Mübariz Əhmədoğlu: İran nəzərə almalıdır ki, Ermənistan onun qazını Dağlıq Qarabağa nəql etmək niyyətindədir
Ermənistanın qaz tranziti və alqı-satqısı ilə bağlı İranla imzaladığı memorandum Dağlıq Qarabağ münaqiəsi kontekstindən kifayət qədər diqqət çəkir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu İranla Ermənistan arasında imzalanan qaz tranziti və alqı-satqısı ilə bağlı memorandumu şərh edərkən bildirib:
“Memorandumu Ermənistan tərəfindən imzalayan şəxs Ermənistan enerji və təbii ehtiyatlar nazirinin müavini, “Enerqoimpeks” şirkətinin başçısı Ayk Arutyunyan həm də indiki baş nazir Karen Karapetyanın kürəkənidir. K.Karapetyan “Qazprom”un sədri A.Millerlə Yerevanda görüşdükdən sonra A.Arutyunyanı təcili olaraq İrana ezam etdi ki, qaz müqaviləsini imzalasın. Ermənistanın bu məsələdə tələsik İrana üz tutması göz qabağındadır. Səbəbini A.Millerin prezident S.Sərkisyanla keçirdiyi görüş barədə “Qazprom”un və prezidentin mətbuat xidmətlərinin yaydığı məlumatları diqqətlə oxumaqla başa düşmək olar: S.Sərkisyanın mətbuat xidmətinin yaydığı məlumatda qazın qiymətinin aşağı salınması prioritet müzakirə edilib. “Qazprom”un mətbuat xidmətinin yaydığı məlumatda isə vurğu yeni qazpaylama sxeminin üzərindədir. Ehtimal ki, Miller Ermənistan rəhbərliyini başa salıb ki, yaxın zamanlarda Ermənistandan Dağlıq Qarabağa qazın nəqli dayana bilər”.
Politoloq qeyd edib ki, hökumətin qazin qiymətini aşaği salmaqla bağli qəbul etdiyi qərar göstərdi ki, “Qazprom” Ermənistana satdığı qazın qiymətini aşağı salmaq niyyətində deyil:
“Qaz paylamanın yeni sxemi dedikdə isə yalnız Ermənistan respublikasının daxilində Rusiya qazının paylanması nəzərdə tutulub. Başqa sözlə Ermənistan aldığı qazı Ermənistan respublikası sərhədlərindən kənara, o cümlədən Dağlıq Qarabağa nəql edə bilməz. “Qazprom”un belə mövqeyi Ermənistanı İranla qaz tranziti barədə müqavilə imzalamağa vadar edir”.
Mübariz Əhmədoğlunun fikrincə, Ayk Arutyunyanın İranla qaz tranziti barədə memorandumu imzaladıqdan sonra verdiyi açıqlamada da bu özünü göstərir:
“İmzalanmış memorandumda əsas məsələ İran qazının tranzitidir. İran qazını Ermənistan üzərindən tranziti dedikdə o, “məsələn, Gürcüstana” ifadəsini işlədir. Ermənistan İran qazını yalnız Gürcüstana nəql edə bilər. Çünki Türkiyə və Azərbaycanın Ermənistan vasitəsilə İrandan qaz alması nonsensdir. Ayk Arutyunyan “məsələn, Gürcüstana” ifadəsini işlədirsə, deməli Ermənistan İrandan aldığı qazı digər hansısa istiqamətə nəql etmək niyyətindədir. Bu Dağlıq Qarabağdır. İranın bunu nəzərə alması çox vacibdir.
İran qazı baha olduğu üçün Ermənistan onu daxili bazarı üçün almayacaq. Ermənistanda qaz istehlakı ildə 80 milyon m3 azalır. İranın “Transqaz”-ın kəmərindən istifadə edərək işğal olunmuş Azərbaycan ərazilərinə qaz nəql etməsi mümkün olsa, bu İranı uzun müddət RF-in qarşısında gözü kölgəli edəcək.
Əsas məqsədin İran qazını Azərbaycanın işğal olunmuş ərazilərinə nəql edilməsi olduğu bəllidir. “Artsax”addəyişməsi də bəlkə həm də bunun üçündür.
Tehranın formalaşmış, yaxşı perspektivə malik İran-Azərbaycan münasibətlərinə kölgə salmaq niyyəti aydın sezilir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həm hərbi, həm də diplomatik aktivliyini pik nöqtəyə çatdırıb. Hərbi təlimlərlə yanaşı, Bakıya iki erməninin gəlməsi, Azərbaycan xalqından üzr istəməsi də Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinə, Ermənistana qarşı ən güclü diplomatik hücumları sırasındadır. Belə vəziyyətdə İranın Ermənistanla Dağlıq Qarabağa qaz tranziti barədə müqavilə imzalaması və ya buna əsas yaratması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ciddi əngəl olacaq”.
1news.az