Mübariz Əhmədoğlu: ABŞ prezidenti postunda Trampın Obamanı əvəzləməsi geosiyasətin hərəkətverici qüvvəsinə çevrilib
B.Obama prezidentliyin qalan müddətində (2017-ci ilin yanvarın 20-dək) Suriya böhranın həllində irəliləyiş əldə etmək istəyir. Suriya böhranı prezident B.Obamanın prezidentlik dövrünün məhsuludur. O, ATES-in Peru sammitində RF prezidenti V.Putinə yaxınlaşaraq onunla görüşdü.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ABŞ-dakı prezident seçkiləri, Suriya və Ukrayna məsələləri, eləcə də Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:
Suriya və Ukrayna məsələləri müzakirə edildi. Ağ Evin yaydığı məlumatdan bu iki böhranın həllində ümidsizlik elementini görmək olar. Amma ABŞ-ın 2016-cı ilin ortalarında aktuallaşdırdığı ideyanın yenidən müzakirə obyektinə çevrildiyini ehtimal etməyə daha çox əsas var. ABŞ Suriya məsələsində prioritetliyi ələ almağın qarşılığında RF-ə Ukrayna məsələsində güzəştə getməyə hazırdır. Hətta C.Kerri Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın liderliyini qəbul etməyə hazır olduqlarını bildirmişdi. Görünür ATES sammitində də belə qarşılıqlı güzəşt sxemi müzakirə edilib. Rusiyanın davranışında B.Obamanın variantı ilə razılaşdığı görünmür. Türkiyənin Suriyadakı qoşunlarının məqsədi ilə bağlı verdiyi paradoksal açıqlama da bu məntiqə söykənir. R.T.Ərdoğan B.Obamanın ən böyük arzusunu-Suriya prezidenti B.Əsədi devirməyi reallaşdırır, əvəzində kürd terrorçularına və dəstələrinə ABŞ dəstəyini tamamilə dayandırır və ya kürd məsələsinin gələcək taleyinin rıçaqını Türkiyənin əlinə vermiş olur.
Türkiyə prezidenti R.T.Ərdoğan Suriyaya qoşun yeritməkdə məqsədinin B.Əsədi devirmək olduğunu elan edən kimi RF bunu özünə çox böyük təhlükə kimi qəbul etdi və dərhal bu istiqamətdə fəaliyyətə başladı. V.Putin Türkiyə prezidenti R.T.Ərdoğanla dörd dəfə telefonla danışdı. RF Xİ naziri S.Lavrovun Türkiyəyə səfəri zamanı Türkiyə Xİ naziri M.Çavuşoğlu ilə görüşünün əsas müzakirə mövzusu bu məsələ oldu. R.T.Ərdoğan V.Putinlə son telefon danışığında Türkiyə ordusunun Suriyaya daxil olmaqda əsas məqsədinin şəxsə qarşı deyil, terrorçuluğa qarşı mübarizə aparmaq olduğunu bildirdi. Türkiyədə olarkən S.Lavrovun R.T.Ərdoğan tərəfindən qəbul edilməməsi ümumiyyətlə görüşməməsi faktı diqqəti çəkir.
V.Putin yeni seçilmiş ABŞ prezidenti D.Trampı təbrik etdi. Rəsmi Moskva ilə D.Trampın komandası arasında diplomatik əlaqələr qurulub. Hətta bu əlaqələrin prezident seçki kampaniyası dövründə olduğu da aşkarlandı. D.Trampın rahat prezident olacağı barədə RF-in heç bir təminatı yoxdur. D.Trampın Rusiya ilə sərt siyasət aparması daha çox ehtimal olunandır. Dövlət Katibliyinə, Müdafiə Nazirliyinə və strateji məsələlər üzrə müşavirliyə D.Trampın nəzərdə tutduğu şəxslərin böyük əksəriyyəti qatı antiRusiya şəxslərdir.
Yeni prezident D.Tramp “altılıqla” İran arasında imzalanmış nüvə müqaviləsini cıracağını bildirib. D.Trampın komandasında olan şəxslərin demək olar ki, hamısı antiİran əqidəli şəxslərdir. Hətta müdafiə naziri postuna nəzərdə tutulan “guduz köpək” ləqəbli С.Mattis İranı İŞİD-dən daha təhlükəli hesab edir. Onun fikrincə, Yaxın Şərqdə xaosun ən böyük mənbəyi İrandır. Respublikaçıların əlində olan konqresin hər iki palatası İrana qarşı on illik sanksiya qanunun yenidən qüvvədə qalmasına səs verdi. Hər iki palatada sanksiyaların lehinə verilən səslər demək olar ki, 100% həddindədir. Ona görə, B.Obamanın bu qanuna veto qoyması mənasızdır. Bunun əvəzində B.Obama administrasiyası İrana doğru müsbət addımlar atdı.
B.Obama İranla “Aerobus” şirkəti arasında sərnişin təyyarəsinin alqı-satqısına dair müqaviləyə qoyulmuş maneəni aradan qaldırdı. “Aerobus” Fransa şirkəti olsa da təyyarənin hazırlanmasında istifadə olunan bəzi detallar ABŞ-da istehsal olunur. ABŞ-ın sanksiyalarına görə, İranla “Aerobus” arasında müqavilə reallaşa bilmirdi.
OPEK-in neft istehsalını azaltmaqla bağlı qəbul etdiyi qərarda İranın istehsal kvotası azalmadı, əksinə artdı. Bu məsələyə Səudiyyə Ərəbistanın razılıq verməsi də diqqəti çəkir. Vəziyyətin İranın xeyrinə dəyişməsində ABŞ-ın rolunu ehtimal etmək olar.
D.Trampın prezident seçilməsi elan edildikdən sonra İranın milli valyutasının devalivasiyası sürətlənib.
D.Trampın antiİran mövqeyindən narazı qalan İran indi yenidən Rusiyaya tərəf üz tutdu. İran yenidən RF-i Həmədan aviabazasından istifadə etməyə çağırdı. İran bu ilin avqustunda Suriyada terrorizmə qarşı mübarizədə Həmədan aviabazasından istifadə etməyə RF-in Hərbi Kosmik Qüvvələrinə icazə vermişdi. Bir neçə gün sonra faktiki İran Rusiya təyyarələrini qovdu. Güman ki, bu ABŞ-ın təsiri ilə idi. ABŞ-la İran arasında antiRusiya mahiyyətli əlaqələr həmişə mövcud olub. İran prezidenti H.Ruhani ilə telefon danışığı zamanı V.Putinin Həmədan aviabazasından Rusiyanın yenidən istifadə etməsi təşəbbüsünə münasibət bildirməməsi də diqqəti çəkir. İran prezidenti H.Ruhani RF-lə İran arasında olan bütün maneələri aradan qaldırılacağına ümid etdiyini bildirdi.
Ermənistanın RF-lə artan hərbi əməkdaşlığı Gürcüstana ciddi təhlükədir.
Gürcüstanı Ermənistanın Rusiya ilə bağladığı Birləşmiş Qoşun Qrupu müqaviləsi və Ermənistanda “İskəndər” raketinin yerləşdirilməsi ciddi narahat edir. Narahatlıq əsaslıdır. Müqavilə şərtinə görə, Birləşmiş Qoşun Qrupu Rusiya və Ermənistana müharibə təhlükəsinin qarşısını almaq üçündür. Ermənistan təhlükəni Azərbaycan və Türkiyə tərəfdən, Rusiya isə Gürcüstan tərəfdən modelləşdirir. Münasibətlərin səmimiliyinə görə Rusiya Türkiyə və ya Azərbaycanın Ermənistana hücum edəcəyinə inanmayacaq. Amma Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsi, NATO gəmilərinin Gürcüstan limanlarına tez-tez yan alması müharibə təhlükəsinin Rusiya tərəfindən qavrayışını sürətləndirə bilər. Müqavilə şərtinə görə, Ermənistan da Rusiya ilə birlikdə Gürcüstana müharibə elan etməlidir. Ermənistan ərazisindəki “İskəndər” Bakı-Supsa kəmərini, Batumi və Poti limanlarını vura bilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri Ermənistana daha yaxın ərazidən keçir. Ona görə Gürcüstan narahatdır və heç bir ritorikaya yol vermədən tədbirlər gördüyü hiss olunur. “Gürcü Dəmir Yollarının” və Şimal-Cənub qaz kəmərinin 25 %-lik aksiyalarının satışa çıxarılması həm də bununla bağlıdır. Çox böyük ehtimalla hər iki strukturun səhmlərinin alıcısı Azərbaycan şirkətləri olacaq. Bununla da Gürcüstan özünün strateji təhlükəsizliyinin təmini istiqamətində vacib preventiv addım atmış olur. Hər iki şirkətin səhmlərinin satışa çıxarılması mövzusu yeni deyil. Ən azı üç dəfə bu məsələ qaldırılıb. Hətta London birjasında alqı-satqının təşkilinə qədər razılaşma əldə olunan vaxt olub. Amma sonradan rəsmi Tbilisi geri çəkilib.
İki strateji qurumunun 25%-lik səhmlərini satışa çıxarması yalnız iqtisadi məsələ deyil, həm də birbaşa təhlükəsizlik məsələsidir. Şimal-Cənub qaz kəməri Rusiya qazını Gürcüstan ərazisi vasitəsilə Ermənistana nəql edir. Bu qaz kəməri ətrafında Gürcüstan üçün üç istiqamətdən xoşagəlməz vəziyyət yarada bilir: a) Rusiya ilə Gürcüstan arasında Ermənistana qaz nəqli ilə bağlı köhnə müqavilənin müddəti 2016-cı ilin aprel ayından bitib. Yenisi imzalanmayıb. Kəmərdə nəql olunan qazın 10%-i natura ilə Gürcüstana çatır. Rusiya natura ilə qaz verilməsini dayandırıb, tranzit haqqını valyuta ilə ödəmək istəyir həm də kəmərin idarəçiliyində müəyyən qədər paya sahib olmaq istəyir. Bu isə Gürcüstanın Rusiya istiqamətindəki siyasətinə uyğun deyil. Eləcə də Gürcüstan yalnız natura ilə qaz almaqda maraqlıdır. b) Ermənistan ölkə daxilində qazın qiymətini aşağı salmaq barədə qərar qəbul edib. Qiymətin aşağı salınması üçün əsas mənbələrdən biri Gürcüstandan tranzit haqqını aşağı salmağı tələb etməkdir. Gürcüstan bu itkiyə də getmək istəmir. c) İran özündən kiçik dövlətlərə təzyiq etməyi milli atributa çevirən dövlətdir. Gürcüstandakı azərbaycanlıların beynini yumaqla İran Gürcüstanda özü üçün kontingent yaratmaq niyyətindədir. Bu sahədə işləri pis deyil. Hətta bəzi kəndlərdə uşaqlar məktəbə yalnız molla icazə verdiyi halda gedir. İran Gürcüstan üçün əlavə təzyiqlər barədə də düşünür. Ona görə qaz məsələsi İranın əlinə fürsət düşüb. Əgər “Qazprom” Gürcüstana təzyiq olaraq Şimal-Cənub kəmərində qaz nəqlini dayandırıb, Ermənistanı təmin etmək üçün İrandan qaz istəsə İran bu addımla razılaşacaq.
Yaranmış vəziyyət ən azı Gürcüstan üçün maliyyə itkisi ilə nəticələnə bilər. İndi “Şimal-Cənub” kəməri xüsusilə Azərbaycanda dəyərə malikdir. Rəsmi Tbilisi səhmləri satışa çıxarmaqla həm pul qazana bilər, həm də Azərbaycan şirkətini İran-Rusiya arasında gedən qaz danışıqlarına rəsmən qoşa bilər. Azərbaycan həm İran, həm də Rusiya üçün faktordur.
Gürcüstan əvvəlki illərdə Ermənistanın kommunikasiya və iqtisadi əlaqələrinə məhdudiyyətlər tətbiq etsəydi indi Ermənistan belə oyunlara gedə bilməzdi. Gürcüstan qarşısında antiGürcüstan oyunlara getməməklə bağlı rəsmi öhdəlik götürərdi. Ermənistan rəhbərliyi 2008-ci ilin avqust hadisələri zamanı Gürcüstana hücum etməklə bağlı Ermənistana təzyiq etdiyini, amma Ermənistanın bu oyuna qoşulmadığını etiraf etdilər. Ermənistan Gürcüstana qarşı müharibə etməməklə bağlı Rusiyanın təklifini rədd etməsini presedent kimi təqdim edir. Avqust müharibəsi cəmi 5 gün davam etdi. Əgər müharibənin müddəti bir az uzansaydı Ermənistan müharibəyə qoşulacaqdı.
Həm də o zaman Ermənistan Aİ-nin Şərq Tərəfdaşlıq Proqramının işə düşəcəyinə və bu proqramdan istifadə edərək təkcə Azərbaycan və Türkiyəni deyil, həm də Rusiyanı ciddi cəzalandıracağına möhkəm inanırdı. O zaman Ermənistan Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasını müzakirə edirdi. İndi Ermənistandakı Rusiya hərbi bazasının ömrü 49 il müddətinə uzadıldı. Birləşmiş Qoşun Qrupu barədə müqavilə imzalandı. Rusiyanın Ermənistanda 2-ci hərbi baza yaratması barədə fikirlər dövriyyəyə buraxılıb. Ermənistan indi Gürcüstanla sərhədlərinin mühafizəsini Rusiya qoşunlarına tapşırmaq məcburiyyəti qarşısındadır.
S.Sərkisyan Kremlin ssenarisini qəbul etməsinə baxmayaraq öz oyununu da aparacaq.
Rusiya Ermənistana etibar etmir. Onu nəzarət altına alır. Ermənistanın müstəqil xarici siyasəti olmayacaq, yalnız KTMT üzvü kimi Rusiya ilə müştərək xarici siyasət aparacaq. Ermənistanın ordusu da Rusiya tərəfindən nəzarətə götürülür. Bəlkə də Ermənistanın daxilində Rusiya Ermənistanın IV və V korpuslaını 102-ci hərbi hissəyə qatmaqla Ermənistanın ali baş komandanının tabeçiliyində olan ordunu zəiflədir. Birləşmiş Qoşun Qrupu haqqında imzalanmış sazişin fəlsəfəsi bundan ibarətdir. Bu fikirlərin lehinə olan arqumentləri təqdim edək:
Rusiyada erməni mənşəli milyarder, “Taşir” qrupunun başçısı Samvel Karapetyanın qardaşı Karen Sərkisoviç Karapetyan Ermənistan parlamentində spiker vəzifəsinə gətirilir. Bu barədə məlumat hakim dairələrdən mətbuata sızdırılıb. S.Karapetyanın qardaşı Karen hakim “Respublika” partiyasının qurultayında partiyanın 21 nəfərdən ibarət olan Mərkəzi şurasına üzv seçildi. Bu prezident S.Sərkisyanın baş nazir postuna “Qazprom” Karen Vilhelmoviç Karapetyanı təyin etməklə Moskvanı aldatmaq planın baş tutmadığını göstərir. ( Karen Karapetyan adlarının gələcəkdə daha tez-tez rast gəlinəcəyini nəzərə alaraq Samvel Kareni və Qazprom Kareni adlarından istifadə edəcəyik). Moskva Samvel Kareni Ermənistanda rəhbərliyə gətirir. S.Sərkisyanın yaranmış vəziyyətlə barışdığı hiss olunur. Çünki Moskvaya Kremlin planını qəbul etdiyini bildirdiyi üçün Kreml Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanı geri çağırdı. A.Abramyan Yerevanda mətbuat konfransı keçirdi. Səhhətində yaranmış problemlə əlaqədar qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini bildirdi. Təxminən 6 ay xaricdə (Rusiya və Ermənistandan kənarda) yaşayacağını bildirdi. Yaxınlarda S.Sərkisyanın baş nazir olacağını bildirməsi S.Sərkisyanın Kremlin ssenarisinə razılıq verməsinə baxmayaraq öz oyununu aparacağını da göstərir. Əks halda bu S.Sərkisyan olmazdı.
Amma indi Kremldən narazı təkcə S.Sərkisyan deyil, həm də baş nazir Karen Karapetyandır. S.Sərkisyan və “Qazprom” Kareni duet yaradıblar. “Qazprom” Kareni məhz “Respublika” partiyasını qəbul etmədiyinə görə Yerevan şəhərinin meri vəzifəsindən qovuldu. İndi baş nazir təyin olunduqdan sonra davranışından hakim “Respublika” partiyasına üzv olmayacağı başa düşülürdü. Yeni təyin etdiyi nazirlər də hakim “Respublika” partiyasına üzv olmağa meylli deyildir. Hətta güman etmək olar ki, K. Karapetyan öz adamlarını nazir təyin edərkən “Respublika” partiyasına üzv olmamaq məsələsi onların arasında müzakirə edilib. Amma Kremlin Samvel Kareni kartı təsdiqləndikdən sonra “Qazprom” Karen hakim partiyaya üzv oldu. Hələ ki, 2017-ci ilin aprel parlament seçkilərində aparıcı qüvvə “Qazprom” Kareni olacaq. Parlament seçkilərindən sonra o yenə baş nazir postunda qalacaq. Bu zaman artıq parlamentin spikeri qismində Samvel Kareni də oyuna qoşulacaq. 2018-ci ilin mayında S.Sərkisyanın prezidentlik müddəti başa çatanadək S.Sərkisyan və iki Karen arasında əsl erməni mübarizəsi gedəcəkdir. Nəticəni indidən söyləmək mümkün deyil. İki səbəbi var: a) Kreml istənilən anda Ara Abramyanı işə qoşa bilər. b) Ermənistanın daxilində ekstremal hadisələr baş verə bilər. Qərb bunda maraqlıdır.
Birləşmiş Qoşun Qrupu haqqında müqavilə Ermənistanın hərbi imkanlarını tam məhdudlaşdırılması anlamındadır. Birləşmiş Qoşun Qrupunun yaradılması təkcə xarici amillərlə deyil, həm də daxili amillərlə şərtlənir. Rusiya Birləşmiş Qoşun Qrupunun yaradılması ideyasını iyun ayında “Sasna srer” hadisələri zamanı yenidən diriltdi. Rusiya keçmiş Qarabağ döyüşçülərinin Ermənistanda ordunu nəzarətə götürəcəyindən və qonşu dövlətlərə qarşı istifadə edəcəyindən narahat idi. Ona görə, dərhal Birləşmiş Qoşun Qrupu haqqında danışıqlar üçün Ermənistana nümayəndə göndərdi. Birləşmiş Qoşun Qrupu Rusiya və Ermənistana müharibənin qarşısını alacaq, Ermənistanın bütün dövlətlərlə sərhədlərini qoruyacaq, müxtəlif hərbi xarakterli gərginliyin qarşısını alacaq. Ermənilər o cümlədən Rusiyadakı bəzi ekspertlər bu müqavilənin Azərbaycan və Türkiyəyə qarşı yönəldiyini iddia edir. Gürcüstana qarşı istifadə olunmayacağını bildirirlər. Reallıq isə tam fərqlidir. Ermənistanın 4 qonşusundan Rusiyanın yalnız Gürcüstanla problemi var. Gürcüstan ABŞ-ın hərbi bazasını yaratmaq niyyətindədir. NATO ilə Gürcüstan arasında hərbi əməkdaşlıq genişdir. NATO-nun hərbi gəmiləri tez-tez Gürcüstanın limanlarına daxil olur. Rusiya Gürcüstanın belə siyasətini özü üçün hərbi təhlükə kimi dəyərləndirir. Deməli müqaviləyə görə bu həm də Ermənistana hərbi təhlükədir. Ermənistan müqavilənin tələbinə görə, Gürcüstana hücum etməlidir. Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətləri çox yaxşıdır.
1news.az