Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı keçirilir - YENİLƏNİB
İyunun 16-da Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdış gününün – 15 iyun tarixinin Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edilməsinin 20 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis olunmasının 10 illiyinə həsr edilib.
Konfransda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizin 25 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb. Son illər Azərbaycanda bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan danışan ombudsman dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan Strateji Yol Xəritələrinin ölkəmizin yeni dövrün tələbləri əsasında daha sürətli inkişafını təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.
E.Süleymanova Azərbaycanın 80 milli və etnik qrupu təmsil edən tolerantlıq modelinin bütün dünyada təqdirlə qarşılandığını bildirərək deyib ki, beynəlxalq aləmdə, həmçinin idman ölkəsi kimi tanınan Azərbaycan ötən ay IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə dünyada tolerantlığın və multikulturalizmin inkişafına növbəti töhfəsini verdi. Çoxsaylı regional və beynəlxalq konvensiya və proqramlara qoşulan Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün zəruri normativ hüquqi baza formalaşdırılıb və bu istiqamətdə çox vacib tədbirlər həyata keçirilir, beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən danışıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov konfransda çıxış edib. Professor Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı.
Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi fəaliyyəti dövrünə konseptual baxımdan qiymət verən Əli Həsənov bu dövrü “fasiləsiz islahatlar və modernləşmə dövrü” kimi xarakterizə edib. Əli Həsənov bildirib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb.
Əli Həsənov vurğulayıb ki, bu dövr Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdardır. İlk növbədə, yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir.
Prezidentin köməkçisi Əli Həsənov, həmçinin bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb. Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, Davamlı İnkişaf Məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib.
Çıxışının sonunda Əli Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova ölkəmizdə ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd edərək, bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb və bunun əsasında qəbul olunan qərarlar bu nəticələrə nail olunmasında öz mühüm töhfəsini verir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında hazırda regionda və dünyada baş verən münaqişələrin ciddi əngəl törətdiyini qeyd edən Bahar Muradova bildirib ki, beynəlxalq hüququn prinsiplərinin aşkar şəkildə pozulması faktı ilə qarşılaşmasına baxmayaraq Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq bu sahədə vacib addımlar atır.
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində beynəlxalq və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının önəmini diqqətə çatdıran Milli Məclis sədrinin müavini bu baxımdan konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Bahar Muradova Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması istiqamətində ölkəmizdə zəruri qanunvericilik bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsində Milli Məclisin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Parlament sədrinin müavini bu istiqamətdə Azərbaycanda Milli Məclis ilə ombudsman təsisatı arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqlarının qorunmasını təmin edən institutlar arasında əlaqələndirmə işinin təşkili məsələlərindən danışıb. Bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün üzv dövlətləri insan hüquq və azadlıqlarının təmin olunmasına çağırır.
Qeyd olunub ki, BMT Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını alqışlayır. Bu, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə ən yüksək səviyyədə sadiq qaldığını nümayiş etdirir. Ölkəmizdə ombudsman təsisatının fəaliyyətindən məmnunluğunu diqqətə çatdıran Q.İshaqzai bildirib ki, BMT-nin Azərbaycandakı ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirləri fəal şəkildə dəstəkləyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova dayanıqlı inkişafın Azərbaycanda prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, ölkəmizdə gender bərabərliyi, ailə, qadın və uşaq məsələləri üzrə həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, müstəqilliyinin ilk illərində bütün sahələrdə tənəzzül, torpaqlarının işğalı ilə qarşılaşmasına baxmayaraq, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə əsas hədəflərə artıq nail olub. Bu məqsədlərə nail olunması istiqamətində digər ölkələrdən fərqli olaraq, Azərbaycanda mühüm qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdıran H.Hüseynova deyib ki, ölkəmiz bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşulub.
Diqqətə çatdırılıb ki, Azərbaycanda əhalinin yarıdan çoxunu təşkil edən qadınların cəmiyyətdə fəallığının artırılmasına, xüsusən qadın sahibkarların dəstəklənməsi və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qadın sahibkarların sayı qısa müddətdə 17 faizdən 24 faizə çatıb.
Ölkəmizdə ailə mühitinin daha da gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması, uşaqların sağlamlığı, təhsili və asudə vaxtlarının təmin olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd edən Komitə sədri bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. O, Dövlət Komitəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində yerli və xarici qurumlarla əməkdaşlığa böyük önəm verdiyini bildirərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq qurumların təmsilçilərinin də qatıldıqları konfransın təcrübə mübadiləsinin aparılması baxımından önəmini vurğulayıb. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan dövlət siyasəti çərçivəsində turizmin tərəqqisinə də xüsusi diqqət yetirildiyini qeyd edən nazir Prezident İlham Əliyevin Sərəncamına əsasən, Turizm Şurasının yaradıldığını xatırladıb. Bundan başqa, Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayan Ə.Qarayev bu sahədə IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələrin önəmini qeyd edib.
Diqqətə çatdırılıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən biri də mədəni audentiklikdir. Buna görə də Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, mədəni-mənəvi sərvətinin qorunması və onun dünyada təbliği mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində tarixi-mədəni irsimizin müxtəlif nümunələri BMT-nin bir sıra nominasiyaları üzrə qəbul olunub.
Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında tarixi-mədəni irsimizi məhv etdiyini diqqətə çatdıran nazir bildirib ki, bundan fərqli olaraq ölkəmizdə etnik və dini azlıqlara dair mədəniyyət abidələri dövlət səviyyəsində qorunur. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edən Ə.Qarayev bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan “Bakı prosesi”nin önəmini xüsusi vurğulayıb.
Açılışdan sonra konfrans işini plenar iclasla davam etdirib.
Moderatoru Elmira Süleymanova olan iclasda ombudsman “Azərbaycanda hüquq bərabərliyinin təmin olunması Dayanıqlı İnkişaf Məqsədləri kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Dayanıqlı inkişafda beynəlxalq əməkdaşlığın rolu və milli-mədəni dəyərlər” mövzusunda çıxışında bildirib ki, məlum olduğu kimi, hazırda dünyada bir çox mürəkkəb siyasi hadisələr, dini, etnik və ya digər zəmində münaqişələr baş verir, terrorizm dünyanın qarşılaşdığı ən böyük hədələrdən birinə çevrilib. Eyni zamanda, bəşəriyyət müxtəlif iqtisadi, sosial və ekoloji problemlərlə üzləşir, qloballaşma dövründə dünya xalqlarının mənsub olduğu spesifik milli-mənəvi xüsusiyyətlər və mədəni dəyərlər yox olmaq təhlükəsi altında qalır. Belə bir dövrdə dayanıqlı inkişafın təmin edilməsi məsələsinin gündəmə gətirilməsi, bu yöndə vacib prinsiplərin araşdırılmasına dair fikir mübadiləsinin aparılması zəruridir, çünki dayanıqlı inkişaf iqtisadi, sosial və ekoloji aspektləri əhatə etməklə hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin də tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin mili suverenitetinə təhlükə yaratmayan inkişafı nəzərdə tutur.
Qeyd edilib ki, dayanıqlı inkişafın təmin edilməsi üçün hər bir dövlətin əsaslandığı milli prioritetlər və milli icra mexanizmləri olsa da, dövlətlərarası əməkdaşlıq olmadan bəşəri davamlı inkişafa nail olmaq, o cümlədən Minilliyin İnkişaf Məqsədləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq qeyri-mümkündür. Buna görə, beynəlxalq səviyyədə dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir. Burada vurğulanmalı məqamlardan biri beynəlxalq əməkdaşlıq zamanı milli-mədəni dəyərlərə hörmət prinsipinin qorunub saxlanılmasıdır, çünki müxtəlif ölkələrin özünəməxsus tarixi, mədəniyyəti, mənəvi dəyərləri var və bunlara məhəl qoymadan uğurlu əməkdaşlığa nail olmaq mümkün deyil.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycan Respublikasının UNESCO ilə əməkdaşlığının əsas istiqamətləri” mövzusunda çıxışında qeyd edib ki, Bakıda ombudsmanların 14-cü beynəlxalq konfransının keçirilməsi yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda aparılan uğurlu işlərdən xəbər verir. Sevindirici haldır ki, bu cür tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanda reallaşdırılan layihələrin icrası ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə gender bərabərliyi ilə bağlı layihələrin həyata keçirilməsi üçün UNESCO üzrə Azərbaycan Milli Komissiyası vasitəsilə UNESCO-nun İştirak Proqramı çərçivəsində təşkilat tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə maliyyə dəstəyi ayrılıb.
Sonra Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Azərbaycanın dayanıqlı inkişaf modeli milli identiklik nöqteyi-nəzərindən” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, cəmiyyət tərəfindən inteqrasiyaya yönələn meyilin dərk edilməsi sosial sabitlik və rifah yaradır, bununla da inkişafın dayanıqlı olması təmin edilir. Bu səbəbdən siyasi və elmi diskurslarda ən əhəmiyyətli tezislərdən biri də milli cəmiyyətlərin inkişafının multikulturalizm bayrağı altında baş verəcəyi haqqında tezisdir. Bu tezis o dərəcədə vacib və imperativdir ki, hətta qlobal inteqrasiya fonunda milli dövlətlərin milli iqtisadiyyatlarının müdafiəsi və öz qüvvələri hesabına ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə mövqelərini itirmələrinə, eləcə də enerji təhlükəsizliyi, daxili və xarici siyasət məsələlərinin mürəkkəbləşməsinə baxmayaraq baş verəcək.
Diqqətə çatdırılıb ki, bu gün dayanıqlı, multikultural inkişafın parlaq nümunəsi müasir Azərbaycandır. Azərbaycan rəhbərliyinin müasir multikultural cəmiyyətin formalaşdırılması ilə bağlı iradəsinə söykənən siyasi qərarlar və Azərbaycan xalqının əsrlərin dərinliklərinə gedib çıxan tolerantlıq ənənələri elə bir durum yaradıb ki, həmin durumda multikulturalizmin alternativi yoxdur, çünki Prezident İlham Əliyevin sözləri ilə desək, alternativ ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Azərbaycanın multikultural modeli çərçivəsində mədəni müxtəlifliyi dəstəkləyən dövlət qərarları bu halda mədəni fraqmentləşməyə imkan vermir və ictimai inteqrasiyanın universal dəyərlərinə zidd deyil. Kompromisə nail olunur, çünki tərəflərin maraqları bir-birinə zidd deyil və bu, sıfır nəticəli oyun yox, çoxtərəfli qarşılıqlı fəaliyyətin və əməkdaşlığın, kooperasiyanın və ümumdövlət maraqlarının hamıya fayda verdiyi koalisiyalı bir oyundur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri və dini tolerantlıq” mövzusunda çıxış edərək dayanıqlı inkişafı zəruri edən amillərin mövcud olduğunu vurğulayıb. Komitə sədri deyib ki, dünyada baş verən soyuq müharibələr yeni başlanğıc mərhələnin əsasını qoydu. Planetimiz çox ciddi problemlərlə qarşı-qarşıyadır, Birləşmiş Millətlər Təşkilatı, UNESCO və digər beynəlxalq təşkilatlar bu problemlərin həlli üzərində çalışırlar. Həmin problemlərdən ən başlıcası odur ki, müharibə təhlükəsi bu gün də dünyada qalmaqdadır. Eyni zamanda, müasir dünyada ən ciddi problemlərdən biri terrorizm və onun törətdiyi fəsadlardır, həmçinin ekologiya ilə bağlı olaraq yaranan ziddiyyətlərdir. Dünyanın əsas çatışmazlıqları sırasında sosial bərabərsizlik də mövcuddur. Bütün bu məsələlərin həlli istiqamətində xeyli işlər görülür.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov “Ahıl və əlilliyi olan insanların potensialı və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təşkili dövlətin qarşıya qoyduğu başlıca vəzifədir. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi, milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, ahıl şəxslərin maraqlarına maksimum cavab verən sosial sistemin yaradılması istiqamətində xeyli işlər görülüb və bu işlər gələcəkdə də davam ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən respublika üzrə 12 min nəfərdən çox tənha ahıl şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Lakin indiyə qədər ahıllara evlərində göstərilən xidmətlər əsasən sosial-məişət xarakterli olub, bununla da onlar “Sosial xidmət haqqında” Qanunda nəzərdə tutulmuş sosial xidmətin digər növlərindən əhatəli şəkildə faydalana bilməyiblər. Bunun təmin edilməsi üçün Avropa İttifaqının texniki dəstəyi ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində yeni “sosial iş” modelinin tətbiqinə başlanılıb.
Konfrans sessiyalarla davam edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın moderatorluğu ilə keçən “Qloballaşan dünyada bərabərlik və inkişaf hüququnun təmin olunması” adlı sessiyada Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili Ülkər Bayramova, Türkiyənin baş ombudsmanı Şərəf Malkoç, Rusiya Federasiyası Tatarıstan Respublikasının insan hüquqları üzrə müvəkkili Sariya Saburskaya, Rusiya Federasiyası Kaluqa vilayətinin insan hüquqları üzrə müvəkkili Yuriy Zelnikov, Azərbaycan Milli Məclisinin deputatı, rus icmasının rəhbəri Mixail Zabelin, Rusiya Federasiyası Dağıstan Respublikasının insan hüquqları üzrə müvəkkili Ummupazil Omarova və Rusiya Federasiyası Başqırdıstan Respublikasının insan hüquqları üzrə müvəkkili Rim Kayumov çıxış ediblər.
Rusiya Federasiyası Tatarıstan Respublikasının insan hüquqları üzrə müvəkkili Sariya Saburskayanın moderatorluğu ilə keçən “Ayrı-seçkiliyin qarşısının alınmasında beynəlxalq və milli hüquq müdafiə mexanizmləri” adlı sessiyada isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, Özbəkistanın Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Səidbək Əzimov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış ediblər.
Çıxışlarda bildirilib ki, hazırda dünyada bir tərəfdən çox mürəkkəb və qarışıq siyasi proseslər cərəyan edir, digər tərəfdən isə dini və etnik münaqişələr, eləcə də iqtisadi böhranlar davam edir. Belə bir vəziyyətdə insan hüquqlarının təmin olunması məsələsi aktuallıq kəsb edir. Əfsuslar olsun ki, dünyada baş verən siyasi kataklizmlər, münaqişələr, təcavüzlər, insanların əsir və girov götürülməsi, eyni zamanda, öz doğma torpaqlarından didərgin salınması insan hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur. Digər tərəfdən, insan hüquqlarının təmin edilməsinin ciddi beynəlxalq mexanizmlərinin olmaması və ya səmərəliliyinin aşağı səviyyədə olması hər il on minlərlə insanın ölümünə gətirib çıxarır.
Qeyd edilib ki, bu gün törədilən terror aktları insan şəxsiyyətini, onun kimliyini, eləcə də mədəni keyfiyyətini heçə endirir. Bəşəriyyətin əsrlərdən bəri qurub yaratdığı maddi-mədəni irs nümunələri bir anda məhv edilir. Bu irs nümunələrinə sahib çıxmaq və onları yaşatmaq sadəcə aidiyyəti qurum və təşkilatların deyil, eyni zamanda, hər bir şəxsin insanlıq borcudur. Bu mənada, insan hüquqlarının, xüsusilə də mədəni hüquqların təmin olunması məsələləri həmişəkindən daha artıq aktuallıq kəsb etməlidir. İnsan hüquqlarının, xüsusilə də mədəni hüquqların təmin olunması istiqamətində beynəlxalq qurumlar daha çox səy göstərməlidirlər.
Konfrans işini iyunun 17-də başa çatdıracaq. Yekunda Bakı Bəyannaməsi qəbul olunacaq.
S.Xankişiyeva