Quba əhalisi məscidin sökülməsinin qarşısını necə aldı? - Misilsiz qəhrəmanlıq - FOTO
Yerli camaat 200 illik tarixi abidəni qorumaq üçün ağıla gəlməyən tədbirə əl atıb.
1news.az Sputnik-ə istinadən xəbər verir ki, Qubadakı Cümə məscidi zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biridir.
Tarixi mənbələrə görə, bu məscid 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib. Onun inşasının təxminən 1792-ci ildə başlandığı deyilir. Binanın tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. İnşaat prosesində rayon əhalisi fəal iştirak edib.
Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi (yəni qiblə olan tərəfi) Mədinə şəhərində olan "Quba" məscidində olduğu kimi işlənib.
Məscidin orta hissələrində sütunun olmaması memarın necə yüksək peşəkarlığa malik olduğunu göstərir. Sözügedən məscid memar Əbu Bəkir Əcəmi Əl-Naxçıvani tərəfindən inşa olunub. Bu məscid təkcə Qubada deyil, ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri olub.
SSRİ dağıldıqdan sonra məscid yenidən dindarların istifadəsinə verilib Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovetlərin gəlişindən sonra onun fəaliyyəti qadağan edilib. 1933-cü ildə burada fəaliyyət göstərən mədrəsə, məscidin minarəsi, sonralar isə digər yardımçı tikililər dağıdılıb.
Yerli camaatın verdiyi məlumata görə, məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağıdılmaqdan xilas etsinlər. Bir müddətdən sonra bura anbar kimi istifadə olunub. Daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilib.
Dini qurum kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Qısa müddət ərzində məscidin ətrafına şəbəkəli hasar çəkilib, su, kanalizasiya xətləri quraşdırılıb, dəstəmaz almaq üçün yer və mədrəsə tikilib. Məscidin ətrafı abadlaşdırılıb.
Türkiyənin Dini İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəliyi məscidə 5 min dollar dəyərində minbər bağışlayıb. Həmin qurum, qubalı dindarların xahişlərini nəzərə alaraq, burada hündürlüyü 50 metr olan minarə də inşa etdirib. Bu gün Cümə məscidi həm qubalıların inanc, ibadət yeridir, həm də 200 illik tarixin yadigarıdır. Bu məscid memarlıq üslubu ilə yanaşı öz maraqlı tarixi ilə də turistlərin diqqətini cəlb edir.
1news.az