Ceyhun Bayramov: Azərbaycan Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarının olmamasını müsbət qiymətləndirir

“Azərbaycan Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndirir”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində tərəflər tərəfindən paraflanıb.
Onun sözlərinə görə, sazişin preambulası və 17 maddəsi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və sənəd ictimaiyyət üçün açıqdır.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan tərəfi sülh sazişinə son imzanı yalnız Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra qoymağa hazırdır.
O qeyd edib ki, bu, Ermənistanın daxili məsələsidir və prosesin nə zaman baş verəcəyini müəyyən etmək Azərbaycanın səlahiyyətində deyil.
Nazir Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsinin mətnini açıqlamasına da münasibət bildirib:
"Bu layihə ilə bağlı hər hansı şərh vermək istəməzdim. Bu, Ermənistanın daxili məsələsidir. Bizim üçün orada vacib olan yeganə məsələ yeni Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer almamasıdır. Açıqlanan mətnə əsasən, hazırda belə bir hal mövcud deyil. Biz bunu çox yüksək qiymətləndiririk".











