Bakıda “Cənubi Qafqaz regionuna həsr edilən beynəlxalq konfrans keçirilib – FOTO
Bakıda “Caucasus International” (CI) jurnalının dərc edilməsinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə baş tutan konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun açılış nitqi ilə başlayıb.
Moderatorunun jurnalın baş redaktoru Azad Qəribovun olduğu “Cənubi Qafqaz və qlobal aktorlar: Qarşılıqlı əlaqələr, maraqlar və gözləntilər” mövzulu birinci paneldə SAM-ın direktoru Fərhad Məmmədov, Aİ – nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müşaviri və Siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin müdiri Denis Daniilidis, Rusiyanın “Valday” Forumunun Proqram direktoru Andrey Suşentsov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza və Çin Beynəlxalq Münasibətlər İnstitutunun Vitse-Prezidenti Xu Jian çıxış ediblər.
Moderatorunun “Caucasus International” jurnalının icraçı redaktoru Husrev Tabakın olduğu “Cənubi Qafqaz və qonşuluğu: Regional əməkdaşlıq və ortaq çağırışlar” mövzulu ikinci paneldə Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin Direktoru Alev Kılıç, Almaniyanın Boxum Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülh və Hərbi Münaqişələr Hüququ İnstitutunun direktoru Hans-Yoaxim Hayntze, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, İranın Şəhid Behişti Universitetinin Region Araşdırmaları İnstitutunun müəllimi Hamidreza Azizi, Gürcüstanda yerləşən Beynəlxalq Qara Dəniz Universitetinin müəllimi Georgi Mçedlişvili, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev olub.
Daha sonra tədbir regiona dair müxtəlif müzakirələrlə davam edib.
Babək Cahandarov