Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ məsələsində RF-in mövqe dəyişikliyi müvəqqətidir və Ermənistanda yeni hərbi baza yaratması ilə əlaqəlidir
Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın cari mövqeyinin iki xarakteristikası var.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyilə bağlı xəbəri şərh edərkən bildirib:
“RF XİN ATƏT-in Minsk Qrupunun tam sahibidir. ABŞ və Fransa Rusiyanın bu qeyri-rəsmi statusu ilə razılaşıblar. Rusiyanın belə mövqeyi onun həm davranışında, həm də hazırladığı bəyanatlarda özünü göstərir. ATƏT MQ-nin son bəyanatlarının mətninin 90-95% -i RF XİN tərəfindən hazırlanır. RF XİN cari dövrdə Dağlıq Qarabağ prizmasından sırf ermənipərəst mövqe nümayiş etdirir.
Rusiyanın ermənipərəst mövqe nümayiş etdirməsinin də iki parametri var: ı. Rusiya qarşısına qoyduğu məqsədlərə nail olma ərəfəsində həmişə Dağlıq Qarabağ məsələsində Ermənistana doğru mövqeyini dəyişib. Bu bəzən yumşalma, bəzən Ermənistanın tənzimlənmədən yayınmasına şərait yaratmaq və bəzən də açıq şəkildə Ermənistanın maraqlarına cavab verən addımlar şəklində özünü göstərib. Bir neçə ay bundan öncə Rusiya üçün Ermənistan istiqamətində ən əsas məsələ daxili pasportlarla RF vətəndaşlarının Ermənistana səfərləri idi. Ermənistan buna imkan vermirdi. Nəhayət ki, Rusiya istəyinə nail oldu”.
Politoloqun fikrincə, hazırda Rusiyanın qarşısında Ermənistandakı hərbi bazasını keyfiyyətcə yeni, daha güclü mərhələyə qaldırmaqdır. Bunun üçün Rusiyanın əlində iki variant var:
“Yeni hərbi baza yaratmaq. Mövcud bazanı genişləndirmək. Ermənistan öz ərazisində Rusiyanın yeni hərbi baza yaratmasına razı deyil. Ermənistan rəsmiləri bunu aydın şəkildə bildiriblər. Ermənistan hətta Rusiyanın hərbi bazasının genişləndirilməsinin də əleyhinədir. Rəsmi Yerevan bunu açıq şəkildə ortalığa qoya bilməsə də yaxınlarda çox diqqət çəkən bir hadisə baş verdi; Gümrü şəhərinin də daxil olduğu Şirak quberniyasının kəndliləri, fermerləri Rusiyanın hərbi bazasında olan tankların onlara məxsus əkin sahələrini, otlaqlarını tapdalayıb sıradan çıxardıqları barədə narazılıq etdilər.
Rusiya üçün isə Ermənistandakı hərbi bazasının gücləndirilməsi hal-hazırda çox vacibdir. Ola bilər, gələcəkdə Qafqaz regionunda həm regional, həm də regiondan kənar proseslərlə əlaqəli daha güclü hərbi bazaya ehtiyacı yaransın. RF XİN-in Dağlıq Qarabağ tənzimlənməsində son mövqe dəyişikliklərinin etniki, korporativ motivasiyaları da istisna olunmur. Ona görə də şərhlərimizin olacağı təbiidir. Qonşulara münasibətin indiki konfiqurasiyasında Ermənistan özünü Rusiyadan asılı edib. Müstəqil siyasət aparmaq istəyən Ermənistan Azərbaycana, məhz Azərbaycana münasibətini dəyişməlidir”.
S.Xankişiyeva