Azərbaycanda cinayətkarlıq, narkomaniya və təhlükəsiz mühitdə yaşamaq hüququ: rəqəmlərdə

Hər bir valideyn üçün övladının təhlükəsizliyi önəmlidir.
1news.az xəbər verir ki, dövlətimiz də öz vətəndaşlarının təhlükəsizliyi üçün bir çox əhəmiyyətli addımlar atıb və bunun bəhrəsini bütün ölkə vətəndaşları görür. Buna baxmayaraq, bütün ölkələrdə olduğu kimi, ölkəmizdə də hər il müxtəlif cinayətlər törədilir. Hazırkı məqalədə bu cinayətlərin əsasən hansı kateqoriyadan insanlar tərəfindən törədildiyi barədə məlumatlar yer alır.
Bu sahədə Dövlət Statistika Komitəsinin 2025-ci ilin birinci yarısına hazırladığı “Azərbaycanda cinayətkarlıq” hesabatından aşağıdakı trendləri müşahidə edə bilərik ki, ilin 6 ayı ərzində cəmi 17049 cinayət hadisəsi qeydə alınıb:
Cinayətlərin 27.4%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Bunlar 65.8%-i satış məqsədi olmadan (şəxsi istifadə) kateqoriyasına aiddir;
Əvvəlki dövr ilə müqayisədə mülkiyyət, istifadə və ya icarə hüququnu pozma halları 3.6 dəfə, qanunsuz sahibkarlıq 2 dəfə, adam oğurluğu (əsasən qız qaçırtma) 36.4 faiz, quldurluq 22.9 faiz və s. artmışdır.
Bu cinayətlərə görə 2025-ci ilin 6 ayı ərzində ümumilikdə 7527 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bunlardan 52.4%-i işləməyən və oxumayan şəxslər; 36.59%-i narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətkarlar; 23.2%-i əvvəllər cinayət törətmiş şəxslər olub. Eyni zamanda, cinayət törətmiş şəxslərin sosial-demoqrafik təhlili göstərir ki, cinayət törətmiş 10502 şəxsin 73.2%-i 30 yaşdan yuxarı şəxslərdir, onların 92.6%-i ümumi orta və tam orta təhsillidir (yəni ali savadı olmayan şəxslərdir), 51.4%-i isə işləməyən və təhsil almayan şəxslərdir. Digər sözlərlə desək, cinayət törədənlərin yarısından çoxu təhsil ilə məşğul olmayan, işsiz adamlar olub və bu rəqəmlər 2020-ci ilin rəqəmlərindən çox fərqlənmir.
Adətən, insanlar narkoman və sərxoş adamdan ehtiyat edirlər ki, ağlı başında olmadığından, belələri istənilən cinayəti törədə bilərlər. Lakin, rəsmi statistika göstərir ki, cari ilin 6 ayında sərxoş şəxslər və narkotik təsiri altında olan şəxslər birlikdə cinayət törətmiş şəxslərin heç 1 faizini belə təşkil etməyib. Əksinə, cəmiyyət üçün daha çox təhlükəni əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər yaradır. Belə ki, bu kateqoriyalı şəxslər cinayət törətmiş şəxslərin təxminən 18%-ni təşkil edir. Bu o deməkdir ki, birincisi, cəza verilmiş şəxslərin ən azı 18%-i islah olunmayıb; ikincisi, əvvəllər məhkum olunmuş şəxslər cəmiyyət üçün daha çox təhlükə yaradır, nə inki sərxoş və narkomanlar.
Ölkəmizdə cinayətkarlığın qarşısı səmərəli şəkildə alınır. Statistikaya görə ən çox cinayət hadisələri paytaxtda baş verir və burada 3 ən çox cinayət törədilən rayon: Sabunçu (984 hadisə), Yasamal (828 hadisə) və Suraxanı rayonlarıdır (781 hadisə). Ölkə üzrə isə Abşeron rayonu (1066 hadisə), Sumqayıt (877 hadisə) və Gəncə (519 hadisə) bu statistikada öndədir.
Avropa Şurasının SPACE-I hesabatına əsasən, 2024-cü ildə ölkəmiz həbsdə olan şəxslərin sayına görə Avropa ölkələri arasında Türkiyədən sonra ikinci yer alıb. Bəs bu şəxslər əsasən hansı cinayətlərə görə məhkum olunublar? Cari ilin 6 ayında ən çox yayılan 2 növ cinayət aşağıdakı kimidir:
35.7% - mülkiyyət əleyhinə olan cinayətlər (bunun 35%-i oğurluq, 54%-i dələduzluq)
27.4% - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər (2020-ci ildə 29.6%).
2024-cü ilin yanvar ayına olan statistikaya görə, narkotiklərlə əlaqədar məhkum edilmiş şəxslər ümumi məhkum edilmiş şəxslərin 44.9%-i təşkil edir və təəssüf ki, bu rəqəmə görə ölkəmiz Avropanın 46 ölkəsi arasında birinci yerdədir.
Bu statistikaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, cinayətkarlığın və narkomaniyanın azaldılması üçün önəmli diqqət təhsilin inkişafına və məşğulluğun artırılmasına yönəldilməlidir. Bu səmtdə təhsil sahəsində aparılan islahatlar, narkomaniya ilə mübarizə istiqamətində görülən işlər bir müddət sonra öz təsirini göstərəcək. 17 sentyabr 2025-ci ildə Narkomaniyaya qarşı mübarizə üzrə 2025-2030-cu illər üzrə Dövlət Proqramının təsdiqi bu işlərin daha sistemli və səmərəli görülməsinə zəmin yaradır. Bu Dövlət Proqramının əsas məqsədi maarifləndirmə yolu ilə narkomaniyanın qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir. Ölkəmizdə narkomanların sayının artması dünyada baş verən artımın təzahürüdür. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi 2030-cu ilə qədər dünyada narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozlar vermişdir. 2000-ci illərdən etibarən hər 5 ildən bir ölkəmiz bu sahədə yeni proqramlar təsdiq və icra edir.
Məhəmməd Quluzadə, “Hüquq və İnsan Haqları İnstitutu”
publik hüquqi şəxsin İdarə Heyətinin sədr