Mübariz Əhmədoğlu: Ermənistan Mehri dəmir yolunun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edə bilər
Mehri dəmir yolunun açılması Rusiya ilə Ermənistan arasında qapalı müzakirələrin ən aktiv seqmentidir. Xarici İşlər naziri E.Məmmədyarov Moskvada olarkən dəmiryolunun açılmasını Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinin elementi kimi göstərdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Mehri dəmir yolunun açılması ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Gürcüstan və Ermənistan baş nazirlərinin Tbilisi görüşündə “razılaşdırılan” alternativ komunikasiyalar mövzusunun blef olduğu bəlləndi. İranın Ermənistan istiqamətindəki son davranışları da Mehri dəmir yolunun açılmasını zəruri edir. Mehri dəmir yolunun fəaliyyətə başlaması kontekstindən Ermənistanın hökumətinin mövqeyində yeni yanaşmalar var:
Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar naziri V.Martirosyan iki vacib bəyanat verdi. Bu bəyanatların hər ikisinin alt mətni Azərbaycanla nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığı aktuallaşdırır:
Nazir V.Martirosyan alternativ kommunikasiya variantı kimi ölkəsinin Axalkalaki- Qars dəmir yoluna qoşula biləcəyini, bu məqsədlə Gürcüstana müraciət edəcəyini bildirdi. Qars-Axalkalaki dəmir yolu əslində Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yoludur. Bu dəmir yolu Azərbaycanın vəsaiti hesabına tikilir. Gürcüstan Azərbaycandan icazə almadan öz ərazisindən Ermənistanı bu dəmir yoluna qoşmamaq barədə öhdəlik götürüb.
Ermənistan hökuməti və bütün dünya erməniliyi Bakı-Tbilisi-Axalaki-Qars dəmir yolu marşrutunun əleyhinə ciddi kampaniya apardılar. ABŞ-ı və Aİ-ni də bu layihənin əleyhdarına çevirə bildilər. İndi Ermənistan bu dəmir yolu marşrutuna qoşulmaq niyyətini rəsmən ortalığa qoyur. V.Martirosyan Gürcüstanın öhdəliyi barədə məlumatlıdır. Ona görə nazir bu bəyanatı verərkən Azərbaycanla razılaşma ehtimalını nəzərə almamış deyil”.
Politoloq qeyd edib ki, nazir V.Martirosyan ölkəsinin alternativ marşrutlar axtarışında olduğunu bir daha təsdiqləyərək alternativ marşrut dedikdə təkcə Cənubi Osetiyanı nəzərdə tutmadıqlarını bildirdilər:
“Bu məsələ yenidir. Bir az izaha ehtiyacı var; Ermənistanda başa düşüblər ki, gürcü-abxaz dəmir yolu işə düşməyəcək. Beləliklə Ermənistanın Abxaziya ərazisi ilə Rusiyaya dəmir yolu əlaqəsi qurması mümkün deyil. Ona görə indi ermənilər Gürcüstanın digər işğal olunmuş ərazisi, Cənubi Osetiya vasitəsilə çıxış əldə etmək istəyirlər. Ermənilərin fikrincə, Abxaziya mövzusundan fərqli olaraq Cənubi Osetiya mövzusu daha az siyasiləşmiş məsələdir. Türkiyə faktoru Abxaziya məsələsini daha iri geosiyasi məsələyə çevirmişdi. Rusiya da Türkiyə faktoruna görə gürcü-abxaz dəmir yolunun işləməsindən müəyyən qədər ehtiyat edir.
Gürcüstanla Abxaziya arasında sərhəd strukturları tam formalaşdırılıb. Ermənilərin fikrincə, bu məsələlərin heç birisi Gürcüstanla Cənubi Osetiya münasibətlərinə aid deyil. Cənubi Osetiyanın beynəlxalq aləmdə heç bir populyarlığı yoxdur. Cənubi Osetiyanın Rusiyadan başqa arxasında dayana bilən başqa qüvvə mövcud deyil, sərhəd münasibətləri formalaşmayıb. Ona görə ermənilər Rusiyaya Cənubi Osetiya ərazisi vasitəsilə Ermənistandan RF-ə avtomobil və dəmir yolu çəkmək təklifini vermişdilər. Amma Gürcüstanın Abxaziyada olduğu kimi Cənubi Osetiyada da ərazi bütövlüyünü tanımaq şərtini irəli sürəcəyi şəksizdir”.
Mübariz Əhmədoğlunun fikrincə, Rusiyanın Gürcüstana təzyiqi, Ermənistanın antiGürcüstan oyunları regionda vəziyyəti gərginləşdirə bilər.
“Nəticədə ya Gürcüstana qarşı Rusiya və Ermənistan müharibə elan etməlidir və ya Ermənistanla Gürcüstan arasında bütün əlaqələr dayandırılmalıdır. Bu halda Ermənistan ciddi ziyan çəkə biləcəkdir. Ermənistanın yeni hökuməti Xəzər dənizindəki Ənzəli (İran) və Trabzon, Samsun (Qara dəniz, Türkiyə) limanları vasitəsilə Rusiya ilə nəqliyyat əlaqələrini qurmaq məsələsini ümumiyyətlə müzakirə etmirlər; İqtisadi baxımdan rentabelli deyil.
Rusiya Ermənistan ilə əlaqələrini İran və Türkiyə kimi güclü dövlətlərin vasitəsilə qura bilməz. Ona görə Mehri dəmir yolunun açılması az qala yeganə mümkün haldır. SSRİ dövründə Ermənistana daşıyan yüklərin 85 faizi Mehri dəmir yolu vasitəsilə daşınırdı. Mehri dəmir yolu Azərbaycan SSR-in mülkiyyəti idi. Ermənistanın Nəqliyyat Naziri Cənubi Osetiyadan kənar alternativ əlaqə variantı dedikdə, bu Mehri dəmir yolu əlaqəsidir”.
1news.az