Araz Əlizadə: Avropa Parlamenti istintaq aparmayıbsa başqa istintaqın nəticəsini şübhə altına alması ağılsızlıqdır | 1news.az | Xəbərlər
Siyasət

Araz Əlizadə: Avropa Parlamenti istintaq aparmayıbsa başqa istintaqın nəticəsini şübhə altına alması ağılsızlıqdır

17:55 - 16 / 06 / 2017
Araz Əlizadə: Avropa Parlamenti istintaq aparmayıbsa başqa istintaqın nəticəsini şübhə altına alması ağılsızlıqdır

May ayının 29-da jurnalist Əfqan Muxtarlının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Gürcüstandan Azərbaycana gətirilməsi ətrafında ermənipərəst qüvvələrin oyunları səngimək bilmir. Belə ki, onlar hər vəchlə bundan ölkəmizə qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Xatırladaq ki, Ə.Muxtarlının saxlanılmasından az sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.

31 may tarixində Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ə.Muxtarlının saxlanılmasından az sonra ermənipərəst qüvvələr Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə və siyasi proseslərə təsir göstərməyə çalışdılar. Başqa cür ola da bilməzdi. Belə ki, heç bir siyasi çəkisi olmayan müxalif qüvvələr dağıdıcı fəaliyyətlərini davam etdirmək üçün xaricdəki havadarlarından maliyyə yardımı alırdılar. Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra isə onlar bu imkandan məhrum oldular. Belə olan halda onlar vasitəçilər, yəni, sərhəddən pul keçirən kuryerlər vasitəsilə vəziyyətdən çıxış yolu tapmağa çalışdılar. Ə.Muxtarlının saxlanılarkən üzərində xeyli miqdarda pulun aşkarlanması da dediklərimizə əyani sübutdur.

Beləliklə, maliyyə gəlirlərindən məhrum olan müxalif qüvvələr və onların havadarları Ə.Muxtarlının saxlanmasını siyasiləşdirməklə yenidən ölkəmizə qarşı təzyiq göstərməyə başladılar.

Avropa Parlamenti isə dünən Tiflisdəki gizli anti-azərbaycan qruplaşmasının liderlərindən biri hesab edilən müxalifətçi jurnalist Əfqan Muxtarlının məsələsi ilə bağlı “Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti” adlı qətnamə qəbul edib.

Avropa Parlamentindəki fraksiyalar əvvəlcə bu məsələ ilə bağlı hərəsi öz qətnamə layihəsini təklif etmişdilər. Lakin sonda yekun layihə üzərində razılığa gəlinib və səsverməyə çıxarılıb. Layihə səsvermədən keçib. Sənəddə Əfqan Muxtarlının “zorla qaçırılması”, yaxud “yoxa çıxması” ilə bağlı hərtərfəli araşdırmanın aparılmasına çağırılır.

Bu gün isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərək qeyd edib ki, cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.

“Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb”- deyə, H.Hacıyev vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da Avropa Parlamentinin sözügedən qətnaməsindən təəssüf hissi keçirdiyini, həmin sənədin uydurma faktlar əsasında hazırlandığını söyləyib:

“Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanıb”.

Z.Əsgərovun sözlərinə görə, adıçəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir.

“Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur.

2016-cı ilin sentyabr ayından Azərbaycanın "Avronest"də fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz.

Bunu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar”, - deyə Z. Əsgərov qeyd edib.

Millət vəkili Araz Əlizadə də 1news.az-a açıqlamasında Avropa Parlamentinin Ə.Muxtarlı ilə bağlı qətnaməsini absurd adlandıraraq, adıçəkilən qurumu Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırıb.

“Belə başa düşürəm ki, Avropa Parlamentinin nə işi var, nə gücü. Avropa Parlamentinin deputatları yaxşı olardı ki, əvvəl Gürcüstanda, sonra isə Azərbaycanda istintaq aparsınlar. Əgər istintaq aparmayıblarsa başqa bir istintaqın nəticəsini şübhə altına almaq ağılsızlıqdır. Belə bir atalar sözü var – “Yemədiyim xörəyin dadından danışa bilmərəm”.

Avropa Parlamentini ilk öncə Avropa İttifaqına daxil olan ölkələrdə olan hərc-mərcliyə son qoymağa çağıran A.Əlizadə Azərbaycanın Avropa İttifaqının üzvü olmadığını da xatırladıb:

“Avropa Parlamenti bacarırsa Avropa İttifaqına daxil olan ölkələrdə olan hərc-mərcliyə son qoysun. Həmin ölkələrin daxilində terrorizm, quldurluq, insan haqlarının pozulması halları baş alıb gedir. Bunlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti sakit, heç kəsə toxunmayan Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. Ən əsası isə unudur ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil”.

1news.az

Paylaş:
857

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər