Tarixi qəbiristanlıq, Bitlis qalası, Botan vadisi və dadlı təamlar - Muş, Bitlis, Siirtdən REPORTAJ
27–31 oktyabr tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, eləcə də Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə media nümayəndələri üçün Türkiyənin Muş, Bitlis, Siirt və Batman şəhərlərinə səfər təşkil olunub.
1news.az-ın əməkdaşının da iştirak etdiyi səfər çərçivəsində jurnalistlər Türkiyənin dörd qədim şəhərinin tarixi irsi, zəngin mədəniyyəti, özünəməxsus mətbəxi və səmimi, qonaqpərvər insanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Muş, Bitlis və Siirt şəhərləri ilə bu reportajımızda tanış ola biləcəksiniz.
Səfərimizin ilk günü Türkiyənin kiçik, lakin tarixi şəhərlərindən biri olan Muşla başlayır. Şəhərin tarixinə nəzər saldıqda, burada Səlcuqlu dövrünün izlərini aydın şəkildə görmək mümkündür.
Muşda diqqətçəkən tarixi məkanlar arasında Muş qalası, Ulu məscid və tarixi Murad körpüsü xüsusilə fərqlənir. Demək olar ki, Türkiyənin hər şəhərində olduğu kimi, Muşda da qədim dövrlərdən bu günə qədər qorunub saxlanılan bir Ulu məscid mövcuddur.
Bələdçimiz Mustafa bəyin sözlərinə görə, qədim zamanlarda şəhər infrastrukturu məhz bu məscidlərin ətrafında formalaşırdı. Biz də Muşun tarixi kimliyini əks etdirən “Ulu Cami”sini ziyarət edirik. Bələdçimizin bildirdiyinə görə, kitabəsi olmasa da, yerli inanclara əsasən, məscid ilk dəfə 979-cu ildə Şeyx Məhəmməd-i Məğribi tərəfindən inşa edilib. Memarlıq xüsusiyyətləri diqqətlə araşdırıldıqda, binanın qədim bir quruluşun üzərində yenidən tikildiyi aydın şəkildə görünür.
Şəhəri yuxarıdan seyr etmək istəyənlər üçün Qala parkı ideal məkandır. Axşam saatlarında şəhərin işıqları yanarkən, Türkiyə bayrağının fonunda burada çəkilən fotolar unudulmaz xatirəyə çevrilir.
Muşdakı son dayanacağımız isə tarixi Murad körpüsü olur. Körpü şəhər mərkəzindən təxminən 12 kilometr məsafədə, Murad çayı üzərində yerləşir. XIII əsrdə Səlcuqlular dövründə inşa edilən bu körpü 1871-ci ildə Osmanlılar tərəfindən bərpa olunub. 143 metr uzunluğa, 5 metr enə və 12 tağa malik olan Murad körpüsü Muşun ən dəyərli tarixi abidələrindən biridir.
Tarixi qəbiristanlıq, möhtəşəm Van gölü və dağlar arasında gizlənən şəhər
Növbəti istiqamətimiz Bitlis şəhərinə olur. Burada ilk səfərimiz şəhərin Ahlat rayonunda yerləşən tarixi Səlcuqlu məzarlığına olur.
Yol boyu Van gölünün gözəl və heyrətamiz mənzərəsini izləyərək Ahlata doğru irəliləyirik. Gölün sakit maviliyi, dağların fonunda uzanan yollar sanki bizi zamanın dərinliklərinə aparır.
Ahlat — qədim şəhər, daşdan ucaldılmış bir tarix abidəsi kimi həm möhtəşəm, həm də sükunət dolu bir məkandır. Tarixən “İslamın qübbəsi” adlandırılan bu yer, Anadolu türklərinin ilk mədəni mərkəzlərindən biri kimi tanınır. 1071-ci il Malazgirt zəfərindən sonra Ahlat türklərin Anadoluda qurduğu ilk yaşayış və idarəetmə mərkəzlərindən birinə çevrilib.
Bu gün Ahlat həm tarixi abidələri, həm də Van gölünə açılan təbiət mənzərələri ilə ziyarətçiləri valeh edir.
Şəhərin ən diqqətçəkən nöqtələrindən biri — Səlcuqlu məzarlığıdır; o, orta əsrlərə aid dünyanın ən böyük Türk-İslam qəbiristanlığı hesab olunur. Qədim məzar daşlarının üzərindəki oyma naxışlar və kufi yazılar sanki daşların dili ilə Ahlatın minillik tarixindən danışır.
Ümumi sahəsi 21 hektar olan Ahlat Səlcuqlu Qəbiristanlığında müxtəlif formalarda təxminən 8200 qəbirdaşı mövcuddur. Onlardan 118-i abidə xarakterli məzar daşıdır. Qəbiristanlıqda həm başdaşı olan, həm də başdaşısız sanduqə tipli qəbirlər yerləşir. Buradakı bəzi qəbirlər Orta Asiya türk qəbir formalarına bənzəyir və yerin altına qazılmış kiçik otaqlar şəklində inşa olunub.



Hər bir daş — bir simvol, bir dua, bir yaddaşdır.
Günün sonunda Van gölünün qərb sahilində yerləşən Tatvana qayıdırıq. Tatvan, təbiətin sakitliyi və gölün maviliyinə açılan mənzərəsi ilə bölgənin dinc rayonlarından biridir. Tatvanın mərkəzində alış-veriş edə, möhtəşəmliyi ilə diqqət cəlb edən Van gölünün sahilində gəzinti edə bilərsiniz.
Səhəri gün isə Tatvandan Siirtə doğru yola çıxırıq. Yolüstü dağların qoynunda yerləşən qədim Bitlis şəhərinin mərkəzində dayanırıq. Şəhərə girərkən bizi əzəmətli Bitlis qalası qarşılayır. Qalaya getmək istəsək də, bildirirlər ki, restavrasiya işləri ilə bağlı girişə icazə yoxdur.
Bildirilir ki, qala Makedoniyalı İskəndərin komandirlərindən olan Badlis tərəfindən eramızdan əvvəl 312-ci ildə Bitlisdə inşa edilib. Elə şəhərin adı da bu komandirdən götürülüb.
Ardınca yaxınlıqda yerləşən Ulu Məscidə üz tuturuq. Bu məsciddə də Səlcuqluların izlərini görmək mümkündür.
Bələdçimiz deyir ki, Bitlis Ulu məscidi şəhərin mərkəzində yerləşən görkəmli tarixi abidədir.
“Mənbələrə görə, bu məscid 1153-cü ildə Səlcuq Sultanı Tuğrul bəyə tabe olan Mərvani hökmdarı Əbu’l-Müzəffər Məhəmməd tərəfindən inşa edilmişdir. Rus işğalı zamanı zərər görən abidə 1985-ci ildə əsaslı şəkildə bərpa edilmişdir. Ziyarətçilər burada həm tarixi memarlıq nümunələrini görə, həm də şəhərin zəngin mədəni irsi ilə tanış ola bilərlər”.



Siirt bazarı, əsrarəngiz Botan vadisi, büryan kababı, pərdə plov, kitet
“Yolçu yolunda gərək” deyib, Bitlisdən Siirtə doğru yola çıxırıq. Təxminən 1 saat sonra Siirtə çatırıq.
Getdiyimiz hər şəhər özünəməxsusluğu, abidələri, maraqlı yerləri, mədəniyyəti və tarixi ilə bizi təəccübləndirməyə davam edirdi.
Elə burada da bizim ilk dayanacağımız Siirtin tarixi Ulu Məscidi olur. Bu məsciddə qədim tarixə malikdir.
Əgər Siirtlə yaxından tanış olmaq istəyirsinizsə, o zaman şəhər mərkəzində yerləşən bazara baş çəkməniz.
Siirtə səfərimizin ən unudulmaz dayanacaqlarından biri Botan Vadisi Milli Parkı oldu.
Dərin kanyonları, sıldırım qayaları və əsrarəngiz mənzərələri ilə bu təbiət möcüzəsi sanki insanı öz sehrinə salır. Botan çayı boyunca uzanan vadi 2019-cu ildə Milli Park elan edilib və o vaxtdan bəri bölgənin ən çox ziyarət olunan ekoturizm məkanlarından birinə çevrilib.
Burada təbiətin sükutu ilə çayın axarının səsi birləşir. Qaya qartallarının səmada süzülməsi, dağ keçilərinin sərt qayalar üzərində hərəkəti Botan Vadisinə xüsusi bir ruh bəxş edir.

Vadinin yaxınlığında yerləşən Tillo qəsəbəsi və Siirt qalası isə bu bölgənin zəngin tarixi keçmişindən xəbər verir. Botan Vadisi bu gün yalnız təbiətsevərlərin deyil, həm də fotoqrafların, dağ yürüşü və paraşüt idmanı həvəskarlarının sevimli məkanına çevrilib.
Siirt bazarı və yun örtükləri
Siirtin mərkəzindəki tarixi bazar şəhərin ən canlı məkanlarındandır.



Burada ədviyyat, qurudulmuş meyvə, mis qablar və əl toxuması kilimlərlə yanaşı, məşhur Siirt yun örtükləri (battaniye) də satılır.
Bu örtüklər təbii keçi yunundan, ənənəvi taxta dəzgahlarda toxunur. Həm yüngül, həm də isti olan bu məhsullar keyfiyyəti və zərifliyi ilə tanınır. Siirt üçün yun örtük sadəcə məişət əşyası deyil, nəsildən-nəslə ötürülən bir sənət nümunəsidir.
Bazarda gəzərkən həm yerli sənətkarlığın, həm də Siirtin səmimi ruhunun hiss olunduğu aydın duyulur.
Dadlı təamlar
Səfərlərdə ən maraqlı məsələlərdən biri də getdiyimiz bölgələrin milli mətbəxidir. Bu baxımdan, axtardığınızı Siirtdə tapa bilərsiniz. Siirtə gəldinizsə, burada ilk növbədə büryan kababını dadmalısınız. Bu kababı digər kabablarla qarışdırmayın — tamamilə fərqli tərzdə, böyük əziyyət hesabına ərsəyə gələn büryan kababının dadı damağınızdan getməyəcək. Bundan başqa, pərdə plovu, kitel və dolma sizin damaq dadınızı oxşayacaq. Şirniyyat olaraq isə Varakkaak yemədən Siirtdən getməyin.



Növbəti reportajda Batman şəhəri və sular altında qalan tarixi Həsənkeyflə tanış ola biləcəksiniz.








