Azərbaycan özünə böyük qardaş yox, böyük dost axtarışındadır - TƏHLİL
“Azərbaycan beynəlxalq aləmdə etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır”.
1news.az xəbər verir ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı müsbət imic ölkəmizə baş tutan səfərlərin sayının çox olmasında da öz əksini tapıb.
Təadüfi deyil ki, keçən il Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər edib. Bu o deməkdir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Bu görüşlər Azərbaycanın müxtəlif sahələrinə - iqtisadiyyat, texnologiya, elm, təhsil, səhiyyə, hərbi və.s - müsbət təsir göstərir. Bütün bunlar fonunda Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində irəliləyişə nail olmaqdır.
Ötən il aparılan siyasət nəticəsində vacib bir hadisəni qeyd etmək lazımdır. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupunun yaradılıb. Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bunu diplomatik uğurumuz kimi qiymətləndirmişdi.
Bundan başqa, Qoşulmama Hərəkatı da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul edib.
Politoloq Elxan Şahinoğlu deyir ki, İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və kontakt qrupunun yaradılması da Azərbaycanın torpaq bütövlüyünün bərpa edilməsinə dəstək mənasını daşıyır:
“Faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllinə maraq göstərmirlər. Amerikada Barak Obama 8 illik prezidenliyi dövründə bu məsələyə diqqət ayırmadı. Halbuki 3 həmsədrdən biri ABŞ-dır. Yeni prezident Donald Tramp adminstrasiyasının da Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərəcəyini zənn etmirəm.
Rusiyanın da mövqeyi bəllidir. Keçən il Ermənistana 200 milyon dollar həcmində silah-sursat verdi. Dünən də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da nə açıqlama verdisə, hamısı Ermənistanın xeyrinə idi. Buna görə də, Azərbaycan əsas dəstəyi İslam dünyasında, xüsusilə strateji müttəfiqləri olan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanında axtarmalıdır”.
E.Şahinoğlu Ermənistanla sıx əməkdaşlıq quran İslam ölkələri haqqında isə belə danışdı:
“İƏT-in bütün konfranslarında birmənalı olaraq Azərbaycana dəstək var. Amma reallıq bundan ibarətdir ki, bəziləri işağlı dövlətlə çox sıx münasibətlər qurublar. Bu, İƏT-in qəbul etdiyin sənədlərə ziddir. Lakin, düşünürəm ki, bu prosesdə Azərbaycan diplomatları da fəal olmalıdırlar”.
“Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev bir fikri vurğuladı ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmanı yarışı olmasından başqa, həm də Azərbaycan üçün siyasi əhəmiyyəti var. Üstəgəl, 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Bunları nəzərə alaraq, biz çalışmalıyıq ki, bu həmrəylik real praktikada özünü göstərsin. Yəni, əgər İslam ölkələri sənədlərdə Azərbaycanın əraz bütövlüyünü təsdiqləyirlərsə, çalışmalıyıq ki, bu, onların fəaliyyətlərində də olsun”.
Məsələn, əgər monitorinq qrupu, kontakt qrupu yaradılıbsa, biz onun fəaliyyətini sürətləndirməliyik. Özümüz maraq göstərməliyik”.
Politoloq bir xatırlatdı ki, Azərbaycan üç əsas strateji müttəfiqi ilə münasibətləri daha da sıxlaşdırmalı, onların həmin kontakt qrupun formalaşdırılmasında rol oynamasına nail olmalıyıq.
Millət vəkili Araz Əlizadənin sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu böyükdür və Cənab Prezidentin xarici siyasəti həyata keçirməsi bunun nəticəsidir:
“Prezidentimiz çox savadlı, bilikli, məntiqli diplomatdır. Azərbaycan azsaylı ölkələrdəndir ki, özünə böyük qardaş yox, böyük dost axtarışındadır. Bu dost da bərabərhüquqlu dost olmalıdır. Azərbaycan heç kəsin qabağında baş əymir və beynəlxalq aləmdə öz sözü var. Müxtəlif qurumlar və dövlətlərlə keçirilən görüşlər Azərbaycanın nüfuzunu qaldırır və bununla da bizə qarşı aparılan bir çox kampaniyalara layiqli cavab verilir”.
Fərid Ədalət