Onise Gerqadava: Ermənistan bölgədə sülhü və sabitliyi pozmağa cəhd edən ölkədir
Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan bir qrup məcburi köçkün iyunun 16-da Tbilisidə etiraz aksiyası keçirib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Abxaziyadan olan məcburi köçkünlərin yaratdıqları “İşğala qarşı hərəkat” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları metronun Marcanaşvili stansiyasından Ermənistan səfirliyinin binasının qarşısınadək yürüş ediblər. Səfirliyin qarşısında etiraz bəyanatı oxunub. “İşğala qarşı hərəkat”ın sədri Onise Gerqadava bəyanatı səfirliyin əməkdaşına təqdim edib.
O.Gerqadava jurnalistlərə müsahibəsində deyib: “Bu gün Ermənistan bölgədə sabitliyi və sülhü pozmağa cəhd edən ölkədir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalında ermənilər xüsusi fəallıq göstəriblər. İndi də həmin bölgələrə erməni ailələri köçürülür. Bu, yolverilməzdir və dünya birliyi buna hüquqi qiymət verməlidir”. O qeyd edib ki, Ermənistanın işğalçılıq və antigürcüstan siyasəti beynəlxalq müstəvidə də davam edir. Ermənistandan olan deputatların Avropa Şurasında qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması və doğma yurd-yuvalarına qayıtmaları barədə qərarın əleyhinə səs vermələri, eyni zamanda, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməmələri buna əyani sübutdur.
QHT sədri deyib: “Biz Ermənistan hökumətindən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyi və suverenliyinə hörmət bəsləməyi, Gürcüstandakı qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə etməyi və onların doğma-yurd-yuvalarına qayıtmaları barədə qərarı dəstəkləməyi, erməni ailələrinin zorla Abxaziya və Cənubi Osetiya ərazilərinə yerləşdirilməsinin dayandırılmasını tələb edirik. Əgər tələbimiz yerinə yetirilməsə, aksiyalarımız müxtəlif yerlərdə daha geniş davam edəcək”.
Qeyd edək ki, Ermənistan səfirliyinə təqdim olunmuş bəyanatı mindən çox məcburi köçkün imzalayıb.
S.Xankişiyeva