İtalyan nazir: Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi regionda sabitliyi gücləndirə bilər | 1news.az | Xəbərlər
Siyasət

İtalyan nazir: Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi regionda sabitliyi gücləndirə bilər

Qafar Ağayev14:42 - Bu gün
İtalyan nazir: Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi regionda sabitliyi gücləndirə bilər

“İtaliya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir, həmçinin münaqişədən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə kömək göstərməyə hazırdır”.

1news.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, görüş zamanı Ukrayna-Rusiya müharibəsi, İrandakı vəziyyət və Yaxın Şərqdə baş verən proseslər də müzakirə olunub.

"Biz Ukrayna ilə Rusiya arasındakı müharibəyə, İrandakı və Yaxın Şərqdəki vəziyyətə də toxunduq. Bu proseslər bizi də eyni dərəcədə narahat edir. Biz sülhün bərqərar olması üçün birgə işləmək istəyən iki ölkəyik. İqtisadiyyata və ticarətə böyük marağı olan dövlətlərik. Fransız iqtisadçı Frederik Bastianın tez-tez təkrarladığım bir fikri var: “Silahların keçdiyi yerdən mallar keçmir”. Bizim marağımız malların keçməsindədir. Buna görə də Yaxın Şərqdə, İran və ABŞ arasında, eləcə də Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması vacibdir".

A.Tayani Azərbaycan və Ermənistan arasında sülhə gətirib çıxaran dialoqu yüksək qiymətləndirdiklərini və dəstəklədiklərini vurğulayıb.

"Azərbaycan və Ermənistan arasında sülhlə bağlı dialoqu yüksək qiymətləndirir və dəstəkləyirik. Bu proses müxtəlif xalqlar arasında əlaqələrin yenidən qurulmasına və regionda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər. Biz mülki əhalinin təhlükəsizliyi ilə bağlı məsələlərə də xüsusi həssaslıqla yanaşırıq. Məhz buna görə də Azərbaycan və Ermənistan arasında münaqişənin baş verdiyi ərazilərin minalardan təmizlənməsi üçün maliyyələşməni artırmışıq. Dünyanın heç bir yerində uşaqların həyatının məhv edilməsinə, onların həlak olmasına və ya əlilliklə üzləşməsinə yol verilməməlidir. Bu baxımdan Azərbaycanın yanında dayanaraq ona kömək etmək üçün mümkün olan hər şeyi edirik. Bu sahədə təcrübəmiz, eləcə də texniki qruplarımız var".

İtaliya rəsmisi İran, ABŞ və İsrail arasında baş verən müharibə zamanı Azərbaycanın üzləşdiyi dron hücumları ilə bağlı ölkəsinin Azərbaycanla həmrəy olduğunu da bildirib.

O, həmin dövrdə İrandan çıxan İtaliya vətəndaşlarının tranzitinə şərait yaradılmasına və Tehrandakı İtaliya səfirliyinin müvəqqəti yerləşdirilməsinə göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.

"İran, ABŞ və İsrail arasındakı müharibə zamanı məruz qaldığı dron hücumlarına görə Azərbaycanla həmrəy olduğumuzu bildirmək istəyirəm. Hamımız sülh üçün çalışırıq və bu baxımdan yeni mərhələyə ehtiyac olduğunu yaxşı başa düşürük. İran paytaxtına qarşı hücumların ən ağır anlarında İrandan çıxan vətəndaşlarımızın tranzitinə şərait yaratdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür edirəm. Həmçinin Tehrandakı səfirliyimizin müvəqqəti yerləşdirilməsinə göstərilən köməyə görə minnətdarlığımı bildirirəm. Bunlar dostluğun və yaxınlığın konkret əlamətləridir".

A.Tayani Aralıq dənizi regionunda, xüsusilə Liviyada baş verən prosesləri də narahatlıqla izlədiklərini diqqətə çatdırıb.

Paylaş:
32

Son xəbərlər

Bütün xəbərlər