Sahibə Qafarova: Terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində iyunun 29–da cari məsələlərə dair debatlarda “Terrorizmə qarşı Avropanın birgə mübarizəsi: uğurlar və uğursuzluqlar” mövzusu müzakirə olunub.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova debatlarda mövzu ilə bağlı fikirlərini bölüşüb.
O deyib ki, dünya siyasətinə və beynəlxalq münasibətlərə təsir edən başlıca amillərdən biri etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir və bu baxımdan milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə beynəlxalq münasibətlərin inkişafına, xalqlar və dövlətlər arasında əməkdaşlığın güclənməsinə və təhlükəsizliyə ən böyük təhdidlərdən birinin terrorizm olduğunu vurğulayan Sahibə Qafarova bu problemin bütün xalqlar və dövlətlər üçün aktual səciyyə daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Erməni terror təşkilatları tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub.
“Ermənistan Azərbaycan dövlətinə ekoloji, mədəni, humanitar terror törətməklə bu gün dəyəri milyard dollarla ifadə olunan ziyan vurub. Təəssüf ki, Ermənistan hakimiyyəti, Sarkisyan rejimi terrorçu mahiyyətindən bu gün də əl çəkmir və bu istiqamətdə məkrli fəaliyyətini davam etdirir. Ona görə də rəsmi Bakı beynəlxalq ictimaiyyəti ölkəmizin suverenliyinə, xalqımızın təhlükəsizliyinə, eləcə də regionun inkişafına qarşı ciddi təhlükə mənbəyinə çevrilən erməni terroruna qarşı adekvat və real mübarizənin aparılmasının vacibliyini gündəmə gətirir və beynəlxalq ictimaiyyəti bu prosesə töhfə verməyə çağırır”, - deyə S.Qafarova bildirib.
Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmin və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa qoşulub. Terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə imza atan Azərbaycan bu sahə ilə bağlı daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Azərbaycan sülhməramlıları Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgərlərlə çiyin-çiyinə xidmət göstərir və beynəlxalq təhlükəsizliyin təmin olunmasına töhfəsini verməkdə davam edir.
Azərbaycanlı deputat beynəlxalq terrorçu qruplaşmaların, hərbi separatçı hərəkatların, etnik və dini ekstremizmin, mütəşəkkil cinayətkarlıq şəbəkələrinin hazırda bütün dünya ictimaiyyətini ciddi şəkildə təhdid etməsindən söz açıb. Bildirib ki, Avropanın müxtəlif şəhərlərində son dövrlər baş verən dəhşətli terror hadisələri hamını kədərləndirir. Amma baş verən hadisələr bir həqiqəti də aydın şəkildə göstərir ki, nə qədər güclü imkanlara malik olunsa da, nə qədər ciddi təhlükəsizlik tədbirləri görülsə də heç kəs terrordan sığortalanmayıb. Başvermə səbəbləri və motivlərindən asılı olmayaraq, terror aktı bəşəriyyətə qarşı cinayət əməli kimi qiymətləndirilir.
“Bizi narahat edən digər bir məsələ isə dinlərin terrorizmlə əlaqələndirilməsidir. Bu, qətiyyən yolverilməzdir. Bütün dinlər müqəddəsdir və dinlər dünyada, sabitliyə, ədalətə, sülhə çağırır. Kifayət qədər həssas olan indiki məqamda dinlərin terror təşkilatları ilə əlaqələndirilməsi dünyada, eləcə də Avropada gərginliyi daha da artırır. Kimisə günahlandırmaqla mövcud şəraitdən xilas olmaq mümkün deyil. Əlbəttə, biz çox istərdik ki, bu gün burada Avropanın terrorizmlə mübarizə sahəsində qazandığı uğurlardan danışaq.
Ancaq təəssüf ki, burada da qeyd etdiyimiz kimi, son bir neçə ildə müşahidə etdiklərimiz, yüzlərlə insanın həyatına son qoyan, dövlətlərimizin iqtisadiyyatını sarsıdan ciddi terror hadisələrinin yaşanması qazanılan hansısa nailiyyətə kölgə salır. Terrorizm hazırda elə bir təhdid ünsürünə çevrilib ki, onunla mübarizə konkret milli dövlətin, aktorun və ya bir təşkilatın öhdəsinə buraxıla bilməz. Bu istiqamətdə ən ümdə və hətta həyati əhəmiyyət kəsb edən mübarizə yolu əməkdaşlıqdır”, - deyə S.Qafarova əlavə edib.
S.Xankişiyeva