Metyu Brayza: “ABŞ və Rusiya razılaşmasa, Qarabağ məsələsi həll olunmayacaq”
“ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. O bildirib ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir:
“İndi bu ölkələr arasında demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq”.
Dağlıq Qarabağ münaqişəsinin regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneə olduğunu deyən keçmiş həmsədr Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini qeyd edərək əlavə edib ki, bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır.
M.Brayza atıq 10 ildir münaqişənin həlli ilə bağlı çərçivə sazişinin mövcud olduğunu xatırladıb:
“Bu, Madrid prinsipləridir və o prinsipləri axıra kimi aparmaq lazımdır. Lakin ABŞ və Rusiya prezidentlərinin şəxsi töhfəsi olmadan bu, mümkün deyil. Mən həmsədr olanda elə bir məqam baş verdi ki, biz irəli gedə bildik. Çünki bizim prezident Corc Buş və Rusiya prezidenti Dmitri Medvedev bu məsələyə diqqət ayırırdılar və töhfə verirdilər. Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov çox yaradıcı idi. Bunlar daha yaradıcı düşünmək üçün stimul yaradırdı. İndi isə nəinki Cənubi Qafqazla bağlı, ümumiyyətlə, dünya ilə bağlı siyasət yoxdur”.
Babək Cahandarov