III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib

20:02 - 20 / 06 / 2025
III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib

Bakıda təşkil edilən III Azərbaycan - Özbəkistan Regionlararası Forumunda ölkələrimizin bölgələri arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması haqqında müzakirələr aparılıb.

Bakıda Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən hökumət nümayəndələri, sənaye, energetika, kənd təsərrüfatı, logistika, əczaçılıq, qida, turizm və konsaltinq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ötən il dövlət başçılarımız tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrimizi daha da stimullaşdırır.

Özbəkistanla birgə keçirilən regionlararası forumların münasibətlərin inkişafı baxımından səmərəli platforma olduğu qeyd olunub. Ötən il Özbəkistanda dövlət başçılarının iş adamları ilə görüşü çərçivəsində icrasına start verilən birgə layihələrin çoxu məhz ölkələrimizin bölgələrində reallaşdırılır. Bu layihələr bölgələrin tarazlı inkişafına töhfə verməklə yanaşı, iqtisadi tərəfdaşlığın intensivləşdirilməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, bu ilin yanvar-may aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollardan çox olub. Bununla belə, ixracın təşviqi, investisiya üzrə birgə fəaliyyətin, birbaşa işgüzar əlaqələrin genişləndirilməsi məqsədi ilə işlər görülür. Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyinin yaradılması nəzərdə tutulur.

Ölkələrimiz arasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat-tranzit, Ələt Azad İqtisadi Zonası, azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün geniş potensial olduğu bildirilib. Forumda özbəkistanlı iş adamları Azərbaycandakı biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov yüksək sə­viyyəli Azərbaycan-Özbəkistan münasi­bətlərini, iqtisa­di-ticarət əməkdaşlığının genişləndiyini vurğulayıb, birgə investisiya layihələrinin reallaşdırılması, işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsinə dair fikirlərini bölüşüb.

Tədbir çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın "Uzkimyosanoat" ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Yevgeni Korjikov ölkələrimizin sərmayə iqlimi və ortaq biznes perspektivləri, Fərqanə vilayətinin rəhbəri Nuriddin Mamajonov isə rəhbəri olduğu vilayətin iqtisadi imkanları və ölkəmizlə mümkün əməkdaşlıq istiqamətləri barədə çıxış ediblər.

Forumda ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin gerçəkləşdirilməsi haqqında müzakirələr aparılıb.

Tədbir B2B və B2G formatlarında görüşlərlə davam edib.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər