Beynəlxalq hüquq unudulanda və ya “nə tökərsən aşına, o da çıxar qaşığına” – Newtimes.az
XXI əsrin əvvəllərində müasir beynəlxalq münasibətlər sistemi olduqca gərgin mərhələyə qədəm qoyub. Sistemin formalaşmasında həlledici rol oynamış faktorlar qlobal və lokal xarakterli ciddi təhdidlərin təsirinə məruz qalır. Bu təhdidlərin bəziləri sistemdəki aparıcı qüvvələr tərəfindən süni şəkildə yaradılır, digərləri isə ədalətli dünya düzəninə zidd davranışların nəticəsi olaraq ortaya çıxır.
Artıq indidən aydın görünür ki, beynəlxalq münasibətlər sistemi ya özünün bəyan etdiyi qaydalara əməl edərək həmin təhdidlərə qarşı mübarizədə qalib gəlməli, ya da bu təhdidlər qarşısında məğlub olmalıdır. Bu isə yeni baza prinsiplərinin ortaya çıxmasına və bütövlükdə sistemin dəyişməsinə səbəb olacaq. Təəssüf ki, hazırkı dövrdə sistem qarşısındakı təhdidlərin aradan qaldırılması istiqamətində hələlik real addımlar atılmır.
Ədalət naminə qeyd olunmalıdır ki, bütün bu münaqişələrin, gərginliklərin həlli istiqamətində sanki cəhdlər edilir. Aparıcı dövlətlər müəyyən qruplar şəklində fəaliyyət strategiyaları işləyib hazırlayır, birgə tədbirlər həyata keçirirlər. Universal və regional təşkilatlar isə müzakirələr təşkil edir, müxtəlif təşəbbüslər ortaya atır, qətnamələr qəbul edirlər. Lakin hələlik hansısa real nəticədən danışmağa dəyməz. Əksinə, situasiya daha da gərginləşir və nəzarətdən çıxır.
Xaosu yaradan amillər
Dünyada bugünkü vəziyyətin aradan qaldırılması üçün ilk növbədə onun yaranma səbəbləri təhlil edilməli və müvafiq nəticələr çıxarılmalıdır. Uğursuzluğun əsas səbəbinin problemlərə yanaşmada vahid, hamılıqla qəbul olunmuş prinsiplərin tətbiq edilməməsinin olduğu artıq bir aksiomadır. Bütün bu prinsipləri bir araya toplayan və müasir beynəlxalq münasibətlər sisteminin formal mahiyyətini müəyyən edən beynəlxalq hüquq dərin böhran keçirir.
Halbuki 25 il əvvəl vəziyyət fərqli idi. “Soyuq müharibə”nin başa çatması, SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının süquta uğraması ilə Qərbin dominant gücə çevrilməsi və birqütblü dünya sisteminin təşəkkül tapması gələcəyə nikbin baxmağa əsas verirdi. Geosiyasi və ideoloji mübarizə üçün heç bir səbəb qalmamışdı. Münaqişələrin sülh, danışıqlar və kompromislər yolu ilə həlli gözlənilirdi. Beynəlxalq təşkilatlar artıq əvvəlki kimi mübarizə yox, əməkdaşlıq səhnəsinə çevrilməli idi.
“Soyuq müharibə” dövründə daha çox iki qütbün rəqabətinə adaptasiya edilmiş beynəlxalq hüquq nəhayət ki, öz real tətbiqini tapacaqdı. Ən azından “Soyuq müharibə”dən məğlub çıxmış tərəflərin, yeni yaranmış dövlətlərin Qərbin sülhpərvər çağırışları qarşısındakı ümidləri belə idi. Elə SSRİ-nin varisi olan Rusiyanın da 90-cı illərin əvvəllərində Qərblə əməkdaşlığa müsbət yanaşması bunu deməyə əsas verirdi.
Sonrakı illərdə baş verənlər isə bu ümidləri puça çıxardı. Qərbin dominantlığı dünya üçün müsbət faktora çevrilmədi, sülh və sabitliyi bərqərar edəcək yeni ideyalar ortaya çıxmadı. Bu gün baş verən proseslərin izahını axtararkən, həmin illərdə yeni dövrə keçid mərhələsində ideoloji və hüquqi müstəvidə baş vermiş iki qırılma nöqtəsinin həlledici təsirindən danışmaq mümkündür.
Qlobal xarakterli birinci qırılma nöqtəsi Qərbin “Soyuq müharibə” dövründə formalaşmış geosiyasi baxışlarından imtina etməməsi oldu. Öz maraqları üçün dünyanın iqtisadi və insan resursları üzərində tam nəzarəti təmin etmək, fərqli düşüncələri neytrallaşdırmaq meyilləri hakim mövqedə qaldı. Praktikada bu, NATO-nun Şərqə doğru genişlənməsinin davam etməsi, sosialist düşərgədən çıxmış Şərqi Avropa ölkələrinin tələsik Avropa İttifaqına üzv qəbul edilməsi, Qərbin transmilli korporasiyalarının öz mənfəətləri naminə ayrı-ayrı ölkələrin siyasi və iqtisadi sabitliyini təhdid altına salacaq addımlar atması kimi məqamlarda göstərdi.
Keçmiş Yuqoslaviyanın dağılması ətrafındakı hadisələr, yeni dövlətlərin yaranması və baş vermiş münaqişələrin həllinə münasibət hüquqi müstəvidə baş vermiş ikinci qırılma nöqtəsi kimi qəbul edilə bilər. Belə demək mümkündürsə, beynəlxalq hüquq yeni dövrdə ilk sınaqla məhz Balkanlarda üzləşdi. ABŞ və Avropanın mövcud münaqişələrə tətbiq etdiyi həll üsulu dünyaya ən sivil və asan həll yolu kimi təqdim edildi. Lakin Yuqoslaviya Federasiyasından birtərəfli qaydada çıxan ölkələrin müstəqilliyinin Qərb tərəfindən dərhal tanınması, danışıqlar prosesinə təzyiq göstərmək məqsədilə NATO-nun hərbi müdaxilələri, bir ölkənin ərazi bütövlüyünün zorla pozulması yolu ilə yeni dövlətin yaradılması nəinki Balkanlardakı problemləri həll etdi, əksinə onları ört-basdır etməklə potensial münaqişə ocaqlarını qoruyub saxladı. Ən əsası isə, sonrakı hadisələr göstərdi ki, Balkan yarımadasındakı proseslərə baxış tərzi sonradan dünyanın başqa regionlarından baş verən digər münaqişələrə də təsirsiz ötüşmədi.
Yolun harasındayıq?
Bu gün dünya liderləri bəşəri dəyərlər, ideallar, insan hüquqları, demokratiya kimi terminlərdən getdikcə daha çox istifadə edirlər. Bunlar artıq bir və ya bir neçə dövlətin başqa dövlətin ərazisinə hərbi müdaxiləsi üçün əsas təşkil edir. Əgər əvvəllər Britaniyanın öz müstəmləkəsi olan Folklend adalarını qoruyub saxlamaq naminə Argentina ilə hərbi münaqişəyə girməsi “Soyuq müharibə” dövrünün reallığı kimi qəbul edilirdisə, indi ölkələrin ərazi bütövlüyünün pozulması sülh, humanizm prinsiplərinin reallaşması yönündə zəruri amil kimi qələmə verilir.
Reallıq isə tamamilə başqadır. Qeyd olunan prinsiplər daha çox müasir dövr üçün yeni təzyiq alətləri rolunu oynayır. Qərbin dünyaya ağalıq iddiaları Rusiya, Çin kimi böyük ölkələrin əks-reaksiyasına səbəb olur. Geosiyasi maraqlar naminə aparılan mübarizə heç vaxt olmadığı qədər şiddətlənir. Bu mübarizədən ən çox zərər görən isə hələ də beynəlxalq hüququ əsas fəaliyyət çərçivəsi hesab edən ayrı-ayrı kiçik dövlətlərdir.
İndi gəlin görək müasir dövrdə beynəlxalq hüquqa necə riayət olunur? Nə üçün böyük dövlətlər eyni tipli proseslərə geosiyasi maraqlarına uyğun olaraq fərqli yanaşmalar tətbiq edirlər? Bir ölkənin ərazi bütövlüyü qətiyyətlə dəstəkləndiyi halda, digərininki danışıqlar predmetinə çevrilir. Hansısa məqamda qəbul edilən qətnamələr dərhal icra olunur, digərində kənara atılır və kağız üzərində qalır. Müəyyən hallarda bir ölkənin digərinə hücumu terrorizmə qarşı mübarizə, humanitar müdaxilə kimi əsaslandırılır, başqasınınkı isə humanitar fəlakət kimi təqdim olunur. Dünyadakı münaqişə ocaqlarının sayının 50-dən çox olduğu nəzərə alınarsa, belə davranışlara dair onlarla nümunə göstərmək olar.
Yaxın Şərq regionu, Cənub-Şərqi Asiya, MDB məkanı, Afrika, Avropa, Latın Amerikası... Bu regionların hər birində beynəlxalq münasibətlər sistemi üçün özündə ciddi təhlükə daşıyan real və potensial münaqişələr, gərginliklər, ziddiyyətlər mövcuddur. İraq, Suriya, Liviya, Əfqanıstan, Yəmən, Sudan kimi ölkələrdə kənar müdaxilələr nəticəsində dövlətçiliyin zəifləməsi beynəlxalq terrorizmin daha da güclənməsi ilə müşahidə olunur.
Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrin ərazi bütövlüyünün bərpa olunmaması müharibə riskini artırır. Avropada miqrantlara qarşı kəskin münasibət fonunda multikultural dəyərlər iflasa uğrayır və ultra milliyyətçilik yenidən səhnəyə çıxır. Asiyada dəniz ticarəti yollarına nəzarət uğrunda gedən qapalı rəqabət böyük dövlətlərin açıq mübarizəsinə çevrilməkdədir. Onların hər birinin əsas xüsusiyyəti isə 40-50 il əvvəl olduğu kimi, lokal xarakter daşımaması və öz coğrafi sərhədlərindən kənara çıxaraq daha geniş çərçivədə təsir imkanına malik olmasıdır.
Bütün bunlar bir faktı deməyə əsas verir: beynəlxalq hüququn sərhədləri silinib və geosiyasi-ideoloji maraqlardan asılı vəziyyətə salınıb. Bəzən beynəlxalq hüquqa istinad belə edilmir, çünki mahiyyəti təhrif olunduqca əhatə etdiyi dəyərlərin təməli sarsılır.
Nəticə necə olacaq?
Bu proseslərdən kim və nə qazanacaq? Geosiyasi mübarizənin nəticəsi necə olacaq? Bu haqda indidən danışmaq olduqca çətindir. Lakin bir həqiqət var ki, o da minlərlə insanın günahsız qurbana çevrilməsidir. Hər gün İraq, Suriya, Liviya, Yəmən, Əfqanıstan kimi ölkələrdə yüzlərlə insan ölür. Öz ölkələrindən qaçan yüzlərlə miqrant Aralıq dənizində batır. Avropaya çatanlar isə qeyri-insani rəftarla üzləşirlər. Qoca qitə özü isə terror aktlarının hədəfinə çevrilib. Böyük dövlətlər özlərinin yaratdıqları bataqlıqdan çıxmaqda əziyyət çəkirlər.
Əgər gələcək prosesləri proqnozlaşdırmağa cəhd etsək, mövcud vəziyyətin nikbinlik doğurmadığını qeyd etməliyik. Sadəcə bir nümunə - ABŞ-dakı son seçki kampaniyası bu fikri əsaslandırmaq üçün kifayətdir. Bu gün artıq dünyada demokratiya nümunəsi kimi təqdim olunan ABŞ bu seçkilər nəticəsində artıq faktiki ikiyə bölündüyü qeyd olunur. Şübhəsiz ki, bu məqam onun xarici siyasətinə də təsirsiz ötüşməyəcək.
Problemlərin həlli yolu isə sadədir. Proseslərə ikili standartlar əsasında yox, ədalətlə yanaşmaq zəruridir. Beynəlxalq hüququn təməlində dayanan əsas prinsip ədalət prinsipidir. Ədalət olmadıqda, beynəlxalq hüquq maraqlardan asılı hala düşür. Dünyada sülhün və ədalətin bərqərar olması üçün ilk növbədə geosiyasətin böyük oyunçuları ədalət prinsipinə əməl etməlidirlər. Əks halda, dünyada onsuz da ciddi təzyiqlər altında olan sülh və sabitliyi böyük təhlükələr gözləyir.
Newtimes.az