Ər-Riyad sammiti: real təhlükələr, vədlər və çıxış yolu – Newtimes.az
Səudiyyə Ərəbistanının paytaxtında Ərəb-İslam-Amerika sammiti keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrinin liderləri iştirak ediblər. Sammitdə beynəlxalq terrorla mübarizə əsas müzakirə mövzusu olub.
Amerika Prezidenti Donald Tramp çıxışı zamanı bir sıra tezislər irəli sürüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bununla bağlı öz müsahibəsində qeyd edib ki, əslində, söhbət ABŞ rəhbərliyinin bütövlükdə xarici siyasətə korrektələr etməsindən gedir. O cümlədən Donald Tramp artıq Amerikanın başqa dövlətlərə öz həyat tərzini qəbul etdirməyəcəyini və onlara yardım edəcəyini bəyan edib. Bu, təbii ki, maraqlıdır, eyni zamanda, nəzərə almaq lazımdır ki, onları həyata keçirmək üçün güclü siyasi iradə lazımdır. Çünki indiyə qədər böyük dövlətlər terrorla mübarizədə ikili standartlara üstünlük veriblər. Əhəmiyyətlidir ki, sammitdə Azərbaycan Prezidenti də iştirak edib. Real olaraq, sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında əməkdaşlığın konkret modellərini Azərbaycanın dövlət başçısı bir neçə ildir ki, irəli sürür. Bunların diqqətə alınması ümumən dünya üçün ciddi faydalar verə bilərdi.
Beynəlxalq təhdidlər: obyektiv yanaşmaya olan ehtiyac
ABŞ Prezidentinin Səudiyyə Ərəbistanına səfərində Ərəb-İslam-Amerika sammiti xüsusi yer tuturdu. Son illər Birləşmiş Ştatların müsəlman aləmi ilə münasibətlərində xeyli problemlər yaranıb. İslam ölkələrinin Vaşinqtonun səmimiyyətinə ciddi şübhələri meydana gəlib. Amerikanın yeni administrasiyası həmin istiqamətdə vəziyyəti ciddi surətdə dəyişmək üçün addımlar atmaq qərarına gəlib. Bu səbəbdən Ər-Riyadda Ərəb-İslam-Amerika sammitinin təşkili aktuallıq kəsb edib. Bu tədbir həm də orada müsəlman ölkələri başçılarının iştirak etməsi ilə maraq doğururdu. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət olunmasının da xüsusi əhəmiyyəti var idi.
Məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət başçısı həm fərqli dinlər və sivilizasiyalar arasında əməkdaşlığın inkişaf etdirilməsində, həm də İslam həmrəyliyinin konkret məzmun kəsb etməsində ayrıca xidməti olan liderdir. Məhz Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə cəmiyyətdə tolerantlığa nail olmaq, dini ekstremizmi və radikalizmi zərərsizləşdirmək, təriqətlərarası və dinlərarası sülhü təmin etmək, sivilizasiyalararası dialoqa konkret məzmun vermək kimi fikirlər tez-tez səslənib. Ər-Riyad sammitində də eyni tezislər əsas olaraq irəli sürülüb. Bu o deməkdir ki, Azərbaycan Prezidenti sammitə real fəaliyyəti olan lider olaraq qatılıb.
Ər-Riyaddakı tədbir "Birlikdə güclüyük" devizi altında keçirilib. Təbii ki, aktual və reallaşmasına ciddi ehtiyac olan şüardır. Əlamətdardır ki, qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsi, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizə və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr bu deviz altında aparılıb. Özü də həmin müzakirələrdə çoxlu sayda ölkənin təmsilçisi iştirak edib. Yəni söhbət, faktiki olaraq, beynəlxalq koalisiyadan gedir. Əgər orada səslənən fikirlər həyata keçirilsə, heç şübhəsiz, ondan bütün dünya faydalanmış olar.
Burada Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sammitlə bağlı verdiyi müsahibədə vurğuladığı bir fikrə diqqət yönəltməkdə fayda vardır. Novruz Məmmədov ifadə edib ki, Donald Tramp tədbirdəki çıxışında qeyd edib ki, indiyə qədər həyata keçirilən xarici siyasətdəki bir sıra çatışmazlıqlar beynəlxalq miqyasda müəyyən problemlərin meydana gəlməsinə səbəb olub. Bu səbəbdən də strateji və taktiki olaraq müəyyən məqamlara yenidən baxılmalıdır. Novruz Məmmədov bunu Amerikanın xarici siyasətində yeni əlamətlərin özünü göstərməsi kimi qiymətləndirib.
Bu baxımdan, hesab edirik ki, Azərbaycanın təcrübəsindən də sammit iştirakçılarının yararlanmasında fayda vardır. Çünki rəsmi Bakının təşkil etdiyi tədbirlərdə irəli sürdüyü təşəbbüslərin hər biri konkret surətdə həyata keçirilmə mexanizmlərinə malikdir. Onlar əsasən Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatlarına əsaslanır. Burada regional və qlobal səviyyədə əməkdaşlıq formatlarından söhbət gedir. Məsələn, Azərbaycan regional miqyasda səmərəli olduğu artıq təsdiqlənən üçtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Bu əsasda Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Türkmənistan və Rusiya arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək mümkün olub.
Qlobal miqyasda isə TAP və TANAP çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılmış beynəlxalq əməkdaşlıq qrupu konkret səmərəli fəaliyyətini göstərməkdədir. "Cənub qaz dəhlizi"nin reallaşması istiqamətində atılan addımlar bunu tamamilə təsdiq edir. Onu vurğulayaq ki, həmin layihədə iştirak edən dövlətlər fərqli dinləri təmsil edirlər. Bu da dinlərarası və sivilizasiyalararası dialoqun konkret nümunəsi kimi qəbul edilə bilər.
Deməli, əgər həqiqi və səmimi istək olsa, qlobal miqyasda əməkdaşlığı inkişaf etdirmək, mədəniyyətlər arasında əməkdaşlığa nail olmaq mümkündür. Bu kontekstində Ər-Riyad sammitində səslənən fikirlər də maraq doğurub. Ekspertlər onları əsasən üç qrupda cəmləşdiriblər. Bu qruplar İslam ölkələri arasında sağlam və səmimi həmrəyliyi bərqərar etmək, məzhəblər arasındakı ixtilaflara, düşmənçiliyə və bütövlükdə dini radikalizmə son qoymaqdan, müsəlman, xristian və başqa sivilizasiyalar arasında əməkdaşlıq formatlarını təkmilləşdirməkdən və beynəlxalq terrorizmin bütün təzahürlərinə qarşı daha səmərəli üsullarla mübarizə aparmaqdan, regionlarda sabitliyi və sülhü bərpa etməkdən ibarətdir.
İslamofobiya və ikili standartlar: əsas maneələr "unudulur"
Tədbirdə Amerika Prezidentinin çıxışına maraq çox olub. Donald Tramp bir sıra düşündürücü tezislər irəli sürüb. O, ilk növbədə, ekstremizmlə mübarizənin vacibliyindən danışıb. D.Tramp mübarizənin xeyirlə şər arasında getdiyini deyib. Buna görə də hər hansı dini terrorla bağlamaq doğru deyil, əksinə, birləşib şəri məğlub etməliyik. ABŞ Prezidenti onu da qeyd edib ki, insanları Allahın adı ilə qətlə yetirmək, əslində, inanclı insanları təhqir etməkdir. Amerikanın dövlət başçısı vurğulayıb ki, ayrıca günahsız müsəlmanların öldürülməsinin, yəhudilərin təqib edilməsinin və xristianların qətlə yetirilməsinin qarşısını yalnız birləşərək almaq mümkündür. Bunu dünya əhalisi siyasi liderlərdən gözləyirlər.
Bizcə, maraqlı və əhəmiyyətli fikirlərdir. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Reallıqda müsəlman, yəhudi və xristian dövlətləri birləşib terrorun bütün növlərinə qarşı mübarizə apara bilirlərmi? Xeyr, qətiyyən birləşə bilmirlər! Səbəbi nədir? Bizcə, problemin əsas sualı da məhz bundan ibarətdir.
Çünki islamofobiya siyasətə dərindən işləyib, ikili standartlar dünyanın güclü dövlətlərinin xarici siyasətlərinin əsas meyarına çevrilib. Donald Trampın Ər-Riyaddakı sammitdə dedikləri ilə rəsmi Vaşinqton başda olmaqla Qərb dövlətlərinin həyata keçirdikləri xarici siyasətin real məzmunu arasında ciddi fərqlər vardır. Bunun üçün bir neçə nümunə göstərə bilərik.
Amerika Prezidenti Səudiyyə Ərəbistanına səfər edən zaman onun həyat yoldaşı müsəlman adətinə uyğun olaraq başını örtmədi. Lakin cəmi iki gün sonra Vatikanda katoliklərin adətinə uyğun şəkildə başını örtdü. Bu, özlüyündə kiçik detal ola bilər, lakin müsəlman ölkələri KİV-i bu məsələni vurğulayırlar.
Amerika terrorla mübarizə dedikdə bir dəfə də olsun erməni terrorundan bəhs etməyib. O, yalnız müsəlmanlara aid edilən müxtəlif terror təşkilatlarından danışır. Bəs 100 minlərlə türk, müsəlmanın həyatına son qoyan və xüsusi vəhşiliyi ilə seçilən erməni terrorundan niyə söz açmırlar? Onun ləğv edilməsi ilə bağlı tədbirlərdən bəhs etmirlər? Myanmadakı müsəlmanlara qarşı olan kütləvi qətliamı törədənlərin adı niyə çəkilmir? Dağlıq Qarabağda xüsusi vəhşiliklə terror törədən erməni və onların havadarlarının qətliamları niyə araşdırılmır? Bütün dünyanı İŞİD-in üzərinə qaldırırlar və bunun fonunda dinc müsəlmanları bombalarla qətlə yetirirlər. Bu da terror deyilmi?
FETÖ-nün başçısını Pensilvaniyada saxlayırlar, dövlət çevrilişi edənlərə himayəçilik edib, onları qoruyurlar. Bunun adı nədir? Nəhayət, D.Tramp Ər-Riyadda beynəlxalq terrorla mübarizədən bəhs edəndə, ABŞ-ın Ermənistandakı səfiri təcavüzkar dövlətin enerji sektoruna 8 milyard dollar sərmayə qoymaq imkanından bəhs edirdi. Dünyanın böyük dövlətlərinin heç biri (Türkiyə istisna olmaqla) Ermənistanın dövlət kimi terroru dəstəklədiyini və buna görə məsuliyyət daşımalı olduğunu dilinə gətirmir. Onlar erməni silahlı quldurlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması məsələsini qəti şəkildə qoymurlar.
Bu cür ayrı-seçkiliyin mövcud olduğu bir şəraitdə Ər-Riyadda nə qədər istəyirsən, sammit təşkil et, real nəticəsi ola bilməz. Amerikanın dövlət başçısı Ər-Riyada PKK-nın Suriyadakı qoluna külli miqdarda silah verməklə bağlı sənədə qol çəkəndən sonra gedib. Belə çıxır ki, Vaşinqton və onun əlaltıları hələ də terror deyəndə özlərinin maraqlarına uyğun olmayanları bu sıraya qatırlar. Real terrorçulara isə hərtərəfli yardımlar göstərirlər.
Özlüyündə Ər-Riyad sammiti əhəmiyyətlidir. Ən azından terrorun bütün dünya dövlətləri üçün ciddi təhlükə olduğu bir daha təsdiqləndi. İndi elə bir ölkə yoxdur ki, terror hadisəsindən sığortalana bilsin. Londonda baş verən son terror olayı da bunu bir daha nümayiş etdirdi. Avropa ölkələri, Rusiya, ABŞ və başqa dövlətlərdə baş verən terror aktları göstərir ki, bu məsələdə ayrı-seçkilik etmək ümumən dünya üçün təhdidlər yaradır. Həmin səbəblərdən beynəlxalq terrorla mübarizədə real təkliflər verən Azərbaycan kimi ölkələrin sözlərinə diqqət yetirmək lazımdır. Müxtəlif mədəniyyətlər, dinlər arasında real əməkdaşlıq yaratmaq fəlsəfəsini Azərbaycandan öyrənməyin faydası var. O halda sözün həqiqi mənasında bəşəriyyətdə əməkdaşlıq inkişaf edəcək və terrorun kökü kəsiləcək!
Newtimes.az