistandan Gürcüstana qaz daşıyan infrastruktur kəmər yoxdur.
Bunların hər ikisi külli miqdarda vəsait tələb edir. Ermənistanda belə vəsait yoxdur. Heç kəs Ermənistana bu maliyyəni vermək fikrində deyil. Cari vəziyyətdə İranın daxilində öz vəsaitindən ciddi ehtiyacı var.
Üçüncüsü, İran qazı bahadır. Bir müddət əvvəl Gürcüstanın baş nazirinin müavini statusunda İranla qaz danışıqları aparmış K.Kaladze bildirdi.
Dördüncüsü, İran bu regionda kifayət qədər siyasiləşmiş antiAzərbaycan layihələrə pul xərcləyə bilməz”.
Bunları əsas gətirən M.Əhmədoğlu hesab edir ki, İranla Ermənistan arasında qaz nəqlinin mahiyyətinin iqtisadiyyatdan uzaq olması bəlli oldu. Bu məsələdə əsas hədəf geosiyasətdir.
İranın xarici siyasətinə də toxunan politoloq rəsmi Tehranın hazırda ABŞ-la yenidən yaxınlaşma kursu götürdüyünü qeyd edib:
“ı. Suriya böhranının tənzimlənməsi məsələsində İranın mövqeyi Rusiyadan uzaqlaşıb, ABŞ-ın mövqeyinə yaxındır. Lozanna konfransı ərəfəsində Rusiyanın xarici işlər naziri iranlı həmkarı ilə iki dəfə telefonla danışsa da, konfrans zamanı İran Rusiyanın mövqeyini dəstəkləmədi. Bu konfrans Suriya məsələsində Rusiyanı diplomatik prizmadan üstün mövqeyə çıxara bilərdi. İran buna imkan vermədi. ABŞ mövqeyini qoruyub saxlaya bildi.
ıı. Prezident H.Ruhani Avrokomissar F.Moqerini ilə Tehranda görüşərkən Suriya böhranın hərbi həllinin olmadığını bildirdi. İran bu bəyanatı ilə Suriya məsələsində Rusiyadan uzaqlaşdığını, Qərbin mövqeyini dəstəklədiyini bir daha nümayiş etdirdi. İŞİD terrorçularının hansı dinc vasitə ilə neytrallaşdıracağını İran bu günədək açıqlamayıb.
ııı.İran özünün yaratdığı “Bavar-373” ZRK-nin Rusiyanın “S-300” ZRK-dan üstün olduğunu bəyan etdi. Hətta NATO ölkələri “S-300”ZRK-dan üstün bir şey yarada bilmədiklərini etiraf edirlər.
ıv. Chatham Housenin İranla nüvə sazişinin imzalanmasına görə ABŞ Dövlət Katibi ilə İranın Xarici İşlər Nazirini təxminən həmin vaxtda mükafatlandırması da təsadüfi deyil. İranla nüvə müqaviləsinin imzalanmasında Rusiyanın həlledici rolunu ABŞ özü etiraf etmişdi. Londonun nüvə danışıqlarına görə ABŞ və İranı qalib elan etməsi Rusiyaya İranın iştirakı ilə olan mesajdır”.
M.Əhmədoğlu Ermənistanın da Rusiyadan narazılığının olduğunu deyərək, Avropa İttifaqı ilə Ermənistan arasında növbəti müqavilənin imzalanmasına məhz Rusiyanın imkan vermədiyini diqqətə çatdırıb:
“K. Karapetyanın baş nazir təyin olunması Rusiya ilə Ermənistan arasında müəyyən gərginlik yaradıb. Bunu həm Kremlin, həm də Moskvadakı ermənilərin davranışı deməyə əsas verir. Amma ən bariz misal “Qazprom”un sədri A.Millerin Yerevana səfəri oldu. A.Miller baş nazir Karapetyanın oğlunun “Qazprom-Armenia”ya rəhbər təyin olunmasına icazə vermədi. Başqa şəxsi təyin etdi.
Digər tərəfdən “Qazprom” Ermənistana qazın qiymətini aşağı salmaq niyyətində də deyil. Məhz ona görə, emosional fonda baş nazir K.Karapetyan Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini, “Enerqoimpeks” şirkətinin başçısı, kürəkəni Ayk Arutyunyanı İrana qaz memorandumu imzalamaqdan ötrü göndərdi”.
Politoloq bildirib ki, Ermənistan Rusiyaya qarşı mübarizəyə hazır olan İranın vəziyyətini başa düşdü və ona görə də ortalığa qaz layihəsini qoydu:
“Ermənistanın və İranın Rusiyadan narazılığı görünür, Qərb mərkəzləri tərəfindən idarə olunur. Ona görə Gürcüstanın razılığı olmadan Gürcüstana qaz nəqli məsələsi də müqaviləyə salınıb; İranla Ermənistan əmindirlər ki, qaz tranziti məsələsi alınacaq, Gürcüstan etiraz etməyəcək.
İranla Ermənistan arasında başlanan qaz ticarəti və tranziti geosiyasi oyundur. Bu oyunun mahiyyəti Rusiyanı Ermənistandan sıxışdırıb çıxarılmasıdır”.
1news.az